Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı uğurla inkişaf edir

 

 Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycana işgüzar səfərə gələn Avropa Parlamentinin bir qrup deputatı ilə görüşüb.

Qonaqları salamlayan Oqtay Əsədov bildirdi ki, Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı uğurla inkişaf edir və bu cür səfərlər əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa sturukturlarına inteqrasiya təşkil edir. Eyni zamanda son illərdə Avropa Parlamentinin rəhbərliyində təmsil olunan şəxslərin ölkəmizə səfərləri bu əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir.

Oqtay Əsədov nəzərə çatdırdı ki, Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində fəal əməkdaşlığa üstünlük verir. "Şərq tərəfdaşlığı" proqramının parlament formatı olan Avronestin növbəti zirvə toplantısı da Bakıda keçiriləcək. Bu isə qurumla Azərbaycan arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqləyir.

Milli Məclisin Sədri ölkəmizin üzləşdiyi ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Bildirdi ki, bu münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 mühüm qətnaməsi, Avropa Şurasının, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının məlum qətnamələri hələ də yerinə yetirilməmiş qalır. Təcavüzkar Ermənistan tərəfi hələ də torpqlarımızı işğal altında saxlamaqla beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edir. Azərbaycan isə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. Lakin buna baxmayaraq, hərdən Azərbaycana qarşı ikili standartlara da yol verilir. Bu məsələyə  beynəlxalq hüquqi normalar çərçivəsində yanaşılmalıdır.

Oqtay Əsədov bildirdi ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qurupu uzun müddət fəaliyyət göstərsə də, konkret nəticə əldə olunmayıb: "Bizim bir milyondan çox qaçqınımız var. Amma yenə də münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bunu tək ATƏT-in Minsk qurupunun üzərinə atmalı deyil. Əgər beynəlxalq qınaq olarsa, məsələ həllini tapa bilər".

Azərbaycanla Avropa Parlamentinin əlaqələrinin dinamik inkişaf etdiyini deyən nümayəndə heyətinin üzvü Norbert Neuser bildirdi ki, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əlaqələr daha da intensivləşdirilməlidi. Onun sözlərinə görə, Azərbaycanın zəngin enerji resursları var və ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Avronestin Bakıda keçiriləcək toplantısının əhəmiyyətini vurğulayan qonaq əlavə etdi ki, bu tədbir münasibətlərin daha da dərinləşməsinə müsbət təsirini göstərəcək.

Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi apardılar.

 

 

Azərbaycan.- 2012.- 10 mart.- S. 2.