Avropa-Azərbaycan
Cəmiyyətinin Paris ofisinin açılış mərasimi
keçirilmişdir
Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) Paris ofisinin açılış mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar Azərbaycanın mədəniyyətini və təbiətini əks etdirən "Azərbaycan - Odlar Yurdu" adlı sərgi ilə tanış olmuşlar.
Mərasimdə çıxış edən AAC-ın Paris ofisinin rəhbəri Eliza Piter qurumun fəaliyyəti və məqsədləri haqqında iştirakçılara məlumat vermişdir. Vurğulamışdır ki, onların istəyi Azərbaycanı fransız xalqına bir az da yaxınlaşdırmaqdır.
AAC-ın təsisçisi və sədri Tale Heydərov tədbirdə Fransa və Azərbaycanı birləşdirən ümumi dəyərlərdən bəhs etmişdir. AAC sədri məşhur fransız yazıçısı Aleksandr Dümanın XIX əsrdə Dağlıq Qarabağa səfərini xatırladaraq qeyd etmişdir ki, həmin səfər bu gün həyata keçirilsəydi, Düma erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna səfər etmək imkanından məhrum olacaqdı.
Tədbirdə iştirak edən Milli Assambleyanın Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui Dümon AAC-nin Fransada fəaliyyət göstərməsinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, təşkilatın fəaliyyəti iki ölkə arasında siyasi və sosial əlaqələri gücləndirməyə öz töhfəsini verəcəkdir.
Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olduğunu xatırladan J.Dümon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fransız cəmiyyətinin tam dəstəyinə nail olmağın vacibliyini diqqətə çatdırmış, erməni işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyona yaxın azərbaycanlı məcburi köçkünün kədərini bölüşdüyünü bildirmişdir.
Mərasimdə çıxış edən
Fransa Senatının üzvü Natali Qule iqtisadi cəhətdən
sürətlə inkişaf edən Azərbaycanın
qaçqın və məcburi köçkün problemi kimi
acı həqiqətlə üz-üzə
qaldığını qeyd etmişdir. Senator keçmişi
unutmadan gələcəyə doğru irəliləmək
üçün AAC-ni Azərbaycan gənclərini dəstəkləməyə
çağırmışdır. Mərasim azərbaycanlı
və fransız musiqiçilərin
çıxışları ilə davam etmişdir.
Azərbaycan.- 2012.- 10 mart.- S. 5.