Fransanın mədəniyyət
və kommunikasiya naziri Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinin yeni binasının əhəmiyyətini
yüksək qiymətləndirmişdir
Bakıda səfərdə olan Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran martın 10-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında tikinti işlərinin gedişi və Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, əvvəlcə qonaq Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonağa maket və eskiz layihələri əsasında məlumat vermişdir ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun birgə layihəsi əsasında inşa edilən binanın tikintisinə 2008-ci ilin mayında başlanılmışdır. Milli memarlıq ənənələrinə daha çox üstünlük verilən muzeyin dördmərtəbəli yeni binasının tikintisi artıq başa çatmaq üzrədir. Ümumi sahəsi 18 min kvadratmetrdən çox olan binanın birinci mərtəbəsində muzeyə gələn qonaqlar üçün guşələr, inzibati və elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaqdır. Dördüncü mərtəbədə isə sərgi salonları və görüş otaqları yerləşəcəkdir. Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunan arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri fəaliyyət göstərəcəkdir. Burada həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün də sahə nəzərdə tutulmuşdur. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaqdır.
Muzeyin yeni binası istifadəyə verildikdən sonra burada 200 nəfərin çalışacağı nəzərdə tutulmuşdur. Yeni bina Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcəkdir.
Fransalı nazir dünya mədəniyyətinin nadir incilərindən hesab olunan Azərbaycan xalçalarının qorunması və nümayiş etdirilməsi baxımından muzeyin yeni binasının tikilməsinin əhəmiyyətini yüksək qiymətləndirmişdir. O qeyd etmişdir ki, muzey fəaliyyətə başladıqdan sonra Azərbaycan mədəniyyətinin təbliğinə dəyərli töhfəsini verəcəkdir.
Qonaq muzeyin yeni binasında aparılan tikinti işlərinin gedişi ilə bağlı videoçarxa baxmışdır.
***
Sonra Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran Dənizkənarı Milli Parkda yerləşən Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur.
Bildirilmişdir ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin inşası Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Mərkəz ilə yaxından tanış olan fransalı nazir burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxmışdır.
Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran gənc muğam ifaçılarının çıxışlarını maraqla dinləmişdir.
Sonda qonağa hədiyyələr təqdim
olunmuşdur.
Azərbaycan.- 2012.- 11 mart.- S. 3.