Azərbaycanın
kənd təsərrüfatı sahəsindəki
uğurları və SSRİ dövründən miras qalan pestisidlərdən
istifadə vəziyyəti müzakirə edilmişdir
Martın 9-da kənd təsərrüfatı naziri İsmət Abasov Bakıda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın kənd təsərrüfatı sahəsindəki uğurları və SSRİ dövründən miras qalmış pestisidlərdən istifadə vəziyyəti müzakirə olunmuşdur.
Nazir ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin iqtisadiyyatın daha da yüksəlməsinə imkan verdiyini, Azərbaycanda dayanıqlı iqtisadi sistemin formalaşdığını və nəticədə ölkəmizin dünya iqtisadiyyatını sarsıtmış böhrandan minimum itkilərlə çıxdığını qeyd etmişdir.
Azərbaycanın kənd təsərrüfatında son 8 ildə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verən İ.Abasov diqqətə çatdırmışdır ki, ölkəmiz ümumi daxili məhsulun artımına görə dünyada lider mövqe tutaraq 2003-2011-ci illərdə iqtisadiyyatın 3 dəfə artmasına nail olmuşdur. Bu illərdə sənaye sahələri 4 dəfə, kənd təsərrüfatı 1,3 dəfə, tikinti sektoru 3,1 dəfə, nəqliyyat və ticarət 2,9 dəfə artmışdır. 2011-ci ildə ümumi daxili məhsulun bir nəfərə düşən həcmi 5571,6 manata və ya 7052,6 ABŞ dollarına çatmışdır. Yoxsulluq səviyyəsi isə bu müddətdə 37,1 faiz azalaraq 44,7 faizdən 2011-ci ildə 7,6 faizə enmişdir.
Nazir beynəlxalq təşkilatların Azərbaycanda aqrar sahəyə böyük maraq göstərdiyini, bu təşkilatlarla əlaqələrin və bir çox beynəlxalq qurumların proqram və layihələrinin ölkə iqtisadiyyatının inkişafına təkan verdiyini və Azərbaycanda kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı üçün münbit şəraitin mövcud olduğunu vurğulamışdır.
İ.Abasov Azərbaycanın 20 faiz ərazisinin erməni qəsbkarları tərəfindən işğal olunması nəticəsində müxtəlif zərərvericilərin ölkə ərazisinə daxil olduğunu və qarşı tərəfdən heç bir tədbirin görülməməsini qeyd edərək bu məsələnin Avropa Parlamentinin müzakirəsinə çıxarılmasının vacibliyini nəzərə çarpdırmışdır.
Avropa Parlamenti nümayəndə heyətinin üzvü Bas Eickhout bildirmişdir ki, səfərin əsas məqsədi Avropa Parlamenti ilə əlaqələrin daha da inkişaf etdirilməsi və 3 əsas məsələni - enerji, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfələrini vermək və pestisidlərin istifadə vəziyyətini müzakirə etməkdir.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev Azərbaycanda köhnəlmiş pestisidlərin idarə olunması haqqında nümayəndə heyətinə ətraflı məlumat vermiş və bu sahədə fikir mübadiləsi aparılmışdır.
Nazir İ.Abasov
pestisidlərdən istifadə sahəsində Avropa
parlamentariləri ilə sıx əməkdaşlığa bundan sonra da
diqqət yetiriləcəyini vurğulamışdır.
Azərbaycan.- 2012.- 10 mart.- S. 3.