Mərakeşdə
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə
açılan sərgidə Azərbaycanın mədəniyyəti
uğurla təmsil olunur
Mərakeşin Məhəmmədiyə şəhərində kral VI Məhəmmədin himayəsi ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın sənətkarların beynəlxalq sərgi-yarmarkasının rəsmi açılış mərasimi olmuşdur.
Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, açılış mərasimində ölkəmizin səfiri S.Ağabəyov, Məhəmmədiyə şəhərinin meri A.Dadis, burada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri, KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Azərbaycanın da təmsil olunduğu sərgi-yarmarkada Pakistan, Oman, Fələstin, Rusiya, Hindistan, Venesuela və digər ölkələrdən sənətkar qadınların əl işləri nümayiş etdirilir.
Martın 11-dək davam edəcək sərgi-yarmarkada Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kamilə Əliyeva, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, sahibkar qadın Afina Babayeva təmsil edirlər.
Sərgidə nümayiş etdirilən Azərbaycanın
müxtəlif rayonlarından olan tətbiqi sənət
ustalarının əl işləri, Nizami Gəncəvinin əsərlərinə
həsr olunmuş bəzək əl işləri, kiçik
xalçalar, milli yaradıcılıq nümunələri,
"Azərbaycan xalçaları öz qrupları" ilə
silsiləsindən Naxçıvan, Quba, Təbriz qruplarına
aid olan broşürlər böyük maraqla
qarşılanmışdır.
Azərbaycan.- 2012.- 8 mart.- S. 9.