Avropa Parlamentinin Azərbaycanda səfərdə olan deputatları məcburi köçkünlərin vəziyyəti ilə maraqlanmışlar

 

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin deputatları Bakıda məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların vəziyyəti ilə maraqlanmışlar.

Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasına gələn qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından didərgin düşmüş məcburi köçkünlərin bu yataqxanada ağır şəraitdə yaşamaları haqqında məlumat verilmişdir.

Füzuli rayonundan məcburi köçkün Abbas Əliyev 20 ildir ağır vəziyyətdə yaşamalarından, öz doğma yurdlarına qayıtmaq arzularından danışmışdır.

Avropalı deputatlar məcburi köçkünlərin vəziyyətlərini yaxşı başa düşdüklərini qeyd etmiş, onların ağır vəziyyətləri barədə beynəlxalq ictimaiyyətə məlumat verəcəklərini, problemlərini Avropa Parlamentində müzakirəyə çıxaracaqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 3.