ASK ötən ilin yekunlarını müzakirə etdi

 

 Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) ötənilki fəaliyyəti, eləcə də 2012-ci ildəki fəaliyyət planları qurumun rəyasət heyətinin son iclasında müzakirə olunub.

ASK-dan bildiriblər ki, 2011-ci ildə konfederasiya sahibkarlar, dövlət orqanları, yerli qurumlarla işi, eləcə də Beynəlxalq İşəgötürənlər Təşkilatında, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü davam etdirib, ölkədə fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri və beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İttifaqının komissiyaları və təşkilatları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da gücləndirib.

Qeyd olunub ki, 2011-ci ildə konfederasiya regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına və daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına və sahibkarlıq fəaliyyətinin artırılmasına xüsusi diqqət yetirib.

İclasda ASK-ın 2012-ci il üzrə strateji planı, eləcə də qurumun müvafiq qurumları və bu il həyata keçiriləcək layihələr müzakirə edilib. Bura ASK-ın Almaniyanın "Bildunqswerk Der Wirtshaft Meklenburq-Vorpominern ew" təşkilatı ilə həyata keçirdiyi "Sosial Dialoq Sahəsində Əməkdaşlıq" layihəsi və s. aiddir. İclasda "ASK Biznes Konsaltinq" MMC-nin təsis edilməsi məsələsi də müzakirə edilib.

 

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 5.