ABŞ Dövlət katibi Hillari Klintonun cavab məktubu erməniləri yenə də məyus etmişdir

 

 AzərTAc xəbər verir ki, ABŞ Dövlət katibi xanım Hillari Klinton Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni milli konqresinə yazdığı cavab məktubunda bir dəfə də olsun qondarma "erməni soyqırımı" ifadəsini işlətməmişdir.

Qeyd edək ki, ABŞ Dövlət katibi yanvarın 26-da qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı Fransa Senatının qəbul etdiyi qanuna münasibət bildirmişdir. H.Klinton demişdir ki, söz, fikir və ifadə azadlığını məhdudlaşdıran qanunların qəbulu heç bir demokratik ölkəyə yaraşmır və Fransaya beynəlxalq aləmdə hörmət gətirməyəcək. ABŞ-da buna bənzər qanunlar heç  zaman qəbul edilməz.

Bundan sonra ABŞ-dakı erməni milli konqresi Dövlət katibinə məktub yazaraq ondan söylədiyi fikirləri geri götürməyi tələb etmişlər.

H.Klinton isə cavab məktubunda öz mövqeyində qaldığını bir daha nəzərə çatdıraraq qeyd etmişdir ki, keçmişdə baş vermiş hadisələri siyasətçilər yox, tarixçilər araşdırmalıdır və bu cür məsələlər müasir zamanda dövlətlərarası əlaqələrə mane olmamalıdır.

Dövlət katibi Türkiyə və Ermənistanı bir yerdə problemi aradan qaldırmağa çağırmışdır.

 

 

Azərbaycan.- 2012.- 10 mart.- S. 3.