Ukraynada Müslüm
Maqomayevin yaradıcılıq gecəsi olmuşdur
Ukraynanın Aleksandriya şəhərinin "Svetlopolsk" mədəniyyət sarayında Azərbaycanın böyük müğənnisi Müslüm Maqomayevə həsr edilmiş "Sən mənim melodiyamsan" adlı möhtəşəm konsert olmuşdur. Bu barədə AzərTAc-a Ukraynadakı Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzinin direktoru Yaşar Alxasov xəbər vermişdir.
İdeyanın müəllifi və konsertin prodüseri Kirovoqrad vilayət filarmoniyasının gənc və istedadlı solisti Yaroslav Straşnoydur. Konsertdə, həmçinin ümumukrayna estrada müsabiqələri laureatı Dmitri Klyuyev (rejissor və aparıcı), Kropivnitski adına Kirovoqrad vilayət teatrının aktrisası Lesya Buşmakina, "Svetlopolski" mədəniyyət sarayının solisti və ümumukrayna estrada mahnı festivalları laureatı Aleksandr Yakovlev və "Konsertino" kamera orkestri iştirak etmişlər.
Konsertdə Müslüm Maqomayevin məşhur kompozisiyaları - operalardan ariyalar, neapolitan mahnıları, rus və Azərbaycan bəstəkarlarının vokal əsərləri səsləndirilmişdir. Konsertin təşkilatçıları səhnə üçün özünəməxsus bədii tərtibat və dizayn düşünmüşlər: ulduzlu gecə fonunda ənginliyə məhəbbət dolu nəzərlərlə baxan Müslüm Maqomayevin portreti. Yuxarıda sol küncdə portretin ölçüsündə monitor quraşdırılmışdır. Hər dəfə növbəti mahnının və ifaçının adı elan edildikdən sonra orada "canlı" Müslüm Maqomayev görünərək elan edilmiş mahnının əvvəlini ifa etmiş, sonra ifaçı mahnını davam etdirmişdir. Buna görə də mahnıların orijinal müslümsayağı ifasından axıcı keçid solistlərdən yüksək professionallıq və artistizm tələb edirdi. Mədəniyyət sarayının ağzınacan dolu olan tamaşa salonuna toplaşanlar hər dəfə monitorda Müslüm Maqomayevin obrazı canlandıqda milyonlarla insanın sevimlisi olan böyük müğənninin xatirəsinə dərin hörmət əlaməti olaraq ayağa qalxaraq mahnının başlanğıcını susaraq dinləyirdilər. Hər mahnıdan sonra zaldakılar Müslüm Maqomayevi və solistləri alqışlayırdılar.
Bəzi mahnılar "Svetlopolsk" mədəniyyət sarayının rəqs qrupunun müşayiəti ilə ifa olunurdu. Konsertə vilayətin Azərbaycan diasporunun nümayəndələri qonaq kimi dəvət olunmuşdular.
Konsertdən sonra baş solist və təşkilatçı
Yaroslav Straşnoy demişdir: "Sağ olsun dünyaya, bizim hamımıza gözəl, nadir, məlahətli
səsi olan təkrarolunmaz müğənni
bəxş etmiş Azərbaycan
torpağı. Mən ona hədsiz dərəcədə
minnətdaram. O, mənim üçün
hər şey deməkdir, mən onunla nəfəs alıram, yaşayıram. Fəxri
xiyabanda onun məzarını
ziyarət etmək və Xəzər dənizi
dalğalarının müşayiəti ilə onun kimi oxumaq
üçün Bakıya gəlmək
istəyirəm".
Azərbaycan.- 2012.- 8 mart.- S. 10.