Qədim
İçərişəhərlə tanışlıq
fransalı qonaqlarda zəngin təəssürat
doğurmuşdur
Bakıda səfərdə olan Fransanın mədəniyyət naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyətinin bir qrup üzvü martın 9-da İçərişəhərlə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, əvvəlcə fransalı qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılmışdır.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqların böyük marağına səbəb olmuşdur.
Elektromobillə gəzinti zamanı fransızlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Fransanın nümayəndə heyəti təndir çörəyinə qonaq edilmişdir.
Sonda fransalı qonaqlar Kiçik Qala küçəsində yerləşən
rəssam Əli Şəmsinin emalatxanası ilə
tanış olmuşlar.
Azərbaycan.- 2012.- 10 mart.- S. 2.