Səhnə təkcə
həyatın güzgüsü deyil, həm də tarixin bədii
təcəssümüdür
10 mart Milli Teatr Günüdür
Ulu öndər Heydər Əliyev Azərbaycan milli teatrının qazandığı nailiyyətlərlə bağlı deyib: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır".
Həqiqi sənət əsərlərinin dəyəri ondan ibarətdir ki, gerçəklik onlarda dərk edilmiş şəkildə verilir. Əlbəttə, Azərbaycan teatr tarixinə adları qızıl hərflərlə yazılan korifey sənətkarlarımızın həyat və fəaliyyətinə nəzər salsaq, bir daha yəqinləşdirərik ki, milyonlarla adamın həyat və təfəkkür tərzi - onların ictimai münasibətləri, baxışları, adətləri, inamları, idealları, arzu və istəkləri M.F.Axundzadə, S.S.Axundov, N.B.Vəzirov, Ə.B.Haqverdiyev, eləcə də S.Ruhulla, H.Sarabski, H.Ərəblinski, M.A.Əliyev, M.Sənani, F.Qədiri, M.Kələntərli, İ.Osmanlı, A.Gəraybəyli, R.Əfqanlı, L.Abdullayev, B.Səfəroğlu, Y.Vəliyev, B.Şəkinskaya, C.Cəfərov, S.Rzayev, L.Bədirbəyli, H.Qurbanova, H.Turabov, N.Məlikova və digər sənətkarların yaradıcılığında təcəssüm etdirilib.
Azərbaycan milli teatrının yaranması və inkişafında başqa sənət korifeyləri ilə yanaşı, böyük əməyi olmuş əməkdar artist Murad Muradov xatirələrində 1905-ci ildə qastrola hazırlaşmaları barədə yazırdı: "...Lənkəran səfəri ərəfəsində "Müsibəti-Fəxrəddin" pyesinin hazırlıq məşqləri gedirdi. Tamaşanın başlanmasına lap az qalmışdı. Fəxrəddin obrazını oynayırdım. Qəflətən xəstələndim. Tamaşanın bileti tamamilə satılmışdı. Ona görə də tamaşanı təxirə salmaqdan söhbət belə gedə bilməzdi. Əvəzedici aktyor lazım idi. Əbülfət Vəli qərara gəldi ki, yerli həvəskarlardan kimi isə tapmaq lazımdır. Lakin faciənin mətnini ancaq truppa üzvləri bilirdi. Bu zaman Hüseynbala Xələfov sakitcə rejissor Əbülfət Vəliyə yaxınlaşdı və rolun ona verilməsini istədi. Əbülfət Vəli gənc aktyorun baxışlarındakını oxudu. Böyük məhəbbətlə teatra bağlı olan gənc Hüseynbalanın belə bir məsuliyyətin altına girməsindən məmnun olub razılıq verdi. Sonrakı 3 saat göstərdi ki, rejissor nəinki doğru addım atmışdı, üstəlik, o, milli səhnə üçün istedadlı bir aktyoru da üzə çıxarmışdı..."
Milli teatrın yaradıcıları barədə sonralar dramaturq Sabit Rəhman da ətraflı məlumat vermiş, o dövrün gənc aktyorlarından olan Hüseynqulu Sarabski və Murad Muradovun səhnə fəaliyyəti, ümumiyyətlə, potensiallarını geniş şərh edərək yüksək qiymətləndirmişdir.
1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatının çapdan buraxdığı Azərbaycan İncəsənət İnstitutunun "Azərbaycan incəsənəti" buraxılışında da milli teatrımızın yaradıcıları sayılan H.Ərəblinski, C.Zeynalov, H.Sarabski, M.Əliyev, S.Ruhulla, M.Davıdova və başqalarının da teatr tarixindəki şərəfli xidmətlərindən bəhs edilir.
1873-cü ildən bugünədək şərəfli və keşməkeşli tarix yaşamış Azərbaycan milli teatrı müxtəlif siyasi, ədəbi-bədii mərhələlərdən keçib. Yarandığı vaxtlardakı ilk yaradıcılar, həvəskarlar teatra can yanğısı ilə yanaşdılar. Bu gün də səhnə fədailəri eyni həvəs və məhəbbətlərini əsirgəmirlər.
139 il bundan öncə M.F.Axundzadənin "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyaları ilə səhnə pərdələrini geniş tamaşaçı üzünə açan Azərbaycan milli teatrı qarşısına qoyduğu məqsədə çatmaq üçün çox da hamar olmayan yollar keçib, siyasi cərəyanların bir-birini əvəz etməsindən meydana çıxan məşəqqətləri də yaşayıb. Lakin xalqımızın mədəniyyət, o cümlədən milli teatr tarixindən görünür ki, tamaşaçı məhəbbəti, sənətə bağlılıq qarşıya çıxmış bütün çətinlikləri aradan qaldırmaqla həyat hadisələrini səhnəyə daha böyük sevgi və şövqlə gətirib.
Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqünün formalaşmasında, maarifləndirmənin sürətləndirilməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların carçısına çevrilib.
Mədəniyyət tarixinin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyinin bərpasından sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. İllərdən bəri baxımsızlıq üzündən öz simasını dəyişmiş, teatr binalarının bərpası ilə yanaşı, yaradıcı kollektivlərə diqqət və qayğı öz bəhrəsini qısa müddət ərzində göstərdi. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən müntəzəm şəkildə müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni sənət əsərləri səhnəyə çıxarıldıqca sənətkarların yubileyləri qeyd edilir, onların ictimai həyatdakı nüfuzları getdikcə artırılır. Məhz Azərbaycan milli teatrına dövlət və xalq məhəbbətinin təzahürüdür ki, yaradıcı kollektivlərin beynəlxalq mədəni əlaqələri genişlənir. Bu isə Avropa və Şərqdə mədəniyyətimizin təbliğində mühüm vasitələrdən biridir. Respublikada olan 27 dövlət, həmçinin bələdiyyə, uşaq və özəl teatrların səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlara hər cür qayğı göstərilir.
"Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamında milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan milli teatrının tarixi keçmişi və bugünkü vəziyyəti barədə söz açarkən ilk növbədə onların bəzilərinin erməni vandalizminin qurbanlarına çevrilməsini xatırlatmalıyıq. İrəvan, Şuşa, Ağdam, Füzuli dövlət dram teatrlarının kollektivləri ötən 20 il ərzində qaçqınlq-köçkünlük ağrılarını daşımaqla yanaşı, düşmənin mənfur, çirkin siyasətinin ifşasının bədii ifadəsini tapmaq üçün yaradıcı potensialından səmərəli istifadə edib.
Lakin müxtəlif yerlərdə, sadəcə, uyğunlaşdırılmış şəraitdə tamaşalar hazırlayan Füzuli Dövlət Dram Teatrı yenidən Horadiz şəhərinə qayıdıb və fəaliyyətini doğma yurd yerində bərpa edib. Ağdam, Şuşa, İrəvan dövlət dram teatrlarının öz fəaliyyətlərini bərpa etmələri, təbii ki, mədəniyyətimizə dövlət qayğısının təzahürüdür.
Azərbaycan milli teatrının inkişafı bir sıra digər amillərdə də özünün təsdiqini tapıb. YUNESKO-nun Beynəlxalq Teatr İnstitutu konqresinin Bakı şəhərində keçirilməsi də məhz Azərbaycanın təkcə mədəniyyətinin deyil, həmçinin iqtisadiyyatının da bugünkü tərəqqisinin nəticəsidir.
1961-ci il mart ayının 27-də YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresi səhnə sənətinin tarixinə əlamətdar gün kimi yazılıb. Orada qəbul edilən qərara əsasən, hər il mart ayının 27-si Beynəlxalq Teatr Günü kimi qeyd edilir.
Son zamanlar paytaxt Bakının müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilk növbədə Azərbaycan mədəniyyətinə və incəsənətinə maraqdan irəli gəlirsə, bu, eyni zamanda ölkəmizin dinamik inkişafı ilə də əlaqədardır. Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Gənc Tamaşaçılar Teatrı ilə birgə reallaşdırdığı layihə əsasında fevralın 20-dən 26-dək Bakıda keçirilən silsilə tədbirlər də bu qəbildəndir.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da 1965-ci ildə uşaq və gənclər teatrları mütəxəssislərinin beynəlxalq alyansı kimi təşkil edilən, dünya üzrə 84 milli mərkəzin fəaliyyət göstərdiyi ASSITEJ-in üzvüdür. Tədbirdə o da qeyd olunub ki, bu kimi beynəlxalq seminar və treninqlər aktyorların və ümumiyyətlə, gənc mütəxəssislərin dünya teatrlarında baş verən ədəbi proseslərlə tanışlıqda mühüm əhəmiyyət daşıyır. "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" çərçivəsində təşkil edilən seminarların respublikamızda səhnə sənətinin inkişafında mühüm rol oynayacağı da vurğulanıb. Dünya teatrlarının nüfuzlu təmsilçiləri Kim Peter Kovaç (ABŞ), Noel Cordan (Avstriya), Jerome Etoundi (Kamerun) və Maria Luisa Gimenez Kaço (Meksika) səhnə sənətinin hazırkı vəziyyəti və problemlərindən bəhs edərək Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirləri təqdir etdiklərini dilə gətiriblər.
"Uşaq nağıllarının müasir yozumu"na həsr edilən seminarda İslandiya, Hindistan, Argentina və Böyük Britaniyadan olan teatr mütəxəssisləri azyaşlıların marağını cəlb edən "Cırtdan" Azərbaycan xalq nağılının səhnə yozumu ətrafında maraqlı fikir mübadiləsi aparıblar. Seminarda Akademik Milli Dram, Gənc Tamaşaçılar, "Yuğ" və Bakı Uşaq teatrlarının kollektivləri iştirak ediblər. Toplantı çərçivəsində keçirilən mətbuat konfransında ASSITEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov bildirib ki, bugünkü toplantının təməli ötən ilin noyabrında Bakıda baş tutan, 22 ölkənin təmsil olunduğu I Beynəlxalq Kukla Teatrları Festivalında qoyulub.
ASSITEJ-in İcra Komitəsinin
prezidenti beynəlxalq tədbirin Bakıda təşkil
olunmasından məmnunluğunu ifadə etməklə,
növbəti üç ildə qarşıda duran vəzifələrdən
danışıb və həmçinin Azərbaycanın digər
teatrlarının da adıçəkilən təşkilatda
təmsil olunması üçün əməkdaşlıq
sahələrinin araşdırıldığını
bildirib.
Mətbuat konfransında Ş.Səfərov "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" çərçivəsində keçirilmiş tədbirləri xatırladaraq Bakının dünya teatr mərkəzlərindən birinə çevriləcəyini də qonaqların diqqətinə çatdırıb. O, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 2010-cu ildə 30 ölkənin nümayəndəsinin qatıldığı Bakı Beynəlxalq Teatr Konfransı və 2011-ci ildə 22 dövlətin təmsilçiliyi ilə keçirilən I Bakı Beynəlxalq Kukla Teatrları Konfransı və 16 ölkənin səhnə mütəxəssislərinin iştirak etdiyi tədbirlərin Azərbaycan milli teatrının inkişafı və təbliğində, dünya arenasına çıxarılmasında olduqca mühüm əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan milli teatrının bünövrəsi meydan tamaşalarından qoyulduğundan onun bundan sonra da uzunömürlü olmasına, təbii ki, şübhə yoxdur. Çünki bu sənəti yaşadanlar yalnız səhnə fədailəri deyil, həmçinin xalqın özüdür. Xalq isə özünün tarixi keçmişini yaşatmaqda mühüm vasitə rolu oynayan mədəniyyət və incəsənətinin inkişafı yolunda daim mübarizələrdən keçib. Bu bayramın mart ayında keçirilməsinin isə xüsusi əhəmiyyət daşıdığı danılmazdır. Çünki Novruz tədbirləri də folklor nümunələri sayılan meydan tamaşaları və məzhəkələrlə daha çox yaddaqalan olur.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 10 mart.- S. 7.