FHN ilə BMT-nin İnkişaf Proqramı arasında layihə imzalanmışdır

 

Martın 9-da Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin ölkəmizdə rezident-əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Fikrət Akçura ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzərTAc-a bildirmişlər ki, görüşdə K.Heydərov FHN və BMT-nin İnkişaf Proqramı arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə etmiş və münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud potensialdan geniş istifadə olunmasının zəruriliyini qeyd etmişdir.

Qonaq aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Görüşdə FHN ilə BMT-nin İnkişaf Proqramı arasında "Qlobal İqlim Təşkilatı" tərəfindən təsdiqlənmiş "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsi imzalanmışdır.

Layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı hazırlığını artırmaqdır.

Söhbət zamanı FHN ilə BMT İnkişaf Proqramı arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 10 mart.- S. 3.