Fransanın mədəniyyət
və kommunikasiya naziri
Müasir İncəsənət Muzeyindən
zəngin təəssüratlarla ayrılmışdır
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran martın 9-da Müasir İncəsənət Muzeyində olmuşlar.
Fransanın mədəniyyət və kommunikasiya naziri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa etdi.
Qonağa məlumat verildi ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bugünədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanmışdır.
Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov və bir çox digər tanınmış fırça ustası və heykəltəraşının əsərləri ilə tanış oldu.
Fransanın mədəniyyət və kommunikasiya nazirinə bildirildi ki, muzeyin Qərbi Avropa incəsənəti salonunda Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir.
Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir. Muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunəsi nümayiş etdirilir.
Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitterana Müasir İncəsənət Muzeyinin kataloqu təqdim olundu.
Frederik Mitteran muzeyin əməkdaşlarına təşəkkürünü bildirərək buradan zəngin təəssüratlarla ayrıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 10 mart.- S. 2.