Azərbaycan
Şərq Tərəfdaşlığı proqramına
böyük önəm verir
Polşanın Torun şəhərində Beynəlxalq İqtisadi Forum keçirilmişdir. Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, 19 ildir hər il təşkil edilən Beynəlxalq İqtisadi Forumda müxtəlif sahələr üzrə geniş müzakirələr aparılır. Bu forum "Trans-sərhəd sistemli iqtisadi əlaqələr" mövzusuna həsr edilmişdi.
Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov forumda "Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları" mövzusuna həsr olunmuş seminarda çıxış etmişdir. Səfir Azərbaycanın Avropaya inteqrasiyası və ötən illərdə Avropanın müvafiq strukturları ilə uğurlu əməkdaşlığı barədə məlumat vermişdir. Azərbaycanın Şərq Tərəfdaşlığı proqramına böyük önəm verdiyini, bu çərçivədə tam və hərtərəfli əməkdaşlığa ümid bəslədiyini bildirmişdir.
Diplomat münaqişələrin regionda sülhə, davamlı inkişafa və hərtərəfli əməkdaşlığa başlıca təhdid olduğunu vurğulamış, regiondakı oxşar münaqişələrə fərqli münasibətin bəslənməsinin doğru olmadığını qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Həsənov Ermənistanın torpaqlarımızı hələ də işğal altında saxladığını və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu vurğulamışdır. Təcavüzkarla təcavüzün qurbanına eyni münasibətin göstərilməsinin Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllini daha da çətinləşdirdiyini qeyd etmişdir.
Səfir çıxışının sonunda
avropalı tərəfdaşların dəstəyi ilə Cənubi
Qafqazda tezliklə ədalətli sülhün təmin ediləcəyinə,
bununla da regionun hərtərəfli inkişafı və
Avropaya inteqrasiyası yolunda heç bir maneənin
qalmayacağına inandığını bildirmişdir.
Azərbaycan.- 2012.- 10 mart.- S. 5.