Bakıda III Azərbaycan-Almaniya cərrahiyyə günləri çərçivəsində konfrans keçirilmişdir

 

Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (AATƏC), Milli Onkologiya Mərkəzi (MOM), "İrəli" İctimai Birliyi və Almaniyanın Siegen Marien Krankenhaus Klinikasının birgə əməkdaşlığı ilə Bakıda III Azərbaycan-Almaniya cərrahiyyə günləri keçirilir.

AzərTAc xəbər verir ki, bununla əlaqədar martın 8-də "Monolit Plaza" hotelində tibbi təhsil alan tələbələr və gənc həkimlər üçün konfrans təşkil olunmuşdur.

Tədbirdə konfransın əhəmiyyətindən danışan AATƏC-in sədri, professor Qurbanxan Müslümov bildirmişdir ki, belə elmi tədbirlər səhiyyənin inkişafında əsaslı rol oynayır. Diqqətə çatdırılmışdır ki, konfransda Almaniyanın üç nüfuzlu klinikasının rəhbərləri iştirak edirlər. Almaniyanın aparıcı klinikaları ilə 2003-cü ildən başlanan əməkdaşlıq bu gün də uğurla davam etdirilir.

Almaniyanın Siegen Marien Krankenhaus Klinikasının professoru Frank Villeke vurğulamışdır ki, azərbaycanlı tələbələr və gənc həkimlər məlumat almağa böyük maraq göstərirlər. Azərbaycan gəncləri bizdən öyrəndikləri kimi, biz də onlardan öyrənirik.

Çıxışlardan sonra AATƏC-in, MOM-un və "İrəli" İB-nin birgə həyata keçirdikləri "Elmi-tibbi tədqiqatların müasir əsasları və istiqamətləri" layihəsinin yekun nəticələri təqdim olunmuşdur.

Bildirilmişdir ki, layihənin icrasına bir il əvvəl MOM-un direktoru akademik Cəmil Əliyevin elmi rəhbərliyi ilə başlanılmışdır. Layihə çərçivəsində indiyədək  ölkəmizdə və dünyada əldə olunan tibbi nailiyyətlər, ədəbiyyatdan istifadə etmək, diskussiya aparmaq və s. məsələlərlə bağlı 60 iştirakçıya treninqlər keçirilmişdir.

Qeyd olunmuşdur ki, layihəyə təqdim olunmuş tədqiqat işlərinin nəticələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qalib müəyyən ediləcəkdir. Qalib iştirakçı Almaniyanın aparıcı klinikalarının birində tədqiqat laboratoriyası ilə tanış olmaq , elmi işini davam etdirmək imkanı qazanacaqdır.

Almaniyalı professorlar tərəfindən laparoskopik cərrahiyyə və anesteziologiya üzrə təlimlərlə davam edən konfrans martın 9-da başa çatacaqdır.

 

 

Azərbaycan.- 2012.- 10 mart.- S. 5.