Frederik Mitteran: Azərbaycana
səfərimin məqsədi ölkələrimiz arasında
mədəniyyət sahəsində əməkdaşlığın
daha da möhkəmləndirilməsinə
nail olmaqdır
Azərbaycana səfərimin məqsədi bir-birinə çox yaxın olan Azərbaycan və Fransa xalqlarının daha da yaxınlaşması, ölkələrimiz arasında əlaqələrin, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə nail olmaqdır.
Bu sözləri Bakıda səfərdə olan Fransanın mədəniyyət naziri Frederik Mitteran AzərTAc-a müsahibəsində demişdir.
F.Mitteran ölkəmizə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəvəti ilə səfər etdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, səfərim çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunacaq, Fransa incəsənətinin şah əsərlərini özündə əks etdirəcək "Fransa inciləri. Fransız incəsənəti Renessansdan bugünədək" sərgisinin açılış mərasimində iştirak edəcəyəm. Bu sərgidə Fransada intibah dövründən başlamış bugünədək yaradılmış incəsənət əsərləri nümayiş olunacaqdır.
Fransanın mədəniyyət naziri F.Mitteran sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Yaxın vaxtlarda
Azərbaycanın incəsənət əsərlərinin Fransada nümayiş
etdiriləcəyini bildirən F.Mitteran iki ölkə arasında mədəniyyət
sahəsində əməkdaşlığın bərabər
şəkildə inkişaf etməsindən
son dərəcə məmnun olduğunu söyləmişdir.
Azərbaycan.- 2012.- 10 mart.- S. 1.