Daha xoş günlər hələ qarşıdadır

 

 Ölkənin hər yerində olduğu kimi, Goranboy rayonunda da abadlıq-quruculuq işləri getdikcə daha geniş miqyas alır. Rayon sürətlə inkişaf edir, abadlaşır, tanınmaz olur. Bu sahədə ötən il həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ümumrayon toplantısında ətraflı danışıldı.

Əvvəlcə il ərzində görülən işlər haqqında rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev məruzə ilə çıxış etdi. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının tələblərinin və dövlət başçısı İlham Əliyevin tövsiyyə və tapşırıqlarının icrası sahəsində görülən işlərdən danışdı. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yanvarın 16-da keçirilmiş iclasındakı nitqi baxımından ötən ilin yekunlarını təhlil etdi, cari ildə qarşıda duran vəzifələrdən söhbət açdı. Sonra maliyyə, təhsil, polis, qaçqınlar şöbələrinin, mərkəzi xəstəxana və telekommunikasiya nümayəndələrinin məlumatları dinlənildi.

Qeyd olundu ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq kənd təsərrüfatı və sənaye sahələri sürətlə inkişaf edir. Taxıl istehsalı ilbəil artır. Mal-qaranın sayı çoxalır, məhsuldarlıq yüksəlir, Aqrar sahədə yeni-yeni üsullar tətbiq olunur. Boluslu kəndində 8, Nadirkənd kəndində 2, Yolpaq kəndində 11, Əzizbəyov kəndində 5 istixana quraşdırılıb. Borsunlu, Alpout, Fəxralı, Muzdurlar, Yəhərçi Qazaxlar, İrəvanlı kəndlərinin hər birində 4 istixananın yaradılması nəzərdə tutulub. Rayonda ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və üzümçülüyün bərpa edilməsi üzrə tədbirlər görülür.

Goran torpağında il ildən uğurlu gəlir. Son 8 il ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 25, adambaşına düşən məhsulun həcmi 3,5, əhalinin gəlirləri 43, orta aylıq əməkhaqqı 7,9 dəfə artıb.

Ötən il rayonda abadlıq və quruculuq işləri də çox aparılıb. Şəhərin küçələrinə 35 min kvadratmetr asfalt örtük salınıb,  bardür və tomet düzülüb, xeyli yerdə istinad divarları hörülüb, milli üslublu üzlük daşlar vurulub. Heydər Əliyev prospektində, S.Vurğun küçəsində və başqa yerlərdə bir neçə binanın dam örtüyü təzələnib, fasad hissələri suvanaraq rənglənib,  bağlarda və parklarda xeyli abadlıq işləri aparılıb.

İndi ölkəmizdə dahi Nizami Gəncəvinin 870 illik yubileyinə də geniş hazırlıq görülür. Bununla əlaqədar Goranboyun səfalı guşələrindən birində Nizami Gəncəvi adına park salınıb. Orada şairin heykəli qoyulub, ətrafında "Xəmsə"sinin incilərini əks etdirən maraqlı, məzmunlu kompozisiya yaradılıb, bir neçə fəvvarə quraşdırılıb, bulaq və əyləncə yerləri inşa edilib, istirahət guşəsi düzəldilib, oturacaqlar qoyulub, ağac və gül kolları əkilib, yaşıllıq zolaqları yaradılıb.

İl ərzində bir-birindən yaraşıqlı bir neçə bina da istifadəyə verilib. YAP rayon təşkilatı, uşaq şahmat məktəbi, şəhər 3 nömrəli tam orta məktəb, inzibati qaz istismarı sahəsi və qazpaylayıcı məntəqə üçün yeni binalar, habelə tutumu 200 ton olan soyuducu anbar tikilib, şəhər mədəniyyət evində əsaslı təmir işləri aparılıb.

Yol təsərrüfatı da həmişəki kimi diqqət mərkəzində olub. Kənd investisiya layihəsi çərçivəsində Goranlıya, Baxçakürdə, Tatarlıya, Ağamalıoğlu kəndlərinə abad yollar çəkilib, Məşədiqaralar-Eyvazlılar yolu əsaslı şəkildə yenidən qurulub.

Bundan əlavə, Dəliməmmədli şəhərinin, Qaradağlı, Qaraqucaq, Yolqullaq və Tatarlı kəndlərinin yollarındakı körpülər sahmana salınıb, Kürəkçay üzərində 25 metr uzunluğunda yeni körpü tikilib. Bütövlükdə, rayon üzrə 71,8 milyon manatlıq tikinti-abadlıq işləri görülüb. Sərhəd bölgəsinə ən ucqar kəndlərə elektrik enerjisi, su və təbii qaz xətlərinin çəkilişi işləri sistemli surətdə davam etdirilib. Onlarca yaşayış məntəqəsinə ilk dəfə olaraq qaz və su verilib.

Bir sözlə, il ərzində rayonda çox uğurlar əldə edilib və görülən işlərə dövlət başçısı İlham Əliyev növbəti səfəri zamanı yüksək qiymət verərək deyib: "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Goranboy rayonunda da uğurla həyata keçirilir. Dövlət proqramının icrası nəticəsində rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilmişdir".

Dövlət başçısı rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə icra hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan xeyli vəsait ayırıb. Odur ki, qarşıda mühüm vəzifələr durur. Ona görə də toplantıda əsas diqqət məhz icrası vacib olan problemlərə yönəldildi.

İlk öncə, qeyd edildi ki, torpaqlardan istifadə sahəsində nöqsanlar çoxdur. Mövcud 56,4 min hektar yay və qış otlaqlarının təqribən yarısı icarəyə verilib. Vəsaitin yığılması da qənaətbəxş deyil. İcarədə olan torpaqlara görə ötən il 43 min manat əvəzinə cəmi 32 min manat pul ödənilib.

Asudə fond torpaqlarından istifadənin vəziyyəti daha çox narahatlıq doğurur. Bəzi işbazlar hansı yollasa yay və qış otlaqlarını uzun müddətə icarəyə götürür, sonra isə mövsüm zamanı həmin yerləri rayonun heyvandarlarına satırlar. Bələdiyyə torpaqlarından istifadə sahəsində də ciddi qüsurlara yol verilir. Qanunsuz hallar Alpout, Qızılhacılı, Goranlı bələdiyyələrinin ərazilərində daha çoxdur. Əksər kəndlərdə perspektiv inkişaf üçün ayrılmış torpaq fondu heç bir ölçü-biçi gözlənilmədən dağıdıldığına görə ehtiyacı olan vətəndaşların tələblərini ödəmək mümkün deyil.

Toplantıda təhsil, səhiyyə, mədəniyyət və idman sahəsindəki vəziyyət də ətraflı təhlil olundu. Qeyd edildi ki, son illər təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Son səkkiz ildə rayonda 25 yeni məktəb binası, xeyli əlavə tədris korpusu tikilib, 20 məktəb əsaslı şəkildə yenidən qurulub. Hazırda Qızılhacılı qəsəbə və Nərimanlı kənd tam orta məktəbləri üçün  binaların inşası davam edir.

Bütün bunlarla yanaşı, təhsil sahəsində həlli vacib problemlər, qayğı və ehtiyaclar da çoxdur. Hazırda 16 məktəb, 14 uşaq bağçası üçün yeni binanın inşasına ehtiyac var. Əvvəllər bir tipli layihə əsasında tikilmiş səkkiz məktəbdə istilik sistemi yoxdur.

Tənqid və özünütənqid şəraitində keçən toplantıda daha bir mühüm məsələyə toxunuldu. Son vaxtlar bir-birindən yaraşıqlı binalar tikilir, yollar çəkilir, bağlar, parklar salınır. Lakin bəzi məmurların laqeydliyi üzündən təmizliyə, ekoloji sağlamlığa lazımi fikir verilmir. Buna görə təmizlik idarəsi və sanitar epidemioloji mərkəzin rəhbərləri ciddi tənqid olundular və qüsurların aradan qaldırılması üçün onlara konkret vaxt verildi.

Rayonda gənc nəslin fiziki cəhətdən inkişafına xüsusi diqqət yetirilir. Olimpiya çempionu Elman Muxtarov 2011-ci ilin iyun ayında Polşada keçirilən yarışda Avropa çempionu, iyul ayında Macarıstanda yeniyetmələr arasında keçirilən yarışda dünya çempionu adını qazanmışdır. Ağır atletika üzrə 2011-ci ildə Rumıniyada keçirilmiş Avropa çempionatında əməkdar məşqçi Kərim Kərimlinin yetirməsi Firudin Quliyev dünya rekordunu təzələmişdir.

2012-ci ilin "İdman ili" elan olunması ilə əlaqədar idmanın kütləvi inkişafı üçün geniş tədbirlərin görülməsi vacibdir. Qeyd edildi ki, rayonda voleybol, futbol, həndbol, basketbol meydançaları, üzgüçülük hovuzu, kifayət qədər idman zalları və qurğuları olduğu halda, idmanın bu növləri zəif inkişaf edir. Bu işdə idman məktəblərinin də fəaliyyətinin canlandırılması vacibdir. Goranboylu gənclərin bir istəyi də var. Onlar Olimpiya idman kompleksinin inşa edilməsini arzulayırlar.

Toplantıda daha bir neçə təklif səsləndi. Abadlıq və quruculuqla bağlı bir sıra sosial problemlə yanaşı, kərpic zavodunun, çörək kombinatının və qarğıdalı yağı istehsalı müəssisəsinin tikintisi, Dəliməmmədli-Həmənli yoluna asfalt örtük salınması ilə bağlı təkliflər irəli sürüldü.

Qeyd etdiyimiz kimi, ötən il Goranboy rayonunda xeyli iş görülüb. Cari ildə isə qarşıda daha böyük vəzifələr durur. Bu vəzifələrin sistemli surətlə icrası üçün toplantıda geniş tədbirlər planı hazırlandı. Toplantının işgüzar ruhu da deməyə əsas verir ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn vəzifələr uğurla yerinə yetiriləcək, abadlıq və quruculuq sahəsində heç bir yaşayış məntəqəsi diqqətdən kənarda qalmayacaq. Bu isə o deməkdir ki, Goranboyun daha uğurlu günləri hələ qarşıdadır.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 4.