Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva Fransanın mədəniyyət
və kommunikasiya naziri Frederik Mitteranın rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür
Martın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Əvvəlcə qonaqlar Heydər Əliyev Fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşlar.
Nümayəndə heyətinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Qonaqlar dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar və fotoşəkillər ilə tanış olmuşlar. Nümayəndə heyəti ulu öndər Heydər Əliyevin fenomen şəxsiyyət, mahir diplomat, görkəmli siyasi xadim və nəcib insan olduğunu əks etdirən ekspozisiyaya maraqla baxmışdır.
Fondla tanışlıqdan sonra Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşmüşdür.
Heydər Əliyev Fondunda qonaqları salamlayan birinci xanım Mehriban Əliyeva onları burada görməkdən şad olduğunu dedi.
Görüşdə Heydər Əliyev Fondunun prezidenti martın 10-da Bakıda "Fransanın inciləri" adlı sərginin açılacağını və burada Fransanın ən möhtəşəm muzeylərinə aid kolleksiyalardan eksponatların təqdim ediləcəyini bildirdi. Birinci xanım Mehriban Əliyeva vurğuladı ki, bu sərgi Azərbaycanın mədəni həyatında mühüm hadisədir.
"Şadam ki, dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da Fransanın mədəniyyət qurumları ilə sıx əməkdaşlıq edir", - deyən Mehriban xanım Əliyeva qeyd etdi ki, Azərbaycan Fransada nazir Frederik Mitteranın dəstəyini hər zaman hiss etmişdir. Azərbaycanın birinci xanımı bu dəstəyə görə minnətdarlığını bildirdi.
Heydər Əliyev Fondunun prezidenti paytaxt Paris ilə yanaşı, Fransanın regionlarında da Azərbaycanla bağlı mədəni tədbirlərin keçirildiyindən şad olduğunu dedi, bu ilin sonunadək Fransanın regionlarında bir neçə tədbirin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. "Şübhəsiz ki, bütün bu tədbirlərin, görüşlərin məqsədi Azərbaycan və fransız xalqlarını bir-birinə daha yaxından tanıtmaqdır", - deyən birinci xanım Mehriban Əliyeva bu ilin aprelində Parisdə "Bakıya uçuş" adlı sərginin təşkil ediləcəyini diqqətə çatdırdı və nazir Frederik Mitteranı bu tədbirə dəvət etdi.
Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran birinci xanım Mehriban Əliyeva ilə görüşməkdən məmnun olduğunu bildirdi.
Heydər Əliyev Fondunun prezidentinin ötən il Fransaya səfərini xatırladan Frederik Mitteran keçirilən görüşlərin ölkələrimiz arasında dostluğa töhfə olduğunu vurğuladı.
Qonaq birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində mədəniyyət sahəsinin prioritet istiqamətlərindən birini təşkil etdiyini qeyd edərək bu sahənin əhəmiyyətindən danışdı.
Fransanın mədəniyyət və kommunikasiya naziri Bakıda "Fransanın inciləri" sərgisinin təşkilinə göstərilən dəstəyə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2012.- 10 mart.- S. 2.