Bu şəhər heç zaman haqqı nahaqqa verməz

 

"Hamımız erməniyiz" kimi şüarlar səsləndirənlər nə üçün Xocalıda qətlə yetirilənlərə sahib çıxmırlar? Onlar bunu bizə izah etsinlər. Onlar kimlər tərəfindən qətlə yetirildi? Əlbəttə, ermənilər tərəfindən. O zaman, nə üçün bunlara qarşı bir etiraz nümayiş etdirmədiniz? Əgər ermənilər sizin qardaşınızdırsa, bizim qardaşlarımız da Xocalıda qətlə yetirilənlərdir"

 

 R.T.ƏRDOĞAN,

 Türkiyənin baş naziri

 

Dünyaya səs salan Xocalı soyqırımının 20-ci ildönümü Bakı ilə yanaşı, İstanbulda da görünməmiş həmrəylik yürüşləri, mitinqlər ilə yadda qaldı. Ondan bir həftə sonra Taksim meydanına toplaşan bir qrup erməni və ermənipərəst qüvvə isə "Hamımız erməniyiz" kimi şüarlar səsləndirərək sanki Xocalı qətliamını görmədilər, daha döğrusu, görmək istəmədilər. Məqsəd isə aydındır - dünyanın diqqətini bu faciədən yayındırmaq, türk ictimaiyyətini şaşdırmaq, Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinə kölgə salmaq, xələl gətirmək.

Bəzi etnik qrupların da qatıldığı bu "yürüş-mitinq"də "Hamımız erməniyiz" kimi şüarlarla yanaşı, digərləri də sezilirdi: "Biz hamımız qardaşıq!" Yaxşı deyiblər: "Adımı sənə qoyum, səni yana-yana qoyum." Bunlar kiminya kimlərin qardaşıdır. Hər hansı "Böyük Hayastan" naminə "qardaş" bir yana, Xocalıdakı kimi heç insan da insanın canını alarmı, uşağını, ailəsini qanına qəltan edərmi? Malını-mülkünü əlindən alıb ev-eşiyinə od vurarmı? XX əsrin sonlarında, bəşəri münasibətlərin və sivilizasiyanın ən yüksək inkişafı dövründə, ibtidai insanların belə özlərinə rəva görmədiyi bir qəddarlıqla, amansızlıqla erməni qəbirləri üstündə Azərbaycan türkü olmaqdan başqa bir qəbahəti olmayan insanların başlarını kəsmək qardaşlıqdandırmı? Ya bunlar hansı dərkolunmaz "ideallar" uğrundadır ki, biz onu anlaya bilmirik, ya hansı qeyri-adi bir mənbədən qidalanır  ki, bizim xəbərimiz yoxdur? Ya azərbaycanlıların tökülən qanı hesabına Ermənistanda hakimiyyətə gələn, Qarabağda dinc əhalini məqsədyönlü şəkildə qəddarcasına qətlə yetirdiyini fəxrlə jurnalistlərə söyləyən Serj Sarkisyanla "yenidən qardaşlıq" mümkündürmü: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, onlar bizimlə sadəcə zarafat edirlər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi və belə də oldu".

Bütün bunlardan sonra yenə hansısa mücərrəd "dostluq"dan, "qardaşlıq"dan danışmaq üçün, görəsən, insan daha hansı düşüncəyə, mənəviyyata, hansı əxlaqa sahib olmalıdır?

Bunu deyənlərin yarısı indi də Ermənistanda oturub Türkiyədən torpaq almaq iddiasındadır, o biri yarısı isə bir vaxt Sumqayıtda olduğu kimi, İstanbulda özlərinə yurd salıb yaşayır, çörəkpulu qazanır, amma yenə Ermənistanda aravermədən işləyən həmin köhnə dəyirmana, hamıya fəlakət gətirən həmin millətçilik və separatizm dəyirmanına su tökməkdədir. Bir yumruq kimi birləşərək dünyada baş verən haqsızlıqlara sinə gərən iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın min illərə söykənən dostluğuna, qardaşlığına zərbə vurmaq onların ən böyük arzusu və istəyidir. Amma bütün bunlardan sonra onlar unudurlar ki, zaman dəyişib, türk ictimaiyyəti, türk cəmiyyəti artıq ağı qaradan daha yaxşı seçir, dostlarını və qardaşlarını, eləcə də düşmənlərini beş il, on il əvvəlkindən daha yaxşı tanıyır. Hər bir türk gənci, cocuğu da bunu son illərin qanlı-qadalı və təkrarsız tarixindən gözəl bilir. Fevralın 26-da İstanbulun Taksim meydanına sığmayan yüz minlərlə insanın haray səsləri də bunu bir daha sübut elədi.

Hamımızın yaşadığı bir duyğudur: qanlı Xocalı hadisələrinin o ağrı-acılı 20-ci ildönümündə yanında bir qardaş dəstəyini duymaqdan doğan bir qürur hissi də vardı. Bu, qardaş Türkiyənin dəstəyi, gücü idi. Biryüz illər boyu bir-birinin yanında şərəflə dayanmaqdan, özünü böyük bir millətin övladı hiss etməkdən, bir qardaş səsini və nəfəsini daim duymaqdan da gözəl, əziz nə ola bilərdi?!

İstanbulda, eləcə də böyük Türkiyənin ayrı-ayrı şəhərlərində, bölgələrində yanaşı dalğalanan doğma türk bayraqları hər birimizi yüz il əvvələ çəkib aparır. O vaxt düşmənlərin əl uzatdığı, min bir çətinliklə üz-üzə qalan, bir yandan da ermənilər tərəfindən törədilən qırğınların artdığı Osmanlı dövlətinin, türk xalqının köməyinə öz qəlbinin hökmü ilə tələsənlər arasında Azərbaycan türkləri də minlərlə idi. İndiÇanaqqala, Sarıqamış kimi ağır döyüşlərdə igidliklə döyüşüb şəhid olanlar arasında həmvətənlərimiz rahat uyumaqdadırlar.

1918-ci ildə Azərbaycan xalqı öz istiqlalına qovuşduqdan sonra onun köməyinə ilk gələn yenə də Anadolu türkü oldu. Həmin il sentyabrın 15-də Qafqaz İslam Ordusu Azərbaycanın mübariz oğulları ilə birlikdə uzun müddət erməni-bolşevik əsarətində qalan, o vaxt mart qırğınlarına şahidlik edən Bakının, eləcə də Qubanın, Şamaxının, Salyanın, Lənkəranın xilas edilməsi də bu qardaşlıq münasibətlərmin tarixində tamamilə yeni bir mərhələ oldu. O dövrdə Qarabağın dağlıq hissəsində baş qaldıran erməni separatçılarının məkrli planları da həmin xilaskarların həmlələri qarşısında darmadağın oldu. 1918-ci ilin mart ayından başlayaraq azərbaycanlıların kütləvi şəkildə məhv edilməsinə yönələn addımların qarşısı, qismən də olsa, alındı. Onlar olmasaydı, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanlıların soyqırımı günü" kimi qeyd etdiyimiz 31 Mart faciəsinin   miqyası, yəqin ki, indi bildiklərimizdən daha geniş ola bilərdi. Vətənimizin, demək olar ki, hər bir guşəsində həm sovet dönəmində, həm də indi dostluğumuzun, qardaşlığımızın bir ziyarət yeri kimi qorunan türk əsgərlərinin məzarları dediklərimizə ən yaxşı sübutdur. O vaxt türk əsgərinin, Qafqaz İslam Ordusunun bu şücaətini həmin dövrün ictimai-siyasi xadimləri, ziyalıları çox böyük tarixi hadisə adlandıraraq hətta öz əhəmiyyətinə görə onu 28 Mayla müqayisə edirdilər.

21 il əvvəl Azərbaycan xalqı ikinci dəfə öz istiqlaliyyətinə qovuşanda yenə onu ilk dəstəkləyən, ilk tanıyan dövlət Türkiyə oldu. İstiqlaliyyəti ilə yanaşı, Qarabağ uğrunda böyük bir savaşa da qucaq açan Azərbaycan torpaqları uğrunda şəhid olanlar arasında yenə türk əsgər və zabitləri vardı. 1992-ci ildə Xocalıda qətlə yetirilənlər arasında Özbəkistandan ölkəmizə pənah gətirən onlarla məshəti türkü və onların ailəsi də vardı.

Aradan 20 il ötsə də, 26 fevral günü Xocalı faciəsinin ağrılarına şərik olmaq, erməni faşistlərə "dur!" demək, belə ağır gündə Azərbaycanın yanında olmaq üçün  İstanbulun mərkəzinə axışan on minlərlə insan türk ruhuna, türk birliyinə ən yaxşı heykəl yaratdı. Türkiyə hələ bu cür izdihamlı yürüş-mitinq görməmişdi. Dillərdə səslənən isə bu kəlmələr idi: "Bir millət, iki dövlət - Xocalıya ədalət!", "Biz hamımız xocalılıyıq!", "Erməni yalanlarına son!", "Qarabağ bizimdir, bizim olacaq!", "Qəlbimizdə Xocalı", "Azərbaycan xalqı tək deyil!"

Bu boyük izdihamın əsas məqsədi neçə ildir susan beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin diqqətini əsl faciəyə və fəlakətə yönəltmək idi. Onların haqq səsini eşitməmək mümkün deyildi: Xocalı soyqırımını törədən canilər cəzasız qalmasın! Dünya, axır ki, erməni faşizmininolduğunu öz gözlərilə görsün! Türk siyasətçilərindən birinin dediyi kimi: "Xocalının göz yaşları qurumayınca, bizə rahatlıq yoxdur". Bütün bunlardan, yaşadıqlarımızdan tək bizə yox, bütün dünyaya rahatlıq, sakitlik olmamalıdır. Dünya sussa, danışmasa, bu rahatlıqdan, sükutdan istifadə edənlər çox ola bilər, yeni-yeni "Xocalı"lar yaranar, qanlar tökülər, ailələr dağılar...

Fevralın 26-da Qara dəniz sahillərini bürüyən o möhtəşəm mitinqdə hamının ürəyindən gələn sözləri isə Türkiyənin daxili işlər naziri İdris Naim Şahin belə ifadə etdi: "Bizim utanc gətirəcək tariximiz yoxdur. Türk xalqının yumruğu olarsa, haqq-ədalət mütləq öz yerini tapacaqdır. Azərbaycanın ağrısı bizim ağrımız, azərbaycanda axıdılan qan bizim qanımızdır. Var olsun türk xalqının birliyi!"

Prezident İlham Əliyev azərbaycanlıların müxtəlif dövrlərdə məruz qaldığı soyqırımı hadisələrinin anıldığı bu günlərdə "faciələrimizə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmağı insanlıq və vətəndaşlıq borcu" adlandıraraq, eyni zamanda, baş verənləri öz adı ilə belə adlandırdı: "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi".

Həqiqət budur və onu başqa cür ifadə etmək də mümkün deyil! Bu həqiqəti isə bütün türk dünyası kimi böyük, qədim, əzəmətli İstanbul da yaxşı eşitməkdə və görməkdədir. Bu şəhər həmişə olduğu kimi, bundan sonra da heç zaman haqqı nahaqqa qurban verməz!

 

 

 Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 6.