"012 Bakı Public Art Festivalı"
çərçivəsində "Xəzri" heykəltəraşlıq
nümunəsi təqdim edilmişdir
Martın 9-da Dənizkənarı Milli Parkda müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində tanınmış rəssam Altay Sadıqzadənin "Xəzri" heykəltəraşlıq nümunəsi təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, Altay Sadıqzadənin əsərləri artıq çoxdan təkcə ölkəmizdə deyil, həm də xaricdə yüksək qiymətləndirilir. Rəssam 1951-ci ildə Bakıda görkəmli fırça ustaları Oqtay Sadıqzadə və Elmira Şaxtaxtinskayanın ailəsində dünyaya göz açmışdır. O, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdikdən sonra Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təhsil almışdır.
Altay Sadıqzadə Bakıda fəaliyyət göstərən Müasir İncəsənət Muzeyinin dizayn müəllifidir. Ötən ilin sonlarında Müasir İncəsənət Mərkəzində tanınmış rəssamın yeni sərgisi açılmışdır. "22 hx" adlı sərgi müəllifin orijinal ifadə tərzi ilə diqqəti cəlb etmişdir. Müasir İncəsənət Muzeyinin 4 zalında təqdim olunan "22 hx" sərgisi öz orijinal adı və ifadə tərzi ilə diqqəti cəlb etmişdir. Abstrakt fikirdən bəhrələnərək yaradılan sənət nümunələrinin cəm olunduğu sərgidə müəllifin yağlı boya ilə çəkilmiş əsərləri, rəngkarlıq və qrafika janrında, eləcə də bir heykəltəraş kimi yaratdığı əsərlər nümayiş olunmuşdur.
Rəssam 2011-ci ildə İtaliyada keçirilmiş Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesində ölkəmizi təmsil etmişdir.
Onun işləri Azərbaycan Rəssamlıq Akademiyasında, Mədəniyyət və Turizm Nazirliyində, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya İncəsənət Fondunda, respublikamızda və xarici ölkələrdə fərdi kolleksiyalarda saxlanılır. Rəssamın qrafikanın başqa formalarına, teatr dekorasiyasına, dizayna müraciət etməsinə baxmayaraq, o, əsasən rəsm əsəri yaradır.
Tanınmış rəssamın "Xəzri" heykəltəraşlıq nümunəsi də öz orijinallığı ilə diqqəti cəlb edir.
"Xəzri", səliqəsiz şəkildə cırılmış, sanki kağızı xatırladan, mücərrəd heykəltəraşlıq nümunəsidir. Elə təsəvvür yaranır ki, bu kütlə kiminsə əli və ya hər hansı digər əşya, mexanizm ilə deyil, izahı çətin olan vasitə ilə cırılmışdır. Doğrudan da biz bu əsərin adına müraciət etsək, öyrənərik ki, bu "Xəzri" - Abşeronda əsasən yayda əsən soyuq və tozlu şimal küləyinin deyil, həmin küləyin özünəməxsus rəmzi kimi görünür. Axı, bu əsərin dinamik, əsəbi surətdə dağınıq forması bilavasitə külək təsirinin, hava burulğanının bu formaya toxunmasının nəticəsidir. Bu heykəlin formaları sanki hava axınlarının hərəkətini əks etdirir və özləri də küləyin konfiqurasiyasının dinamik və vizual əkslərinə çevrilir. Beləliklə, rəssam həddindən artıq çətin məsələni həll etməyi bacarmışdır. O, heykəltəraşlıq kimi ağır incəsənət növü formatında külək kimi yüngül və görünməz substansiyanı əks etdirmişdir. Bakının və Abşeronun həmişə küləklərlə assosiasiya edildiyini nəzərə alsaq - "Bakı" adının izahlarından biri "küləklər şəhəri"dir - bu əsər şəhər məkanı üçün kifayət qədər aktual və doğma görünür.
Əsərin forması sanki hava axınlarının hərəkətini təsvir edir.
Tanınmış rəssam Altay Sadıqzadə sərginin açılış mərasimində jurnalistlərə demişdir ki, Bakını onun küləklərindən ayrı təsəvvür etmək mümkün deyil. Bakının ən çox əsən küləkləri xəzri və gilavardır. İstəyirdim ki, bu əsərdə həm xəzri, həm də gilavar küləkləri öz əksini tapsın. Lakin vaxt məhdud olduğundan xəzri küləyinin abstrakt görünüşünü yarada bilmişəm.
"YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı"nı yüksək qiymətləndirən A.Sadıqzadə vurğulamışdır ki, bu layihədə iştirak edən 21 rəssamın hər biri Bakı haqqında düşüncələrinin məhsulu olan rəsmlərini paytaxtımızın müxtəlif yerlərində nümayiş etdirəcəkdir.
"YARAT müasir incəsənət məkanı" təşkilatının rəhbəri, rəssam Aida Mahmudova jurnalistlərə müsahibəsində demişdir ki, "012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirmişlər. Layihə bu gündən başlayaraq (ilk sənət işinin təqdimi) 21 həftə davam edəcəkdir. Layihə planı çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdikləri ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaqdır.
Aida Mahmudova demişdir ki, "012 Bakı Public
Art Festivalı"na cari ilin sentyabrında
yekun vurulacaqdır.
"Xəzri" heykəltəraşlıq
nümunəsinin açılış
mərasimində dövlət
və hökumət nümayəndələri, tanınmış
mədəniyyət və
incəsənət xadimləri,
paytaxtımızın qonaqları
və sənətsevərlər
iştirak etmişlər.
Azərbaycan.- 2012.- 10 mart.- S. 5.