Vyanada Minsk prosesinin 20 illiyinə həsr olunmuş konfrans keçirilmişdir

 

Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi (Aserbaidschaischer Akademischer Verein, ASAV) "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: ATƏT-in Minsk prosesinin 20 illik ildönümü" mövzusunda konfrans keçirmişdir.

Vyanada fəaliyyət göstərən Vebster Universitetində təşkil olunmuş konfrans ATƏT-də akkreditə olunmuş diplomatlar və Avstriyada təhsil alan xarici və azərbaycanlı tələbələr iştirak etmişdir.

Konfransda çıxış edən ASAV-nın nümayəndəsi bildirmişdir ki, Azərbaycan son zamanlar böyük inkişaf yolu keçmiş və etibarlı tərəfdaş statusunu qazanmış, regionda yüksəlişə nail olmuşdur. Lakin Ermənistanla davam edən münaqişə Cənubi Qafqaza, Avropada sülhə və təhlükəsizliyə təhdid törətməkdədir. Azərbaycanlı gənclər Minsk qrupu çərçivəsində 20 il ərzində uğursuz davam edən nizamlamadan məmnun olmadıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, nizamlamada yalnız beynəlxalq təşkilatların təşəbbüsünə arxayın olmaq düzgün deyildir. Xaricdə təhsil alan azərbaycanlı və erməni gəncləri arasında münaqişənin müxtəlif aspektləri ilə bağlı dialoqun aparılmasına hazır olduqlarını bildirmişlər.

Konfransda ABŞ-Azərbaycan Şurasının rəhbəri Cavid Hüseynov, siyasi şərhçi Vüqar Seyidov və Avstriyanın tanınmış hüquqşünası Gabriel Lansky spiker qismində çıxış etmişlər. Konfransda moderatorluğu Vebster Universitetinin beynəlxalq münasibətlər departamentinin rəhbəri Samuel R.Schubert etmişdir.

Konfransda üç əsas mövzu - Ermənistan-Azərbaycan münaqişəsinə beynəlxalq ictimaiyyətinin cavabı, Minsk prosesinin yaranması, inkişafı və hazırkı fəaliyyəti, münaqişənin həlli üçün Avropada mövcud olan muxtariyyətlərin müsbət təcrübəsi üzərində müzakirələr aparılmışdır.

Natiqlər münaqişənin tarixi, başlanması, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə bərabər eyni hüquqlara malik azərbaycanlı icmasının olması və bunun müxtəlif sənədlərdə artıq əks etdirilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüquqları və beynəlxalq təşkilatların bu istiqamətdə əməkdaşlıq imkanları məsələlərinə toxunmuş və həmçinin Avropa dövlətlərində mövcud olan muxtariyyətləri nizamlamada model kimi nəzərdən keçirmişlər.

Tədbirdə münaqişənin həll olunmadığı və müharibənin yenidən başlanmasına dair ehtimalların mövcudluğu fonunda, Minsk qrupu həmsədrlərinin hazırkı fəaliyyətinin münaqişənin dondurulmasına xidmət edə biləcəyinə dair narahatlıq ifadə olunmuşdur. Status-kvonun dəyişdirilməsində Azərbaycanın yeganə maraqlı tərəf olduğu qeyd edilmişdir. Bu baxımdan, danışıqlarda ab-havanın yaxşılaşdırılması və yaranmış dalan vəziyyətdən çıxmağa yardımçı olmaq üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında görüşlərin keçirilməsi təklif olunmuşdur.

 

 

 Elgün NİFTƏLİYEV

 

Azərbaycan.- 2012.- 8 mart.- S. 11.