Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədə inkişaf edir

 

Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verdiyi ölkələrdən biriGürcüstan Respublikasıdır. Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir.

Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi amillərdən biri Gürcüstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Gürcüstan ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdi. Həmin dövrdən etibarən Gürcüstan-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Prezident İlham Əliyevin Gürcüstan Respublikasına və adıçəkilən ölkənin dövlət başçısının Azərbaycana səfərləri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Əldə edilən nəticələr deməyə əsas verir ki, Gürcüstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir. Rəsmi Tbilisi Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir.

Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin bu günlərdə Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. İki ölkə başçısının görüşündə Azərbaycan və Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, əlaqələrin bundan sonra genişlənəcəyi qeyd olunmuşdur. Prezident İlham Əliyev bildirmişdi: "Gürcüstan-Azərbaycan əlaqələri regional çərçivədən çıxıbdır və bu gün bizim birgə təşəbbüslərimiz artıq beynəlxalq əhəmiyyətə malikdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər mütəmadi qaydada həyata keçirilir. Mən çox şadam ki, Azərbaycan şirkətləri Gürcüstana iqtisadi sahədə böyük həcmdə investisiyalar qoymağa başlamışlar. Bu investisiyaların böyük gələcəyi vardır və keçən ilin göstəriciləri də çox müsbətdir. Aramızda olan mal dövriyyəsi sürətlə artır və əminəm ki, bu il də artacaqdır.

Enerji məsələləri bu gün yenidən müzakirə edildi. Bu məsələlər artıq yoluna qoyulubdur. Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa neft-qaz kəmərləri bölgənin geosiyasi vəziyyətini köklü şəkildə dəyişmişdir. Bu gün bu layihələr həm ölkələrimizin inkişafına xidmət göstərir, eyni zamanda enerji təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verir".

Prezident İlham Əliyev bu səfərin ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açacağını bəyan etmişdir. Səfər zamanı hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən birgə sazişlər imzalanmışdır. Bu sırada "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Ümumi hüququn hüquqi şəxsi - Gürcüstanın Milli Statistika Xidməti arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş"i qeyd etmək olar. İmzalanan sənədlər dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfələr verəcəkdir.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycan, Gürcüstan, Rumıniya prezidentlərinin, habelə Macarıstanın Baş nazirinin iştirakı ilə AGRİ ("Azerbaijan-Georgia-Romania Interconnector") layihəsi ilə bağlı Anlaşma Memorandumunun imzalanması da respublikamızın neftqaz kəmərlərinin şaxələndirilməsi sahəsində ardıcıl və məqsədyönlü siyasət yeritdiyini göstərir. Məlumat üçün bildirək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ layihəsinin reallaşması ilə bağlı Anlaşma Memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanmışdır. Sentyabrın 15-də isə Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ layihəsi çərçivəsində birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumuyeni şirkətin nizamnaməsinin layihəsi imzalanmışdır. AGRİ layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaqdır.

Azərbaycanın iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində respublikamızın aparıcı rola malik olduğunu deməyə əsas yaradır. Prezident Mixeil Saakaşvili Azərbaycanın region üçün nümunə dövlət olduğunu bildirmişdi: "Cənab Prezident, Sizin rəhbərliyinizlə bu gün Azərbaycan nəinki sürətlə inkişaf edən ölkədir, həmçinin regionun lideridir və həmçinin qlobal səviyyədə tanınan bir dövlətdir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarda öz maraqları əsasında fəaliyyət göstərir. Bu gün Azərbaycan artıq BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür.

Azərbaycan bütün məsələlərdə birmənalı olaraq müsbət rol oynayır. Biz istənilən məsələlərdə Azərbaycanın yardımını hiss edirik. Buna görə də ölkələrimizi birləşdirən münasibətlərin gücü məhz bundadır. Bu, əslində regiondakı sabitliyin və inkişafın təməl daşıdır. Bu, məhz Sizin fəaliyyətiniz, Sizin güclü iradəniz, Azərbaycan xalqının iradəsi əsasında baş verir. Siz həm daxildə, həm xaricdə əsl müstəqil ölkəsiniz. Siz regionda bir çox dövlətlər üçün nümunə ola bilərsiniz. Azərbaycan bizim üçün, həmçinin digərləri üçün yaxşı bir nümunədir".

Prezident Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə müsbət təsir göstərəcəkdir. Münasibətlərin hazırkı səviyyəsi deməyə əsas verir ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq daha böyük nəticələrin əldə olunmasına imkan yaradacaq.

 

 

Elnur HACIALIYEV

 

Azərbaycan.- 2012.- 10 mart.- S. 3.