Böyük qayğıdan doğan uğurlu diaspor
missiyası
Bəşər
sivilizasiyasının ən qədim beşiklərindən
sayılan Azərbaycan bu gün beynəlxalq hüququn müstəqil
subyekti olaraq inkişaf yolunda böyük uğurlara imza ataraq
inamla irəliləyir. Yeni müstəqillik
tarixinin qısa zaman kəsiyini əhatə etməsinə
baxmayaraq, bu müddət ərzində vətənimiz
dünya birliyində öz layiqli yerini tutmağı
bacarmışdır. Xalqımızın
öz hüquqlarını suveren şəkildə
reallaşdırması artıq dönməz xarakterə
malikdir və bu, hər bir həmvətənimizə müstəqil
Azərbaycanın xoşbəxt gələcəyinə daha
böyük nikbinliklə, inamla baxmağa əsas verir. Azərbaycan iqtidarının müəllifi
olduğu möhtəşəm müvəffəqiyyətlər
dünyanın hansı bölgəsində
yaşamalarından asılı olmayaraq bütün
soydaşlarımızın qəlbində böyük
qürur və iftixar hisləri doğurur. Onlar
dünya azərbaycanlılarının tarixi vətəni olan
Azərbaycanla bağlılıqlarını daha güclü
hala gətirir, ölkəmizin daha da qüdrətlənməsinə
töhfə verməyi fəaliyyətlərində prioritet
istiqamətlərdən birinə çevirirlər.
Birmənalı
şəkildə qəbul olunmuş həqiqətdir ki,
ölkəmizin dinamik inkişaf yolunda qazandığı
uğurlarda Azərbaycan amalını hər zaman ən
ülvi dəyər olaraq qəbul edən həmvətənlərimizin
də özünəməxsus payları var. Dünyanın
dörd bir yanında yaşayan soydaşlarımızın
müstəqil Azərbaycan uğrunda fəaliyyət göstərmələri,
bu məqsədlə təşkilatlanaraq daha güclü
olmaları isə xoş əməllərilə adını
xalqmızın qəlbinə əbədilik həkk edən
ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə
bağlıdır. Məhz ulu öndərin məqsədyönlü
siyasəti son 19 il ərzində dünya
azərbaycanlılarının tarixi vətənləri ilə
bağlılığının yaranmasını və daha
möhkəm özüllər üzərində
qurulmasını təmin edib. Eyni zamanda, yenə
ümummilli liderin konkret hədəflərə hesablanan əməli
fəaliyyəti bu gün beynəlxalq miqyasda öz
sözünü deyə bilən güclü Azərbaycan
diasporunun formalaşması ilə nəticələnmişdir.
Ulu öndərin böyük irsinin ən görkəmli
nümayəndəsi kimi Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət ötən müddət ərzində
Azərbaycan diasporunun daha da güclənməsi ilə
müşayiət olunmuşdur. Ölkəmizin əldə
etdiyi və günü-gündən miqyası genişlənən
nailiyyətləri bütün dünya azərbaycanlılarının
milli şüurunu, özünüdərkini, Azərbaycanla
bağlılıqlarını daha da möhkəmləndirir.
Məhz bunun nəticəsidir ki, indi sayı 50
milyondan artıq olan dünya azərbaycanlıları cənab
İlham Əliyevi özlərinin alternativsiz lideri olaraq qəbul
edirlər.
Prezident İlham Əliyevin rəhbərliyi altında
inkişafının daha sürətli yüksəliş mərhələsini
yaşayan Azərbaycan Respublikası üzərinə
düşən tarixi missiyanı -dünyadakı soydaşlarımızın
arasında milli həmrəyliyin əldə olunmasını
uğurla həyata keçirməkdədir. Azərbaycanın
dünyadakı elçiləri, təmsilçiləri, həmvətənlərimizin
ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən
cəmiyyətləri, təşkilatları, dərnəkləri
və formalaşdırdıqları digər qurumlar bu gün
beynəlxalq ictimaiyyətin respublikamızla daha yaxından tanış olmasında, onun barəsində əsl
həqiqətlərdən, keçdiyi inkişaf yolundan xəbər
tutmasında müstəsna rol oynayır.
Müstəqil Azərbaycanı onun sərhədləri
çərçivəsindən kənarda layiqincə təmsil
edən, tanıdan belə təşkilatlardan biri də real fəaliyyəti
ilə mühüm uğurlar qazanmış Ümumrusiya Azərbaycan
Konqresidir. Rusiyada yaşayan soydaşlarımızın ən
böyük təşkilatlarından biri olaraq qəbul edilən
bu qurum ölkələrimiz arasında
qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə
özünəməxsus böyük töhfələr verməkdədir.
Rusiya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə
çevrilən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyəti
təşkilatın ötən il
keçirilən üçüncü qurultayından sonra
yeni keyfiyyət mərhələsinə qədəm
qoymuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
(RAGT) sədri Leyla Əliyevanın təşkilatın Mərkəzi
Şurasının Rəyasət Heyətinin üzvü
seçilməsi ÜAK-ın fəaliyyətinin daha aktiv hala
gəlməsinə, sıralarının isə böyük
sürətlə genişlənməsinə səbəb
olmuşdur.
Azərbaycan tarixinin, mədəniyyətinin və digər
vacib milli xüsusiyyətlərinin Rusiyada təbliğində
böyük rol oynayan Konqres bu ölkənin ictimasi-siyasi həyatında
fəal iştirak edir. Elə cari ilin martın 4-də Rusiyada
keçirilən prezident seçkiləri ilə bağlı
ÜAK bu ölkədə yaşayan azərbaycanlıların
seçimi olan indiki Baş nazir Vladimir Putinin Rusiya
Federasiyasının Prezidenti vəzifəsinə namizədliyini
dəstəkləmək üçün möhtəşəm
konsert təşkil etdi. "Bahar gəldi"
adlanan konsert tamaşaçıların yaddaşında təkcə
Rusiya və Azərbaycan incəsənət ulduzlarının
təkrarsız çıxışları ilə deyil, həm
də bu tədbirin kütləviliyi və bahar əhval-ruhiyyəsi
ilə yadda qaldı.
Rusiyanın,
demək olar ki, bütün regionlarında öz strukturlarını
yaratmış Konqresin Həştərxan regional bölməsi
də ötən dövr ərzində cəmiyyətə
inteqrasiya, burada yaşayan azərbaycanlıların təşkilatlanması,
hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi
dəyərlərinin qorunması, ictimai-siyasi fəallığının
artırılması istiqamətində mühüm işlər
görmüşdür. Xəzər dənizində
Azərbaycanla sərhəd qonşuluğuna malik Rusiyanın Həştərxan
vilayətində yaşayan azərbaycanlılar fəaliyyətləri
ilə artıq sanballı bir qüvvəyə çevrildiklərini
sübuta yetirmişlər. Həştərxan şəhərində
yaşayan 25 mindən çox azərbaycanlının
formalaşdırdığı diaspor üzvləri kifayət
qədər fəallıq nümayiş etdirir, Azərbaycan
reallıqlarının, burada yaşanan inkişafın həm
Rusiya, həm də dünya ictimaiyyətinə
çatdırılmasında mühüm bir missiyanı
layiqincə yerinə yetirirlər. Eyni zamanda, Azərbaycan
diasporu Həştərxanın vilayət rəhbərliyi və
ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş
və yaşanan inkişafa böyük töhfələr verən
təbəqə kimi qəbul olunur.
Artıq Həştərxanda güclü Azərbaycan
diasporunun mövcudluğu burada yaşayan soydaşlarımızın
milli və vətəndaş hüquqlarının
qorunmasında səylərin birləşdirilməsinə əlverişli
zəmin yaradır. Bu birlik öz növbəsində tarixi vətənindən
ayrı düşmüş insanların milli-mənəvi dəyərlərə
bağlılığını qoruyan vasitə kimi
çıxış etməkdədir. Digər
tərəfdən, Həştərxan vilayəti ilə Azərbaycan
arasında səmərəli dostluq və əməkdaşlıq
münasibətlərinin daha da inkişaf etdirilməsində də
buradakı diaspor qüvvələrimiz mühüm rol
oynamaqdadırlar. Azərbaycan
üçün çox vacib olan lobbiçilik fəaliyyətinin
formalaşdırılmasında və onun ölkənin həyati
maraqlarına yönəldilməsində də ÜAK-ın Həştərxan
regional bölməsi üzərinə düşən
missiyanı layiqincə yerinə yetirir. Ona bəslənən
ümidləri tam doğrultmağa çalışan Həştərxanın
azərbaycanlı diasporu vilayətin ictimai-siyasi həyatında
fəal iştirak edir, şəhər hökuməti və
hakimiyyətin digər şaxələri ilə sıx əməkdaşlığa
xüsusi önəm verir, müxtəlif partiyalar və ictimai
təşkilatlarla qarşılıqlı fəaliyyət
göstərir, ən mühüm ictimai tədbirlərdə
yaxından iştirak edir.
Həştərxanda yaşayan azərbaycanlıların
müstəqil Azərbaycan dövləti ilə mədəni,
ictimai-siyasi, iqtisadi və digər əlaqələrinin daha da
gücləndirilməsi xüsusi diqqət mərkəzində
yer alır. Çünki burada yaşayan hər bir azərbaycanlı
digər dünya ölkələrində məskunlaşan həmvətənlərimiz
kimi yaxşı bilir ki, tarixi vətənləri olan Azərbaycan
dünyanın harasında məskunlaşmasından
asılı olmayaraq bütün soydaşlarımızın mənəvi
dayağı, milli-mədəni maraqlarının ifadəçisidir.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının
III Qurultayında səsləndirdiyi aşağıdakı
fikirlər isə onların fəaliyyətini yönləndirən
əsas şüara çevrilmişdir: "Dünyada
yaşayan azərbaycanlıların bir vətəni var - o da
Azərbaycandır! Dünyada yaşayan azərbaycanlıların
arxasında Azərbaycan dövləti dayanır".
Ədalət
Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərən
ÜAK-ın Həştərxan regional bölməsi
güclü Azərbaycan dövlətinin dəstəyini hər
zaman öz üzərində hiss edir. Bu kontekstdə
doğma dilimizi, milli-əxlaqi dəyərlərimizi, azərbaycanlıların
bir xalq, millət kimi formalaşdırdığı
şanlı tarixi və vətənimizin şərəfini
qorumaq kimi üzərimizə düşən müqəddəs
vəzifəni layiqli şəkildə yerinə yetirməyə
çalışırıq. Həmçinin Həştərxan
icmasına sıx inteqrasiya fonunda vilayətlə Azərbaycan
arasında qarşılıqlı əlaqələrin daha
intensiv şəkildə inkişafına nail olmaq fəaliyyətimizin
prioritet istiqamətlərindəndir. Bunu şərtləndirən
əsas səbəblərdən biri isə həm də
müasir dünyanın inteqrasiya, intensiv millətlərarası
əlaqələr, qlobal münasibətlər, milli sərhədləri
aşıb keçən hadisələrlə zəngin olmasıdır.
Hadisələrin belə inkişaf
axarının fəaliyyət zamanı nəzərə
alınmaması isə diaspor missiyasının lazımi şəkildə
yerinə yetirilməsini mümkünsüz edir.
Digər tərəfdən o da xüsusi qeyd
olunmalıdır ki, dünyanın müxtəlif ölkələrinə
səpələnmiş azərbaycanlıların mədəni-siyasi
birliyi, həmrəyliyi müstəqil Azərbaycanın və
bütün dünya azərbaycanlılarının mənafeyinə
uyğundur, eləcə də onun əsas strateji məqsədlərindən
birini təşkil edir. Bu mənada azərbaycançılıq
amalı və müstəqil dövlətçilik ideyası
ətrafında yaranan milli birlik, həmrəylik harada
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının
mənafeyinə tam uyğundur. Bütün
bunları əldə rəhbər tutan Həştərxandakı
Azərbaycan diasporu da tarixi vətənləri ilə nəfəs
alır, daim onun təəssübkeşliyini çəkir və
qayğıları ilə yaşayır. Daha
bir mühüm həqiqət isə ondan ibarətdir ki, vətəndaşlıq
borcu bizi yaşadığımız ölkə
qarşısında hansı məsuliyyətə təhkim
edirsə, milli mənsubluq hissi, azərbaycançılıq
amalı hər birimizi müstəqil Azərbaycan dövləti
qarşısında eyni məsuliyyətə sövq edir.
Odur ki, azərbaycanlı adını biz həm
Həştərxanda, həm də müstəqil Azərbaycan
qarşısında layiqincə doğrultmağa
çalışırıq.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının
III Qurultayında tarixi əhəmiyyət kəsb edən və
proqram xarakteri daşıyan çıxışında səsləndirdiyi
fikirlər, qarşıya qoyduğu vəzifələr isə
fəaliyyətimizin əsas istinad nöqtələrini təşkil
edir. Bütövlükdə ölkəmizin diaspor təşkilatları
üçün çox böyük əhəmiyyət kəsb
edən bu qurultayda cənab İlham Əliyev onların fəaliyyətinin
gələcək istiqamətini müəyyən etmişdir.
Azərbaycan Prezidenti
soydaşlarımızın həm ölkə daxilində, həm
də onun hüdudlarından kənarda əlbir
olmasının zəruriliyini xüsusi
vurğulamışdır. Dünya Azərbaycanlılarının
III Qurultayı isə Azərbaycan diasporunun daha mütəşəkkil
bır qüvvəyə çevrilməsi mərhələsinin
başlanğıcını qoymuşdur.
Azərbaycanın
müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi,
onun mövqeyinin dünya müstəvisində gücləndirilməsi,
erməni təcavüzünə məruz qalmış Azərbaycan
xalqının haqq səsinin dünyaya
çatdırılması, Dağlıq Qarabağ probleminin ədalətli
həllinə nail olunması və digər ümummilli məsələlərin
həlli dünyada yaşayan bütün
soydaşlarımız kimi, Həştərxan azərbaycanlılarının
da birliyini və həmrəyliyini daha zəruri edən amilə
çevrilmişdir. Fəaliyyətimizdə biz
bu məqama hər zaman xüsusi diqqət yetiririk. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
təşəbbüsü ilə başlanmış
"Xocalıya ədalət" kampaniyası Həştərxanda
da keçirildi. Şəhər ictimaiyyəti
erməni cəlladlarının dinc azərbaycanlılara
qarşı hansı vəhşiliklərlə müşayiət
olunan soyqırımı törətməsindən daha
yaxından agah oldu. Ümumiyyətlə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı əsl həqiqətlərin nədən ibarət
olması, Azərbaycan torpaqlarının beynəlxalq hüquq
normalarının kobud şəkildə pozularaq indiyə qədər
işğal altında qalması faktoru, bu barədə Həştərxan
vilayətinin çoxsaylı ictimaiyyətinin daha dolğun
şəkildə məlumatlandırılması istiqamətində
fəaliyyətimiz davamlı olaraq genişlənir.
Ümumi
məqsədlər ətrafında birləşmək, təşkilatlanmaq,
Həştərxandakı müxtəlif icmalarla, qurumlarla
sıx təmas qurmaq, vilayətin siyasi və mədəni həyatında
fəal iştirak etməklə artıq ÜAK-ın Həştərxan
regional bölməsi burada aparıcı diaspor qüvvəsinə
çevrilmişdir. Bunun real sübutlarından
biri isə ondan ibarətdir ki, Həştərxanın azərbaycanlı
diasporu vilayətlə Azərbaycan arasında münasibətlərin
daha sürətlə inkişafına təsir göstərən
güclü amil kimi çıxış edir. Burada bizim hamımızı azərbaycanlı olmaq
kimi böyük bir məsuliyyət hissi, amalı birləşdirir.
Qeyd etdiyim kimi, azərbaycanlı adını həm öz
ölkəmiz, həm də müstəqil Azərbaycan
qarşısında layiqincə doğrultmağa
çalışırıq və bu, 2010-cu ilin oktyabrında
Prezident İlham Əliyevin Həştərxana səfəri
zamanı bizimlə görüşündə verdiyi əsas
tövsiyələrdən biridir. Cənab
İlham Əliyev vilayətin azərbaycanlı diasporuna Həştərxan
ictimaiyyətinə daha sıx inteqrasiya olunmağı,
ictimai-siyasi, sosial-mədəni həyatın fəal subyektlərindən
birinə çevrilməyi məsləhət bilmişdir.
Elə bu məqsədlə də biz sıx birləşərək,
təşkilatlanaraq mütəşəkkil qüvvəyə
çevrilmək istiqamətində daha böyük inamla fəaliyyət
göstərməyə başlamışıq. Azərbaycan dövləti tərəfindən hər
cür zəruri dəstək göstərilməsi isə Həştərxanın
azərbaycanlı diasporunun mütəşəkkil qüvvəyə
çevrilməsində böyük rol oynamışdır.
O da
sevindirici haldır ki, fəaliyyətimiz Azərbaycan dövləti,
onun rəhbəri cənab İlham Əliyev tərəfindən
layiqincə qiymətləndirilir. ÜAK-ın Həştərxan
regional bölməsinin sədri Ədalət Hüseynovun Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin
inkişafındakı xidmətlərinə və diaspor
quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə
görə bu günlərdə Prezident İlham Əliyev tərəfindən
3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam
verilməsi bunun real təsdiqidir. Xatırlatmaq yerinə
düşərdi ki, Azərbaycan Prezidenti xalqlar arasında
dostluğun möhkəmləndirilməsi və Azərbaycan
diasporunun inkişafı sahəsindəki xidmətlərinə
görə ötən il iyulun 4-də Ədalət
Hüseynovu "Tərəqqi" medalı ilə də təltif
etmişdi. Bu, dünyanın digər ölkələrində
yaşayan soydaşlarımız kimi, Həştərxan azərbaycanlılarına
da göstərilən yüksək diqqət və
qayğının daha bir bariz nümunəsidir.
ÜAK-ın Həştərxan regional bölməsi sədrinin
təltif olunduğu medal və orden bizə böyük
qürur bəxş etməklə yanaşı, eyni zamanda Ə.Hüseynovun
timsalında Həştərxandakı azərbaycanlı
diaspora dövlətimiz tərəfindən verilən ali dəyər, yüksək qiymətdir.
Digər formalarda da göstərilən dəstək, həmçinin
atılan addımlar azərbaycanlıların Həştərxanda
ən etibarlı tərəfdaşlardan birinə çevrilməsində,
vilayətin bütün iqtisadi və sosial layihələrində
iştirak etməsinə təsirsiz ötüşməmişdir. Danılmaz həqiqətdir
ki, istər sovetlər, istərsə də postsovet
dövründə Rusiya, eləcə də onun konkret vilayətləri,
o cümlədən Həştərxanla Azərbaycan
arasında qarşılıqlı münasibətlərin
inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz
xidmətləri olmuşdur. Bu mənada dünya
tarixinə ən görkəmli şəxsiyyətlərdən
biri kimi daxil olan böyük siyasi xadim Heydər Əliyevin Həştərxan
vilayətində ucalan abidəsi həm rusiyalıların, həm
də azərbaycanlıların
qardaşlığının, dostluğunun, onların ruhən
və qəlbən birliyinin rəmzi kimi qiymətləndirilir.
Abidənin yerləşdiyi parkın yenidən
qurulması isə Həştərxan sakinləri tərəfindən
böyük məmnunluq və minnətdarlıq hissi ilə
qarşılanmışdır.
Ötən
il mayın 19-da isə "Rusiya və Azərbaycan:
regionlararası əməkdaşlığın yeni
üfüqlərinə doğru" mövzusunda keçirilən
forum çərçivəsində Həştərxanın
mərkəzində, Naberejnaya Privoljskovo Zatona küçəsində
Heydər Əliyev adına parkın təntənəli
açılışı olmuşdur. 3,5
hektar ərazidə salınmış istirahət parkında
geniş abadlıq və yaşıllaşdırma işləri
aparılmış, mindən artıq ağac əkilmişdir.
Burada müasir işıqlandırma sistemi
quraşdırılmış və gözəl fəvvarə
yaradılmış, oturacaqlar qoyulmuşdur. Elə həmin gün Rusiya və Azərbaycan
Dostluğu körpüsünün təməli qoyulmuşdur.
Körpü Heydər Əliyev adına
park ilə Birinci Pyotrun abidəsi ucaldılmış parkı
birləşdirəcəkdir.
Xatırlatmaq
yerinə düşərdi ki, 2010-cu il oktyabrın 27-də
ümummilli lider Heydər Əliyevin abidə kompleksinin
Prezident İlham Əliyevin iştirakı ilə təntənəli
açılış mərasimi zamanı Həştərxan
vilayətinin qubernatoru A.Jilkinin xahişini nəzərə
alaraq, Azərbaycanın dövlət başçısı
park boyu axan Volqa çayının qolunun digər tərəfində
yaşayan əhalinin istirahətini təmin etmək məqsədilə
qolun üzərindən piyada keçid
körpüsünün tikintisinin həyata keçirilməsini
qərara almış və bununla bağlı müvafiq
göstəriş vermişdir. Sözügedən
tapşırığın yerinə yetirilməsi
üçün körpünün layihəsini hazırlamaq məqsədilə
dünyada aparıcı layihə institutlarından biri olan
"VolqoMostStroyProyekt" institutuna sifariş verilmiş və
sözügedən layihə institutunun mütəxəssisləri
tərəfindən işlənib hazırlanmışdır.
Artıq cari ilin fevralında sözügedən
körpünün tikintisinə başlanmışdır.
Layihənin sifarişçisi Ümumrusiya Azərbaycan
Konqresinin Həştərxan regional bölməsidir. Körpünün tikintisi cari ilin sonunadək
başa çatdırılacaqdır. 50 metrdən
artıq uzunluğa və 6 metr enə malik olacaq
körpünün metal konstruksiya şəklində tikilməsi
nəzərdə tutulur. Körpünün bədii
tərtibatı Azərbaycan və Rusiya milli elementlərini əks
etdirən ikili ornamentlə bəzədiləcək.
"Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın
yeni üfüqlərinə doğru" mövzusuna həsr
edilən forum çərçivəsində keçirilən
təməlqoyma mərasimi zamanı Azərbaycan və Rusiya
nümayəndə heyətlərinin rəhbərləri Əli
Həsənovun və Sergey Vinokurovun birgə bəyanatında
deyilir ki, bu körpü Rusiya və Azərbaycan
xalqlarının möhkəm dostluq münasibətlərinin əyani
göstəricisi olacaqdır. Bu mühüm
layihənin birbaşa müəllifi olan Prezident İlham Əliyevə
Həştərxandakı Azərbaycan diasporu olaraq dərin təşəkkürümüzü
bildiririk.
Bundan əlavə, yenə ötən ilin oktyabrında Həştərxanda
ulu öndər Heydər Əliyevin adını daşıyan
11 nömrəli məktəbin təntənəli
açılış mərasimi olmuşdur. Bakı
küçəsində yerləşən təhsil
ocağı Heydər Əliyev Fondunun təşəbbüsü
və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə
yenidən qurulmuş, yeni korpuslar inşa edilmişdir.
Bu məktəbin açılması Azərbaycan-Rusiya
humanitar əlaqələrini möhkəmləndirən
mühüm hadisələrdən birinə
çevrilmişdir və vilayət icması tərəfindən
böyük razılıqla qarşılanmışdır. Əsaslı
təmirdən sonra məktəbin siması büsbütün
dəyişmişdir. 1937-ci ildə
inşa edilmiş binanın özülü möhkəmləndirilmiş,
iki yeni korpus tikilmişdir. Korpuslarda
müasir idman kompleksi, iclas salonu və yeməkxana yerləşmiş,
istilik sistemi və elektrik xətləri təzələnmişdir.
Elektrik təchizatını daha etibarlı etmək
üçün dörd transformator qoyulmuş, dərnək fəaliyyəti
üçün kabinet açılmışdır. Təhsil müəssisəsi yeni kompyuterlər,
mebel, yeməkxana avadanlığı ilə təchiz
edilmişdir.
Həştərxan
şəhər təsərrüfatının və
infrastrukturun yenidən qurulmasında, təhsil sahəsinin
inkişaf etdirilməsində Azərbaycandan olan iş
adamlarının iştirakı davamlı surətdə
artır və bütün bunlar olduqca yüksək qiymətləndirilir.
Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Həştərxan
Şəhər Duması əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan Rusiya-Azərbaycan
dostluğunun və strateji tərəfdaşlığın
inkişafı və möhkəmlənməsində xidmətlərinə,
Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə
bağlı təşəbbüslərinə, bu layihələri
və Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləməsinə
görə Prezident İlham Əliyevi "Həştərxan
şəhərinin fəxri vətəndaşı"
adına layiq görmüşdür. Ötən il noyabrın 30-da Azərbaycanda səfərdə
olan Həştərxan şəhərinin meri Sergey Bojenov
"Həştərxan şəhərinin fəxri vətəndaşı"
diplomunu və medalını cənab İlham Əliyevə təqdim
etmişdir.
Bütün bunlar müstəqil Azərbaycanın, azərbaycanlı
diasporun Həştərxanda böyük nüfuz sahibi
olmasının real təsdiqidir. Təsadüfi deyildir
ki, Azərbaycan diasporunun təmsilçiləri Həştərxanın
iqtisadi-sosial həyatında da fəal mövqe tutur, vilayətin
vacib infrastrukturlarının səmərəli və effektiv fəaliyyət
göstərməsi üçün layiqincə
çalışırlar. Həştərxanda
azərbaycanlı sahibkarlara böyük etimad var və
onların öz sahələrində peşəkar
olmalarına əhali arasında inam mövcuddur. Bir zəruri
faktı vurğulayım ki, rəhbərlik etdiyim N.Nərimanov
adına Çörəkbişirmə
Kombinatının normal fəaliyyət göstərməsi
üçün vilayət rəhbərliyi tərəfindən
hər cür dəstək göstərilir. Buna
qarşılıq olaraq bizlər də işimizə daha məsuliyyətlə
yanaşırıq və nəticə etibarilə
kombinatımızın istehsal etdiyi çörək və
çörək məhsulları bütün vilayətdə
keyfiyyət sarıdan öndədir və bu sahədə
bizimlə rəqabət aparacaq digər müəssisə
yoxdur. Bütün bunlar isə ümumilikdə
azərbaycanlıların vilayətdə nüfuzunu daha
dayanıqlı edir.
Bu nüfuzun daha da yüksəlməsi, xalqlarımız
arasında dostluq əlaqələrinin davamlı olaraq möhkəmləndirilməsi
üçün fəaliyyətimizi qarşıdakı
dövr ərzində daha da aktiv formada davam etdirmək
başlıca məqsədimizdir. Qarşıdan gələn
Novruz bayramı münasibətilə Həştərxanda
müxtəlif tədbirlərin keçirilməsi, burada bir
daha Azərbaycan reallıqlarının, mədəniyyətinin,
azərbaycançılığın təbliği diqqət
yetiriləcək əsas məqamlar olacaq.
Həştərxanda
yaşayan hər bir soydaşımız yaxşı bilir ki,
qarşısında duran mühüm vəzifələrdən
biri də tarixi vətən - müstəqil Azərbaycanla
sıx əlaqə saxlamaqla yanaşı,
yaşadığı ölkədə azərbaycançılığı
ehtiva edən milli dəyərləri qorumaq, tanıtmaq,
yaşatmaq, inkişaf etdirməklə bağlıdır. Bundan başqa, harada yaşamasından asılı
olmayaraq, sağlam milli adət və ənənələrin,
mədəni dəyərlərin qorunub saxlanılması, yeni
nəsillərə ötürülməsi dünya azərbaycanlılarının
mənəvi borcudur. Qeyd edilən səpkidə
ümumi məqsədlər ətrafında birləşmək,
təşkilatlanmaq, Həştəxan ictimaiyyətilə
sıx təmas qurmaq, siyasi və mədəni həyatda fəal
iştirak etmək qarşımızda duran ümdə məsələlər
sırasında yer alır. Bu da, öz
növbəsində, ümumilikdə Azərbaycan-Rusiya əlaqələrinin
genişlənməsinə böyük töhfələr
verir.
Fəaliyyətimizə bundan sonra da Azərbaycan dövləti
tərəfindən hər cür dəstək göstəriləcəyinə,
görəcəyimiz işin isə layiqincə qiymətləndiriləcəyinə
qətiyyən şübhə yoxdur. Bununla qarşıya qoyulmuş məqsədlərə
daha tez nail olunacaq, dünyanın hər yerində olduğu
kimi, Həştərxanda da milli diaspor hərəkatı daha
da güclənəcək, onun fəaliyyəti daha yüksək
nəticələr əldə olunmasına gətirib
çıxaracaq.
İrahid MİRİŞOV,
Ümumrusiya Azərbaycan Konqresinin
Həştərxan regional bölməsinin
sədr müavini
Azərbaycan.- 2012.- 10 mart.- S. 4.