Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı Avropa Tələbələr
Birliyinə üzv olmağa layiqdir
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Avropa Tələbələr Birliyinə (ATB) üzv olmağa layiqdir.
AzərTAc xəbər verir ki, bu sözləri martın 10-da ölkəmizdə səfərdə olan ATB idarə heyətinə üzv təşkilatların nümayəndə heyətinin rəhbəri Karlos Agius Bakıda keçirilən mətbuat konfransında söyləmişdir.
Bildirmişdir ki, Avropa Tələbələr Birliyinə 38 ölkədən 45 tələbə təşkilatı daxildir. ATGTİ nümayəndələri ATB idarə heyətinin 2011-ci ilin noyabrında Bolqarıstanda keçirilmiş iclasında iştirak etmiş, təşkilatın təqdimatını keçirmişlər. Təqdimatdan sonra ATB idarə heyəti ATGTİ-nin təşkilata müşahidəçi qismində üzvlüyünə razılıq vermiş və nümayəndə heyətini Azərbaycana göndərmişdir.
Finlandiya, Polşa, Estoniya, Serbiya və Malta təmsilçilərindən ibarət nümayəndə heyətinin səfərinin məqsədi ATGTİ ilə əlaqələri genişləndirmək, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti və təhsil sistemində aparılan islahatlarla tanış olmaqdır.
Qonaq vurğulamışdır ki, səfər çərçivəsində ATB nümayəndə heyəti 20-dən çox rəsmi görüş keçirmiş, Təhsil, İdman və Gənclər nazirliklərində olmuşdur. Həmçinin Gəncəyə səfər edən qonaqlar burada ali təhsil ocaqları, dövlət qurumları və regional qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə tanış olmuşlar.
Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatındakı fəallığını yüksək qiymətləndirən K.Agius Xəzər, Slavyan və Azərbaycan Dillər universitetlərində keçirdikləri görüşlərlə bağlı təəssüratlarını bölüşmüş, ölkəmizdə Balonya təhsil sisteminə keçilməsinin əhəmiyyətindən danışmışdır. Səfərdən razı qaldığını bildirən Karlos Agius nümayəndə heyətinin müsbət rəyinə əsasən ATGTİ-nin ATB-yə tamhüquqlu üzv seçiləcəyinə əmin olduğunu söyləmişdir.
Mətbuat konfransında ATGTİ-nin sədri Şahin İsmayılov bildirmişdir ki, ATB idarə heyətinin bu il aprelin 19-dan 24-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək toplantısında ATGTİ-nin quruma üzvlüyü məsələsinə baxılacaqdır.
Sonda jurnalistlərin sualları
cavablandırılmışdır.
Azərbaycan.- 2012.- 11 mart.- S. 3.