Azərbaycan Prezidenti İlham Əliyev
Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata
keçirilən əsaslı təmir və yenidənqurma
işlərinin gedişi ilə
tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
Tofiq Bəhrəmov adına Stadionda görülən işlərlə bağlı dövlət başçısına məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 85 min 700 kvadratmetr olan stadionda əsaslı təmir və yenidənqurma işlərini Koreya Respublikasının "Samhoa" şirkəti həyata keçirir.
29 min 870 tamaşaçı yeri olan stadionda daha 2500 yer artırılacaq və nəticədə tamaşaçı yerlərinin sayı 31 min 200-ə çatacaqdır. Burada "ailə otağı" adlanan 16 xüsusi otaq inşa olunacaqdır.
Təzə inşa olunan tribunanın alt hissəsində 4 komanda üçün eyni vaxtda soyunub-geyinmə otağı tikilir. Tribunada mətbuat üçün kompyuterlərlə təchiz ediləcək 500 nəfərlik xüsusi yer ayrılacaqdır. Burada, eyni zamanda, 500 nəfər üçün VİP yerlər təşkil olunacaq və VİP restoran fəaliyyət göstərəcəkdir.
Stadiondakı oturacaqların tamamilə yenidən qurulacağı qeyd olundu. Bunun üçün bütün oturacaqların alt hissələrinin təzədən betonlandığı bildirildi. Stadionun su, kanalizasiya və işıqlandırma sistemləri tamamilə yenidən qurulacaqdır. FİFA-nın və UEFA-nın standartlarına uyğun olaraq stadionun hasarı boyu hər biri 250 nəfərlik yeni sanitariya qovşaqları inşa edilir. Stadionda əlavə olaraq üç yarımstansiyanın inşa ediləcəyi nəzərdə tutulur. Köhnə işıq dirəkləri söküləcək, yeni işıqlandırma sistemi oturacaqların üstündə xüsusi qurğulara birləşdiriləcəkdir. Oturacaqların üst hissəsini saxlamaq üçün 12 metr dərinlikdə dirəklər svaylarla bərkidiləcəkdir. Hər biri 200 tona qədər yükə davamlı olan bu dirəklər 90 ton yük götürəcəkdir.
Tikintidə əsasən Koreya və yerli inşaat materiallarından istifadə olunur. Yeni quraşdırılacaq konstruksiyanın üstü Almaniya istehsalı olan membran qatı ilə örtüləcəkdir. Stadionun girişində turniketlər qurulacaqdır. Əlavə tikinti işlərindən sonra meydandakı qaçış zolaqları yenilənəcək, meydanın ot örtüyünün alt hissəsində drenajlar və isitmə sistemləri quraşdırılacaq, ot örtüyü təzələnəcəkdir. Stadion əlavə kamera sistemləri ilə təchiz ediləcəkdir.
Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2012.- 10 mart.- S. 1.