Əli HƏSƏNOV:
“İran-Azərbaycan
münasibətlərində gərginlik yoxdur”
Son zamanlar İran-Azərbaycan münasibətlərində gərginlik yoxdur. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ANS-ə müsahibəsində bildirib ki, sadəcə olaraq, İranda olan bəzi dairələr Qərb ölkələrinin İrana edəcəyi hərbi təcavüzdən ehtiyatlanaraq bütün qonşu dövlətlərə, xüsusilə də hərbi təhlükəsizlik sahəsində Qərb dövlətləri ilə münasibətləri olan qonşularına qarşı bu cür basqılar edir. Əli Həsənovun fikrincə, bütün bu basqıların əsasında isə rəsmi Tehran bir daha əmin olmaq istəyir ki, qonşularının ərazisindən onlara qarşı istifadə olunmayacaq.
"Azərbaycan dəfələrlə bu bəyanatı verib. Azərbaycan, əlbəttə, öz daxili, xarici münasibətlərini öz maraqlarına uyğun qurur. İranda bizim soydaşlarımız var. Heç vaxt anti-İran meyilli qüvvələr Azərbaycanda meydan oxumayacaq", - deyə Ə.Həsənov bəyan edib.
Rəsmi Təl-Əvivin Azərbaycana böyük məbləğ dəyərində silah satmağı planlaşdırmasına dair İsrail mətbuatında yazılanların İranda narahatlıq yaratmasına da münasibət bildirən Əli Həsənov deyib ki, Azərbaycanın atdığı bütün addımların arxasında özünün hərbi təhlükəsizlik maraqları dayanır. Əraziləri işğal altında olan Azərbaycan heç kimə hücum etməyə hazırlaşmır.
"Ərazi bütövlüyümüz bərpa edilməyib. Azərbaycan müdafiə qabiliyyətini, qüdrətini necə bacarırsa, necə istəyirsə, o cür də edir. Buna heç bir xarici ölkənin qarışmaq haqqı yoxdur. Azərbaycan heç kimə hücum etməyə hazırlaşmır. Ancaq öz suverenliyi üçün öz hərbi qüdrətini artırmaq istəyir", - deyə Ə. Həsənov vurğulayıb.
Son zamanlar Rusiya
ilə Azərbaycan arasında Qəbələ RLS-i ilə bağlı
danışıqların intensivləşdiyini deyən Əli
Həsənovun sözlərinə görə, başqa bir ölkəyə
məxsus hərbi obyektin Azərbaycan ərazisində
olması ictimaiyyət arasında ciddi
narahatlığa səbəb olub və bu istiqamətdə danışıqlar hələ
də davam edir.
Azərbaycan.- 2012.- 11 mart.- S. 3.