Azərbaycan ilə
Fransa arasında mədəniyyət əlaqələrinin
inkişaf perspektivləri müzakirə edilmişdir
Martın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, belə görüşlərin Azərbaycan-Fransa ikitərəfli əməkdaşlığının genişlənməsinə xidmət etdiyini vurğulayan Ə.Qarayev qarşılıqlı səfərlərin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirmişdir.
Son illərdə Azərbaycanda turizm sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdıran nazir bildirmişdir ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində son illərdə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
Əbülfəs Qarayev demişdir ki, Fransanın, eləcə də dünyanın ən böyük muzeylərindən olan Luvr Muzeyində Azərbaycan mədəniyyətini təbliğ edən sərgilərin təşkili bizim üçün böyük hadisələrdəndir. Bu gün Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin repertuarında tanınmış fransız bəstəkarlarının əsərlərinin yer alması, kino və incəsənətin digər sahələrində birgə layihələrin həyata keçirilməsi bizə yaxın gələcəkdə əməkdaşlıq baxımından daha yaxşı nəticələr vəd edir.
Azərbaycana səfərindən böyük məmnunluq hissi duyduğunu söyləyən Frederik Mitteran Bakıda aparılan quruculuq işlərini yüksək qiymətləndirmişdir.
Qonaq qeyd etmişdir ki, Azərbaycanda aparılan tikinti işləri son memarlıq üslubunda və xüsusi zövqlə icra edilir. Bu, Azərbaycanda dünya memarlığının son üslub və gözəlliklərini özündə əks etdirən yeni tikililərə xüsusi önəm verildiyinin göstəricisidir.
Frederik Mitteran vurğulamışdır ki, burada olduğum qısa müddətdə Azərbaycan xalqının tarixi keçmişinə və bugünkü inkişaf yoluna yenidən nəzər saldım. Qazanılan hər bir uğur və dövlətinizin inkişafı naminə həyata keçirilən layihələr məni olduqca sevindirdi. İnanıram ki, bizim bu görüşlərimiz Azərbaycan ilə Fransa arasında mövcud olan iqtisadi, siyasi, mədəni əlaqələrə yeni töhfələr verəcəkdir.
Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən qonaq vurğulamışdır ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr bundan sonra daha da genişlənəcəkdir.
Sonda tərəflər
bir-birlərinə xatirə hədiyyələri təqdim
etmişlər.
Azərbaycan.- 2012.- 11 mart.- S. 3.