Elmar Qasımov Yerevanda yenidən Azərbaycan bayrağını qaldırdı

 

 Təəccüblənməyin, bu, həqiqətən, belədir. Ona görə ki, düşmən qalası üzərində öz bayrağını qaldırmaq və ya düşmənin bayrağını endirmək eyni anlayışlardır. Hər iki halda sən qalibsən. Lakin əgər öz torpaqlarını müdafiə edən insan bayrağı əldə tutaraq ölürsə o, qəhrəmandır. Əgər o, bayrağı tullayaraq döyüş meydanından qaçırsa o, yumşaq desək, qorxaqdır.

Bu gün məlum olmuşdur ki, Ermənistan Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirak etməkdən imtina etmişdir. Açığını deyim ki, bu fakt məni təəccübləndirmədi. Döyüş meydanından qaçmaq qədimdən ermənilərə xas olan ənənədir, onlar bu məsələdə bütün planeti qabaqlayırlar. 2006-cı ildə Yerevanın "Pyunik" futbol klubu Birlik Kubokunun yarımfinal matçında Azərbaycanın "Neftçi" (Bakı) komandası ilə oynamaqdan imtina etmiş, təşkilat komitəsində heç kəsə xəbərdarlıq etmədən Moskvadan Yerevana qaçmışdır. Ermənilərin bu halda nəyi əsas götürmələri o vaxt çoxları üçün müəmma kimi qalmışdı, axı idmanda həmişə tərəflərdən biri qalib gəlir, digəri uduzur. Lakin ermənilərin hərəkətlərində məntiq axtarmaq çox çətindir.

Düsseldorfda Azərbaycan dueti "Eurovision" müsabiqəsinin qalibi elan edilən kimi erməni təbliğat maşını növbəti müsabiqənin Bakıda keçirilməsini hörmətdən salmaq kampaniyasına başlamışdır. Bu 1 ildə Azərbaycana, onun vətəndaşlarına nə qədər qara yaxılmış, azərbaycanlıların guya qaniçən olması barədə nə qədər uydurmalar yayılmışdır... Bütün bunlar heç bir səmərə verməyəndə ermənilərin sonuncu arqumenti qalırdı - Bakıda keçiriləcək müsabiqəyə getməkdən imtina etmək.

Açığını deyim ki, erməniləri başa düşmək olar. Axı, nifrət etdiyin şəhərə gəlmək, həmişə öz gözəlliyi ilə məşhur olan Bakının daha gözəl, daha müasir olmasını, gülümsəyən, həyata sevinən şəhər sakinlərini görmək heç bir erməninin tab gətirə bilməyəcəyi mənzərədir. Axı, onlar bizim təmiz və gözəl şəhərimizdə gəzərkən onu Yerevanla müqayisə etməli olacaqdılar. Azərbaycanlıların orada yaşadığı dövrdə Yerevan da gözəl şəhər idi.

Bu müqayisələr ermənilər üçün çətindir, çünki təkcə Bakı küçələrinin yenidən qurulması üçün ayrılmış vəsaitin həcmi Yerevanın bütün büdcəsindən artıqdır. Azərbaycan Tibb Universiteti 1 milyon dollarlıq mikroskop aldığı halda, Noyenberyan rayonunun bütün səhiyyə sahəsinin büdcəsi bu məbləğdən xeyli azdır. Başqa heç bir müqayisə aparmayacağam, burada ermənilərin heç bir şansı yoxdur.

Azərbaycan cüdoçusu Elmar Qasımov 2009-cu ildə Yerevana getmiş, orada Avropa Çempionatının qızıl medalını qazanaraq Yerevanda ölkəmizin bayrağını qaldırmış və Azərbaycanın dövlət himnini oxumuşdur. O, döyüş meydanından qaçmadı, çıxış etdi və qalib gəldi...

Bu gün Qafqaz tarixində çox əlamətdar gündür. Bakıda səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili elan etmişdir ki, onun ölkəsi və Azərbaycan 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün sifariş verəcəklər. 2020-ci ilə hələ çox qalır. Bu müddətdə ermənilərin "qaniçən" gürcülər və azərbaycanlıların ünvanına nə qədər qara yaxacaqlarını təsəvvür edirəm.

"Hörmətli" qonşular!

Sizin Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi barədə demarşınız su stəkanında tufan qoparmaq cəhdindən artıq bir şey deyil. Sizdən başqa heç kəs bu barədə üç gündən çox yazmaz. May ayında Azərbaycanda bayram olacaq - azad, xoşbəxt xalqların bayramı. Özünüzü bu siyahıdan çıxaran və ölkənizin bayrağını qaliblərin ayaqları altına atan siz özünüz olmusunuz.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 8 mart.- S. 10.