Sahibkarlar dövlət
qayğısını yüksək qiymətləndirirlər
Ölkəmizdə sahibkarlığın inkişafı və genişləndirilməsi üçün dövlət tərəfindən hər cür gərəkli tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, sahibkarlıq sektoru ölkə iqtisadiyyatının sürətli inkişafında özünəməxsus rol oynayır. Dövlət dəstəyindən yetərincə bəhrələnən sahibkarlar çalışırlar ki, yaşadıqları bölgələrdə aparılan tikinti-quruculuq işlərində fəal iştirak etsinlər və ümumi mənafe naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlsinlər.
Bu məqama diqqət çəkən Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında demişdir: "Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz".
Zaqatala rayonundan olan sahibkar Məhəmməd Məmmədov ikinci dövlət proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda nümayəndə kimi iştirak edib və bu mötəbər məclisdən böyük təəssüratla qayıdıb:
- Bir daha əmin oldum ki, hökumətimiz və şəxsən dövlət başçısı İlham Əliyev biz sahibkarların normal fəaliyyət göstərməsi, yüksək səviyyədə iş qurması üçün necə böyük qayğı göstərir. Yüksək səviyyəli bir tədbirdə iştirak etdiyimə görə həm qürur duydum, həm də məsuliyyətim daha da artdı. Prezident bizə inanır, etimad göstərir, vətənimiz, ölkəmiz üçün daha faydalı işlər görməyi, gərəkli olmağı tövsiyə edir. "Kimin nəyə imkanı çatır, o həcmdə də özü üçün biznes qura bilər. Yəni, biz buna da razıyıq, təki inkişaf olsun" - deyən dövlət başçısı sahibkarlara nə qədər böyük qayğı ilə yanaşdığını növbəti dəfə göstərdi. Dövlətdən yetərincə güzəştlər alırıq, kənd təsərrüfatı ilə məşğul olanlar torpaq vergisindən başqa bütün vergilərdən azad olunublar. Belə dəstəyin, belə qayğının qarşılığında biz də gərək daha məsuliyyətlə və daha səmərəli çalışaq.
Məhəmməd Məmmədovun 42 yaşı var, Azərbaycan Politexnik İnstitutunu bitirəndən sonra ixtisası üzrə müxtəlif sahələrdə çalışıb. Həyatda hər şeyə yenilikçi münasibəti ilə seçilən Məhəmməd sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa üstünlük verib. İlk vaxtlar Sahibkarlığa Kömək Milli Fondundan aldığı kredit mövsümi süd və süd məhsulları dondurma sexi yaratmağa kifayət edib. Zaman keçdikcə sahibkarlıq işinə marağı da artıb, təcrübəsi, səriştəsi də. Nəhayət, 2011-ci ildə yenə də Sahibkarlığa Kömək Milli Fonduna müraciət edib və müəyyən məbləğdə güzəştli kredit ayrılandan sonra hazırda rəhbəri olduğu "Zaqatala Broyler" MMC-ni yaradıb. Müəssisədə ildə 500 ton quş ətinin istehsalı planlaşdırılsa da, gələcək hədəfi bu göstəricini 1500 tona çatdırmaqdır. Hələlik iki korpusda 30 min quş saxlanılır, digər korpuslarda yenidənqurma işləri görülür.
Müəssisədə quş ətinin istehsalı tamamilə avtomatlaşdırılıb. Məhəmməd Məmmədovun dediyinə görə, bura sovetlər dönəmində Makov kəndindəki XXII partiya qurultayı adına kolxozun quşçuluq təsərrüfatı olub. Mövcud islahatlardan sonra təsərrüfat özəlləşdirilib. Hazırda işlər yeni mərhələdədir. M.Məmmədovun ən böyük arzusu quş əti ilə daxili tələbatı ödədikdən sonra xarici bazara çıxmaqdır. Deyir ki, həm rayonda yaxşı şərait yaradılıb, həm də dövlət qayğısı yetərincədir. Qalır ancaq çalışmaq və yüksək göstəricilərə nail olmaq!
42 yaşlı Bəxtiyar Uluxanov sahibkarlıqla 2001-ci ildən məşğuldur. Əvvəllər fəhlə işləyib. İqtisad Universitetini bitirəndən sonra ölkədə sahibkarlığa yaradılan şərait onun da diqqətini çəkib. Müvafiq hazırlıq işlərindən sonra çörək məmulatları istehsalı ilə məşğul olmağa başlayıb. Sonralar qənnadı məhsulları istehsalı ilə fəaliyyətini bir az da genişləndirib. 25 nəfərlə çiyin-çiyinə çalışır. Başlıca meyarları yüksək keyfiyyətli məhsul istehsalına nail olmaqdır. Bəxtiyar Uluxanov da sahibkarlığa dövlət dəstəyindən, rayonda yaradılan şəraitdən razılıqla danışdı. Qeyd etdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlətin qayğısına və köməyinə arxalana bilirlər. Prezident İlham Əliyevin sözügedən konfransdakı çıxışı ilə həm efirdən, həm də mətbuatdan tanış olduğunu bildirən B.Uluxanov dövlət başçısının fikirlərinin, tələb və tövsiyələrinin bir sahibkar kimi onu daha da ruhlandırdığını vurğuladı:
- Ölkəmizin uğurlu inkişafını təmin etmək üçün biz də fədakarlıqla çalışmalı, qayğının müqabilində daha səmərəli fəaliyyət göstərməliyik. Cənab Prezidentin təbirincə desək, həm özümüz yaxşı yaşamalıyıq, həm də digərlərinin yaxşı yaşamasına dəstək olmalıyıq. Bu gün daha da inkişaf edən, qüdrətlənən Azərbaycan bizdən bunu tələb edir.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2012.- 11 mart.- S. 4.