Daha üç
pillə irəli
"Doing business-2012"
hesabatında Azərbaycan 183 ölkə arasında 66-cı
olub
Həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini beynəlxalq maliyyə qurumları öz hesabatlarında dönə-dönə qeyd edirlər. Artıq dünyada "Azərbaycan iqtisadi modeli" termini də işlənməyə başlayıb. Bunun əsas səbəbi iqtisadi modelimizin digərlərindən özünəməxsusluğu ilə fərqlənməsidir.
Azərbaycanın iqtisadi modeli sosial inkişafın yüksəlməsinə xidmət edir. Yəni iqtisadi siyasətdə qarşıya qoyulan əsas hədəf xalqın rifah halının yaxşılaşdırılmasıdır. Məlumdur ki, dünyada davam edən qlobal maliyyə böhranı nəticəsində çox ciddi sosial problemlər meydana çıxıb. Hətta bir çox inkişaf etmiş ölkələr pensiya, səhiyyə, təhsil və digər xərcləri azaltmağa məcburdurlar. Lakin Azərbaycanda bunun əksi baş verir. Əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün dövlət mütəmadi şəkildə müxtəlif sosial layihələr həyata keçirir, pensiya, müavinət və əməkhaqlarını artırır. Sözsüz ki, dövlətimizin öz vətəndaşlarına göstərdiyi bu qayğı beynəlxalq təşkilatların diqqətindən yayınmır.
Əhalinin sosial müdafiəsinin təminatı bölgələrdə daha çox hiss olunur. Regionların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə qəbul edilən birinci Dövlət Proqramında qarşıya qoyulan bütün vəzifələr uğurla həyata keçirilib. Bu proqramın icrası nəticəsində bölgələrdə minlərlə iş yeri açılıb, şəhərlərin, qəsəbələrin, kəndlərin siması dəyişib. Hazırda 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı icra olunur. Bu proqramın qəbulundan ötən üç il ərzində çoxsaylı yeni müəssisə, xidmət, sosial və turizm obyektləri tikilib, bir sıra vacib sosial infrastruktur layihələri həyata keçirilib. Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransında bu barədə demişdir: "Bütövlükdə gələcək haqqında söhbət aparanda, mən artıq bir neçə dəfə bu fikri səsləndirmişəm və bir daha demək istəyirəm ki, əlbəttə, ikinci Dövlət proqramı uğurla icra ediləcəkdir. Heç bir şübhəm yoxdur ki, 2013-cü ilə qədər bütün məsələlər öz həllini artıqlaması ilə tapacaqdır. Bu barədə heç kimin şübhəsi olmamalıdır və yoxdur".
Azərbaycan neft ölkəsi olsa da, son vaxtlar qeyri-neft sektoru daha sürətlə inkişaf edir. Artıq bu sektorun inkişafı 10 faizə çatıb. Dünyada davam edən iqtisadi böhran şəraitində bu cür nailiyyətin qazanılması ölkəmizin beynəlxalq aləmdə reytinqinin yüksəlməsinə səbəb olub. Elə buna görə də "Böyük iyirmilər"in (G-20) xarici işlər nazirləri səviyyəsində Meksikada keçirilmiş toplantısına Azərbaycan da dəvət edilmişdi. Hətta toplantının iclaslarının birinə xarici işlər naziri Elmar Məmmədyarov spikerlik etmişdir. Bu fakt Azərbaycanın beynəlxalq aləmdə artan siyasi və iqtisadi nüfuzunun əyani göstəricisidir. Yeri gəlmişkən qeyd edək ki, Meksikada keçirilən bu mötəbər tədbirə keçmiş SSRİ məkanından yalnız ölkəmiz dəvət olunmuşdu.
Bu nailiyyətlərin qazanılması həm də Azərbaycanda biznes mühitinin liberallaşdırılması, azad rəqabətin həyata keçirilməsi, şəffaflığın təmin edilməsi və digər sahələr üzrə mükəmməl qanunvericilik bazasının yaradılması ilə bağlıdır. Bunların sayəsində indi Azərbaycanda bizneslə məşğul olmaq son dərəcə əlverişlidir.
İndi budur, son məlumata görə, Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing business-2012" hesabatında ölkəmiz 2011-ci illə müqayisədə 3 pillə irəliləyərək 183 ölkə arasında 66-cı yeri tutub. Azərbaycan əmlakın qeydə alınmasının sadəliyi, biznesə başlamaq parametrləri üzrə dünya ölkələri arasında liderlər qrupuna daxil olub. Kredit almaq, iş görmək və bir sıra digər sahələrdə də ciddi uğurlar əldə etmiş Azərbaycan inkişaf etmiş ölkələrlə bir sıradadır. Sürətli inkişaf dövrünü yaşayan Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə inamla irəliləyir.
Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasına dair sərəncamı da bu amala xidmət edir.
Rüstəm KAMAL
Azərbaycan.- 2012.- 10 mart.- S. 6.