Fransalı qonaqlar "Nizami" Kino Mərkəzi ilə tanışlıqdan xoş təəssüratlarla ayrılmışlar

 

 Azərbaycanda səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyəti martın 10-da "Nizami" Kino Mərkəzi ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqlara yeni istifadəyə verilmiş mərkəz haqqında ətraflı məlumat vermişdir.

Bildirmişdir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" çərçivəsində burada aparılan əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə başa çatdırılmışdır. Mərkəzin binasında dörd zal yaradılmışdır. Xaricdə istehsal olunan rəqəmsal kinoproyektorlarla, digər kinoqurğularla təchiz edilmiş bütün zallarda işıq, səs, akustika sistemləri yenidən qurulmuşdur.

Birinci mərtəbədə yüksək zövqlə və müasir dizaynda qurulan 80 və 50 yerlik zallarda filmlərin izlənməsi üçün hər cür şərait yaradılmışdır.

Qonaqlar ikinci mərtəbədə müxtəlif tədbirlərin və təqdimat mərasimlərinin keçirilməsi üçün ideal şəraiti ilə diqqəti cəlb edən foye ilə tanış olmuşlar.

Azərbaycanda 3D filmlərinin nümayişi üçün ən böyük - 18 metrlik ekranın quraşdırıldığı 500 yerlik əsas zal ilə tanışlıq zamanı məlumat verilmişdir ki, burada beş dildə sinxron tərcümə sistemi yaradılmışdır.

Qonaqlar kinoteatrın beşinci mərtəbəsində 250 yerlik "Cinema" restoranına baxmışlar. Bildirilmişdir ki, retro üslubunda qurulan restoranda səhnə yaradılmış, divarlar məşhur Azərbaycan filmlərindən fraqmentləri əks etdirən fotolarla bəzədilmişdir. Restoranda tamaşaçıların istirahəti üçün hər cür şərait vardır. Restoranın ən böyük özəlliyi isə ölkəmizdə ilk dəfə məhz burada mövsümə uyğun olaraq mexaniki üsulla açılıb-bağlanan tavanın quraşdırılmasıdır.

Diqqətə çatdırılmışdır ki, "Nizami" Kino Mərkəzində inzibati otaqlarla yanaşı, mətbuat mərkəzi, televiziya qovşağı da yaradılmışdır. Aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra kinoteatr tamaşaçılar üçün yüksək rahatlığın təmin olunduğu mədəniyyət ocağına çevrilmişdir.

"Nizami" Kino Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən Frederik Mitteran kinematoqrafiya sahəsində əməkdaşlığın vacibliyini diqqətə çatdırmışdır. O vurğulamışdır ki, Fransa birgə film istehsalı ilə bağlı Azərbaycan tərəfi ilə əməkdaşlıq sazişi imzalamağa hazırdır.

Fransalı qonaqlar "Nizami" Kino Mərkəzi ilə tanışlıqdan xoş təəssüratlarla ayrılmışlar.

 

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 3.