Xarici İşlər
Nazirliyində Avropa parlamentinin üzvlərindən ibarət
nümayəndə heyəti ilə görüş
Martın 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa parlamentinin üzvləri Bas Eickhout, Dan Jorqensen, Norbert Neuser və Belçika parlamentinin üzvü Alen Destexdən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi Azərbaycan ilə tanışlıq, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu və Avropaya inteqrasiya sahəsində irəliləyişlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər, həmçinin qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələr aparmaqdır.
Nazir E.Məmmədyarov parlament diplomatiyasının əhəmiyyətindən danışmış, parlament üzvlərinin səfərlərinin bu əlaqələrin inkişafına töhfə verdiyini bildirmişdir. 20 illik müstəqillik tariximizdə ölkəmizin keçdiyi yol barədə qonaqlara məlumat verən xarici işlər naziri Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlardan danışmışdır.
E.Məmmədyarov regionda gedən siyasi proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə Avropa parlamentinin nümayəndələrinə ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı
maraq doğuran məsələlər barədə fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.- 10 mart.- S. 3.