Məğrur və narahat Fətəli

 

M.F.Axundzadə - 200

 

 Prezident İlham Əliyevin sərəncamına əsasən anadan olmasının 200 illiyi dövlət səviyyəsində qeyd edilən Mirzə Fətəli Axundzadə XIX əsr Azərbaycan ədəbiyyatını tamamilə yeni bir istiqamətdə inkişafa yönəldən, onu ideya-bədii keyfiyyətlərlə zənginləşdirən böyük yazıçı və mütəfəkkirdir. Maraqlı həyat və yaradıcılıq yolu keçmiş Mirzə Fətəli Azərbaycan ədəbi-ictimai fikir tarixində əsaslı dönüş yaradaraq onu yüksək səviyyəyə qaldırıb. Nəinki Azərbaycanda, eləcə də Şərqdə dramaturgiyanın banisi kimi məşhurlaşan Mirzə Fətəli Axundzadənin mühüm xidmətlərindən biribu sahədə realist ədəbiyyatın bünövrəsini qoymasıdır. Bundan başqa, "Aldanmış kəvakib" əsəri ilə Azərbaycan realist nəsrinin ilk qiymətli nümunəsini yaradan Mirzə Fətəli Axundzadə həm də XIX əsrdə ədəbi-bədii tənqidin təşəkkülünə nail oldu.

Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri olan Mirzə Fətəli Yaxın Şərqdə maarifçilik hərəkatının ilk nümayəndəsi və ideoloqudur. Filologiya elmləri doktoru, ədəbiyyatşünas-alim Yaşar Qarayev yazırdı: "Azərbaycan xalqının ictimai tarixi və ədəbi mədəni həyatında Mirzə Fətəli Axundzadə ayrıca bir mərhələni təşkil edir. Peşəkar milli teatr sənətinin, realist bədii nəsrin, demokratik fəlsəfi və estetik fikrin, ilk əlifba inqilabının, ümumiyyətlə, mənəvi mədəniyyətimizin bütün sahələrində yeni dövrün banisi olan Axundzadənin zəngin və çoxcəhətli yaradıcılığı lokal milli çərçivələri aşıb keçir. Türk islam xalqları miqyasında Ümumşərq və ümumbəşəri bir tarixi məna və əhəmiyyət kəsb edir".

Böyük dramaturq Cəfər Cabbarlı öz sələfi haqqında maraqlı bir fikrin müəllifidir. O bildirirdi ki, Axundzadə elə bir dövrdə yaşayırdı ki, həyatın bir tərəfi sökülür, dağılır, o biri tərəfi başqa, tam başqayeni biçimdə tikilirdi. Burada "Mirzə Fətəli bir mühəndis kimi bu sökülən və tikilən binanın başı yanında duraraq amansız qələmi ilə "bura sökülməlidir, bura isə belə tikilməlidir" deyirdi". Bu sözlərdə son iki əsrin milli ədəbi prosesində əksini tapan Axundzadə irsinin məzmunu və qiyməti dəqiq ifadə edilib" (Yaşar Qarayev).

Uzun illər doğum tarixi mübahisə yaradan Mirzə Fətəli Axundzadənin təvəllüdü, nəhayət ki, dəqiq araşdırıldı. O, 1812-ci ildə Şəkidə anadan olub. Atası Məmmədtağı kişi Cənubi Azərbaycanın Xamnə kəndindən olub. Anası isə şəkili Axund Ələsgərin qızlığı (əslində qardaşı qızı) Nanə xanım idi. Onlar 1810-cu ildə ailə həyatı qurublar. İki il sonra Fətəli anadan olub. Bir müddətdən sonra Məmmədtağı kişi ailəsini də özü ilə bərabər Təbriz əyalətinə aparıb. Burada onun başqa bir arvadı da olub. Dörd il bu cür əzab-əziyyətə zorla tablaşan Nanə xanım sonda ərindən ayrılaraq oğlu ilə Axund Ələsgərin yanına qayıdıb. Dövrünün tanınmış, kamil, dini təhsilli ziyalısı olan Axund Ələsgər Fətəlini oğulluğa götürərək onu mollaxanaya qoyub. Eləcə də dini-elmi təlim-tərbiyəsi ilə ciddi məşğul olmağa başlayıb. Axund Ələsgərin təkcə Şəkidə deyil, Cənubi Azərbaycanda da böyük nüfuzu və hörməti olub. Onlar bir müddət Təbriz əyalətində yaşasalar da, sonradan Şəkiyə qayıtmalı olublar. "Axund Ələsgəroğlu" kimi tanınan Fətəli sonralar atalığına məhəbbət və hörmət əlaməti olaraq soyadını Axundzadə edib.

 

 O, təkcə dramaturq nasir deyildi...

 

Mirzə Fətəli Gəncədə Şah Abbas məscidinin nəzdindəki mədrəsədə görkəmli ziyalılardan tanınmış ruhani alimlərdən dərs alıb. O burada dövrünün tanınmış şairi Mirzə Şəfi Vazehlə tanış olub. Bu ünsiyyət Mirzə Fətəlinin həyatında böyük rol oynayıb. Dünyanın çox yerini dolaşan, Məkkə ziyarətində olan atalığı Hacı Ələsgər çox geniş dünyagörüşə malik olan, elmə, təhsilə yetərincə qiymət verməyi bacaran bir şəxsiyyət idi. O, övladının mükəmməl təhsil alması üçün 1834-cü ildə onu Tiflisə gətirib. O zaman Qafqazın baş hakimi Baron Rozen Fətəlinin Şərq dilləri elmləri sahəsində mükəmməl hazırlığından razı qalaraq onu dövlət xidmətinə - Qafqaz hakiminin baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul edib. Maraqlıdır ki, Mirzə Fətəli Axundzadə Tiflisdə rus-qəza məktəbində, ruhani seminariyasında türk dilindən dərs deyib. Çoxillik mülki, inzibati, diplomatik hərbi işlər sahəsində uğurlu nailiyyətlər qazanıb. Mütərcimlik xidmətlərinə görə Mirzə Fətəli müxtəlif hərbi rütbələrə, orden medallara layiq görülüb. Gizir, kiçik leytenant, ştab kapitanı, polkovnik-leytenant, polkovnik kimi  hərbi rütbələr alan Mirzə Fətəli "Georgi medalı", üçüncü dərəcəli "Müqəddəs Anna ordeni", İran şahı Məhəmməd tərəfindən üçüncü dərəcəli "Şiri-Xurşid", üzərində almazlar olan ikinci dərəcəli "Şiri-Xurşid" ordenləri ilə təltif olunub.

Həm taleyi, həm tərcümeyi-halı təzadlı məqamlarla zəngin olan bu vətən oğlu bir tərəfdən polkovnik rütbəsi alan rus məmuru, digər tərəfdən isə sıravi vətəndaş kimi öz xalqı qarşısında xidmət etmək istəyində idi. Belə ki, paralellər aparanda heyrətlənməyə bilmirsən. İki qütbü, iki fərqli sahili bir ömür yolu necə birləşdirə bilib? Çar dəftərxanasının divarları arasında nə qədər ədalətsizliklər görürdü. Bu səbəbdən də dövrün sosial-mənəvi vicdanı kimi əslində Mirzə Fətəli narahat bir ömür yaşayırdı. Mirzə Fətəli Axundzadə Zaqafqaziya və Dağıstan üzrə yox, Yaşar Qarayevin fikrincə, "Yaxın və Orta Şərq miqyasında çar siyasətinin hazırlandığı və həyata keçirildiyi Qafqaz canişinliyinin lap göbəyində idi".

Mirzə Fətəli Axundzadənin ömür yolu təsdiq edir ki, insan nə qədər özgə millətin içində ad-san qazansa da, zəhməti layiqincə dəyərləndirilsə belə, əgər istedadlıdırsa, torpağına bağlıdırsa, onun həyatında xalqının taleyi bütöv əks olunur. Şahın və çarın iradəsi ilə Araz keçilməz sərhədə çevriləndə onun 16 yaşı vardı. Uşaqlığından bu dərd onun ürəyində kök salmışdı. Ata çayın o tayında, ana da bu tayında qaldı. Sonralar o, gənclik xatirələrində də Təbriz və Tiflisdən, Gəncə və Qarabağdan söz açmağı unutmurdu.

Əslində, rus mülkidiplomatik idarələrində Mirzə Fətəlinin tərcüməçilikdən başqa ayrı bir rəsmi, hüquqi, siyasi səlahiyyəti olmayıb. Lakin o vaxt Rusiyanın tez-tez dəyişən Qafqaz hakimlərinin, demək olar ki, hamısının həyatında özünəməxsus rolu olub. Həm çar hakimlərinin tövsiyələrini, qərarlarını, əmrlərini xalq kütlələrinə tərcümə edərək çatdırırdı, həm də güzəran əlindən, dolanışıqdan ərizə, şikayət və xahişlərlə onun üstünə gələn millətin dərdini yuxarı dairələrə  yetirirdi. Tədqiqatlar göstərir ki, onun bu sahədə xidmətləri də milli-mənəvi mövqeyə söykənirdi. Qasım bəy Zakirin sürgündən azad edilməsində, Mehdiqulu xanın vəfatından sonra qızı Natəvanın müdafiəsində, xüsusən Gəncənin rus qoşunları tərəfindən işğalı zamanı qəhrəmanlıqla həlak olan Cavad xanın sağ qalmış varislərinin mühafizəsindəEMirzə Fətəlinin xidmətləri əvəzsiz idi. Müxtəlif müharibələr zamanı Mirzə Fətəli rus-türk, İran-rus sərhəd münaqişələrini qaydaya salan komissiyaların diplomatik danışıqlarında tərcüməçi kimi iştirak edib. O, bu sahədə düz 26 il çalışıb. Dəftərxana təcrübəsi Mirzə Fətəliyə imkan verib ki, o, təkcə Qafqazda, Yaxın Şərq ölkələrində rus imperiya siyasətinin mətbəxinə yox, həm də bütün Yaxın və Orta Şərq ölkələrində Avropa ölkələrinin qlobal geosiyasi maraqlarına yaxından bələd olsun. Elə bu bilgilərin, məlumatların da Mirzə Fətəlinin mütəfəkkir kimi yetişməsində necə rol oynadığını təsəvvür etmək çətin deyildi. Bioqrafiyasından çəkilən ləçəklərin hər birində vətən oğlunun mənalı ömrünün anları görünür. Rusiya İmperator Coğrafiya Cəmiyyəti Tiflis şöbəsinin, Arxeoqrafik Komitənin, Qafqaz Hərbi Dairəsinin hərbi topoqrafiya şöbəsinin üzvü kimi də Mirzə Fətəli Axundzadə Qafqaz miqyasında həm də elmi tədqiqatla məşğul olub. O, "Əkinçi" qəzetinin və Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin yaranmasında da yaxından iştirak edib.

M.F.Axundzadənin şəxsi həyatı ziddiyyətlərdən, ağrı-acılardan və müəmmalardan keçib. Həyat yoldaşı Tubu xanımdan olan 13 övladdan yalnız ikisi sağ qalıb: oğlu Rəşid bəy və qızı Nisə xanım. İkinci nikahdan isə (gəncəli Cavad xanın nəslindən olan Nazlıbəyim xanımdan) Seyrabəyim adlı bir qızı olub. Bu qız da vaxtsız dünyasını dəyişib. Oğlu Rəşid isə Brüsseldə və Peterburqda ali təhsil alıb, ömrünün sonunadək Tiflis dəmir yolunda mühəndis işləyib. Mirzə Fətəli Axundzadə 1878-ci ildə vəfat edib. Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilib.

 

 Həyatın güzgüsü

 

Mirzə Fətəli yaradıcılığını şərh edən ədəbiyyatçılar onun əsərlərini Azərbaycan həyatının güzgüsü kimi dəyərləndiriblər. Maraqlıdır ki, görkəmli dramaturqnasir kimi şöhrət qazanan Mirzə Fətəli bədii yaradıcılığa şair kimi başlayıb. Onun ilk bədii əsəri "Zəmanədən şikayət" adlı şeiri sayılır. "Səbuhi" təxəllüsü ilə fars dilində yazılan bu əsərin qələmə alındığı tarix dəqiq məlum deyil. Sadəcə, şeirin məzmunu ilə tanış olduqda müəyyənləşdirmək olur ki, müəllif bunuzaman yaza bilərdi. Klassik şeir ənənələri əsasında, məsnəvi formasında yazılan bu əsər ideya-bədii məzmununa görə Şərq poeziyasında geniş yayılan "Şikayətnamə"ləri xatırladır. Əslində, avtobioqrafik səciyyə daşıyan əsərdə müəllifin ovqatı, üzləşdiyi ədalətsizliklər, daxili iztirabları, gələcək taleyi haqqındakı narahatlıqlar əks olunub. Mirzə Fətəlinin bizə gəlib çatan ikinci bədii əsəri "Puşkinin ölümünə Şərq poeması"dır. Bu əsər də fars dilində yazılıb, sonra müəllifin özü tərəfindən rus dilinə tərcümə edilib. Şeir ənənəvi "Müsibətnamə"lər üslubunda yazılıb. Tədqiqatçıların fikrincə, bu poema ədəbiyyatımıza yeni bir nəfəsin, ruhun gəldiyini nümayiş etdirdi. Bu əsər həm də Azərbaycan-rus ədəbi əlaqələrinin əsasını qoydu.

Bəllidir ki, Azərbaycan ədəbiyyatında kifayət qədər xalq dramları, folklor nümunələri mövcuddur. Bir çox dastanlarımız da mənzum formadadır. Poeziyamızın da tarixi qədimdir. Ancaq yeni tipli dramaturgiyanın əsasları yalnız XIX əsrin ikinci yarısında qoyulub. Çox əlamətdar və tarixi bir hadisədir ki, nəinki Azərbaycan, bütün Şərq ədəbiyyatında dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadədir. Yaradıcılığına şeirlə başlasa da, XIX əsrin 50-ci illərində bir-birinin ardınca "Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah cadukuni-məşhur", "Hekayəti-xırs quldurbasan", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara") və "Mürafiə vəkillərinin hekayəti" adlı altı komediya yazmaqla ədəbiyyata yeni ədəbi forma və mündəricə gətirdi.

Böyük mütəfəkkir yazıçı 1857-ci ildə tamamladığı "Aldanmış kəvakib" povesti ilə Azərbaycan ədəbiyyatında bədii nəsrin yeni, həm də çox uğurlu bir nümunəsini yaratdı. Ədəbiyyatşünaslar da yekdil olaraq təsdiqlədilər ki, ədəbiyyatımızda realist nəsrin əsasları məhz bu povestlə qoyuldu. Bədii quruluş cəhətdən fəlsəfi- publisist janra mənsub olan bu povest öz məzmunu, ictimai-siyasi istiqaməti ilə diqqət çəkir. Ədəbiyyatşünas-alim Nadir Məmmədovun fikrincə, "Aldanmış kəvakib" ideya məzmunu cəhətdən maarifçilik ideologiyası, həyatı əks etdirmək prinsipləri cəhətdən isə realizm yaradıcılıq metodu prinsipləri əsasında yazılıb".

Bu povestdə bədii şəkildə qaldırılan sosial problemlər daha ətraflı şərhini və konkret elmi-fəlsəfi təhlilini Mirzə Fətəlinin digər bir məşhur əsərində - "Kəmalüddövlə məktubları"nda tapıb. Əsərin bütün ruhunda, fəlsəfi məğzində yeniləşmə arzusu var. Bir yazıçı ustalığı ilə ümumxalq mövqeyindən çıxış edən müəllif həmişə bədii və fəlsəfi əsərlərində qaldırdığı bütün problemlərdə millətin sabahını düşünürdü. Mirzə Fətəli Axundzadə böyük maarifçi idi. Bu səbəbdən də feodal düşüncəyə tənqidi yanaşırdı.

O, soydaşlarının acizliyini, bəlalar qarşısında fağır görkəmini qəbul edə bilmirdi. Həyatda məğrur olsa da, həmişə xalqın sabahı yolunda narahatlıq keçirirdi. Millətin maariflənməsi yolunda nadanlara, cahillərə qarşı daim mübarizə aparırdı. Sovet dövründə Mirzə Fətəli Axundzadəni bizə dinsiz, ateist kimi təqdim edirdilər. Hətta vaxtilə söylədiyi "Mən külli-ədyanı puç və əfsanə hesab edirəm" fikrinionun dinsiz olması ilə əlaqələndirirdilər. Hacı Axund Ələsgərdən tərbiyə alan, onun ocağında böyüyən, ilk təhsilini də mədrəsədə keçən, bütün Şərqin adət-ənənəsinə dərindən bələd olan, insanlıq naminə həmişə işıqlı fikirlər uğrunda mübarizə aparan Mirzə Fətəli Axundzadə doğrudanmı dinsiz idi? Ömrü boyu fanatizm, din pərdəsi altında insanlara zülm verənlərə qarşı mübarizə aparan bir insan allahsız ola bilməzdi. Əziz Şərif 1938-ci ildə dramaturqun rus dilində nəşr olunmuş əsərlərinə yazdığı müqəddimədə "Kimyagər" komediyasının əsas qəhrəmanı Molla İbrahimxəlil obrazını təhlil edərək belə bir fikir irəli sürüb ki, Molla İbrahimxəlilin dinlə, ruhanilərlə heç bir əlaqəsi yoxdur və müəllif onun simasında dinə toxunmayıb: "Bəzi tənqidçilərin etdiyi kimi, iksir sahibi Molla İbrahimxəlili din əhlindən hesab etmək qətiyyən doğru deyildir. O, molla adlansa da, ruhani təbəqəsinə mənsub deyildir. Savadı olan və Şərq dillərini bilən hər kəsə molla adı verilirdi". Axundzadənin dram əsərlərində bilavasitə ruhani obrazının olmamasını nəzərə alsaq, bu mülahizədən belə nəticə çıxara bilərik ki, müəllif öz komediyalarında nə ruhaniləri, nə də bilavasitə dini qayda-qanunları tənqid atəşinə tutub. Mirzə Fətəli Axundzadə öz fırıldaqlarını həyata keçirmək üçün dindən alət kimi istifadə edən yaramazları hədəfə alıb. Mirzə Fətəli yeganə mütəfəkkirdir ki, ilk əsərlərindən başlayaraq bütün yaradıcılığı boyu dinə ehtiyatla yanaşıb, onun əsaslarına toxunmayıb, bir istismar aləti kimi kiminsə ondan istifadə etdiyindən yazıb. Axundzadə dini fanatizmin, geriliyin əleyhinə idi.

Mədəniyyət tariximizin başqa bir şərəfli səhifəsi də məhz Mirzə Fətəli Axundzadə ilə bağlıdır. Böyük dramaturq 10 mart və 17 aprel 1873-cü il tarixlərdə tamaşaya qoyulmuş "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyaları ilə bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirdi.

Cəmi 66 il ömür sürmüş Mirzə Fətəli bu dünyadan, ən başlıcası da millətinin taleyindən çox narahat getdi. Cahil və avamların çoxluq təşkil etdiyi bir dövrdə arzuları yarımçıq qaldı. İşıqlı sabahları yolunda həyatını şam kimi əritdiyi, əvəzində "sağ ol"dan çox töhmət və tənə ilə üzləşdiyi vətənində milləti, xalqı onu olduğu kimi anladımı? Əlbəttə, dəyişən quruluşlar, çarpışan ideyalar, uzanan repressiyalar, basqılar, təzyiqlər yurdumuza çox bəlalar gətirdi. Amma bütün qaranlıqlardan çıxmağı, buxovlardan azad olmağı bacaran Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi xəritəsində öz yerini təsdiqlədi. Bu gün təkcə Azərbaycanda deyil, bütün türk dünyasında Mirzə Fətəli Axundzadə ehtiram və məhəbbətlə xatırlanır.

Azərbaycan ədəbiyyatının, mədəniyyətinin tarixində böyük rolu olan Axundzadənin yolunu davam etdirən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə vaxtilə bu mütəfəkkirin çətinliklə saldığı izləri genişləndirdilər. Milli dramaturgiyamız, nəsrimiz onların sayəsində zənginləşdi. Mirzə Fətəli məğrur, əyilməz, mübariz bir insan idi. Onun əlifba uğrunda mübarizəsi də bu sahədə çarpışanlar üçün bir məktəb idi. Dövlət müstəqilliyimizi qazandıqdan sonra biz yenidən latın qrafikasına keçdik. Yaxşı olardı ki, ömrü boyu yeni əlifba uğrunda mübarizə aparan Mirzə Fətəli Axundzadənin ədəbi irsi bu əlifbada işıq üzü görəydi. Unudulmaz mütəfəkkir haqqında çoxsaylı araşdırma və monoqrafiyalar da var. Onları da bugünün gözü ilə saf-çürük edərək oxuculara çatdırmaq Axundzadə irsi qarşısındakı vətəndaşlıq borcumuzun yerinə yetirilməsi sayılardı.

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 10 mart.- S. 7.