Böyük hünər və ürək sahibi

 

Xalqımız müxtəlif zamanlarda ictimai fikir tarixində şərəfli yer tutan elə şəxsiyyətlər yetirmişdir ki, həmin adamların düşüncələri, hiss və həyəcanları həmişəlik şüurlara süzülərək qəlblərə dolub. Belələri xeyirxah əməlləri ilə ölümsüzlük qazanaraq əbədiyyətə qovuşublar. Bu cür nurlu təfəkkür sahiblərindən biri özbək, tacik, türkmən xalqlarının maariflənməsi yolunda yaxından iştirak edən görkəmli pedaqoq və ictimai xadim Seyid Rza Əlizadədir. Qeyri-adi istedada, dərin biliyə, güclü enerjiyə, beynəlmiləl ruha, geniş dünyagörüşünə malik olan bu azərbaycanlı oğulun adı Orta Asiya xalqları üçün əziz və unudulmazdır.

Azərbaycanlı ziyalılar bineyi-qədimdən qardaş xalqların maariflənməsi, onların mədəniyyətinin inkişafı işində köməyini əsirgəməyib, yaşadığı yerdə heç bir milli fərq qoymadan istedad və bacarığını insanların savadlanmasına, elm və mədəniyyətin çiçəklənməsinə həsr ediblər. Seyid Əzim Şirvani, Süleyman Sani Axundov, Tağı Şahbazi, Abdulla Şaiq və başqa şəxsiyyətlərimiz kimi bütün həyatını, işini maarif və mədəniyyətə həsr edən Seyid Rza Əlizadənin köksündə, sözün əsl mənasında, böyük ürək döyünüb. Ömrünü-gününü kasıb balalarının maarif işığı ilə ziyalanması uğrunda alovlara tuş edən Seyid Rza Əlizadə əslində, tonqal kimi yanıb. Özü də Azərbaycandan uzaqda, başqa xalqlar üçün yanıb. Ondakı enerji, bilik, intellekt tədqiqatçıları həmişə heyrətləndirib. Xalq yazıçısı Əzizə Cəfərzadə yazırdı: "Özbəklər, taciklər bizim bu azərbaycanlı oğlunun xeyirxah xidmətlərini unutmayıblar. Bəzən öz ana dilindən başqa beş dil bilənə az qala heyrətlənirik. Qəribə budur ki, Seyid Rza Əlizadə on beş dil bilirdi. Özü də elə təmiz, səlis, rəvan danışırmış ki... buna görə də dillərin bilicisi sayılırmış. Xalqımızın bu dilçi, maarifpərvər oğlu həm də gözəl jurnalist, qəzet, jurnal redaktoru olub. Faktlar təsdiqləyir ki, Seyid Rza Əlizadə qibtə ediləcək yazı tərzinə, yazı üslubuna malik imiş".

1920-1930-cu illərdə Orta Asiyada çıxan qəzet və jurnalların demək olar ki, hər nömrəsində Seyid Rza Əlizadənin məqalələri dərc olunurmuş. Amma o, Vətəndən uzaqlarda yaşamasına baxmayaraq Azərbaycanla da bağlı olub. Bakıda nəşr olunan "İrşad", "İqbal", "Molla Nəsrəddin" kimi qəzet və jurnallarla müntəzəm əlaqə saxlayarmış. Orta Asiyadan bu mətbuat orqanlarına dərc olunmaq üçün materialları da müxtəlif imzalarla göndərirmiş.

Seyid Rza Əlizadə Özbəkistanın Səmərqənd şəhərində dünyaya göz açıb. Bu şəhərdəki ali ruhani mədrəsəsində dini təhsil alaraq ərəb-fars dillərini mükəmməl öyrənib. 1904-cü ildən Səmərqənd mətbuatında mühərrirlik fəaliyyətinə başlayıb. Onun yazıları həm oxucular, həm də yuxarı dairələr tərəfindən maraqla qarşılanıb. 1905-ci ildə Türküstan hökuməti tərəfindən beynəlxalq səviyyəli jurnalist vəsiqəsinə layiq görülüb. 1908-ci ildə işıq üzü görən "Ayna" adlı qəzetdə işləməyə başlayıb. Bütün mahalda onun imzasını tanıyır və sevirdilər. On il sonra "Şərq" adlı qəzet buraxmağa başlayan Seyid Rza Əlizadə çalışdığı qəzetin türk ellərində yayılması üçün əlindən gələni əsirgəmirdi. Əslində, insanların maariflənməsi siyasətini həyata keçirən Seyid Rza Əlizadə o dövrdə çıxan müxtəlif mətbuat orqanları ilə səmərəli əməkdaşlıq edirdi.

Zəngin ədəbi irsə malik olan Seyid Rza Əlizadənin yaradıcılığı əsl bəşəri sənət nümunəsidir. Xalqımızın milli ruhu, iftixarı olan Seyid Rza Əlizadə ictimai xadim, pedaqoq, ədəbiyyatşünas, istedadlı jurnalist, gözəl tərcüməçi, dilçi kimi tanınmışdı. Maraqlıdır ki, o, özbək, tacik balalarını savadlandırmaqdan ötrü məktəblər açmış, "Əlifba" kitabı, digər tədris vəsaiti hazırlamış, tacik dilinin qrammatikasını yazmış, rusca-tacikcə tam lüğət tərtibində mühüm rol oynamış, Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetində ərəb və fars dillərindən dərs demişdir.

O, özbək, tacik və Azərbaycan xalqları arasında mədəni əlaqə yaratmaq işində ciddi fəaliyyət göstərib. Çoxcəhətli yaradıcılığa malik olan Seyid Rza Əlizadə rejissorluğu da bacarıb. Üzeyir Hacıbəylinin "Arşın mal alan", "O olmasın, bu olsun" və s. musiqili komediyalarının Səmərqənd həvəskar artistləri tərəfindən tamaşaya qoyulmasının təşkilatçısı olub. Məşhur Azərbaycan dramaturqu Hüseyn Cavidin "Şeyda" əsəri ilk dəfə Aşqabadda, sonra da Səmərqənddə tamaşaya qoyulub. Çox sonralar bilinib ki, bu əsərlərin səhnələşdirilməsində Seyid Rza Əlizadənin böyük rolu olub.

Seyid Rza Əlizadə özbək dilində "Əlifba" kitabı yazaraq 1917-ci ildə Səmərqənddəki "Zərəfşan" nəşriyyat-şirkətində "Birinci yil" ("Birinci sinif") adı ilə çap etdirib. Həmin dərs kitabı 96 səhifədən ibarətdir ki, hazırda bir nüsxəsi Özbəkistanın Dövlət Kitab Palatasında saxlanılır. Seyid Rza Əlizadə 1920-ci ildə isə tacik məktəbliləri üçün ilk dəfə "Soli na xustin" ("Birinci il") kitabını nəşr etdirib. Kitab həmçinin üç dəfə - 1920, 1924 və 1925-ci illərdə çap olunub. Həmin kitabın sonuncu nəşrindən bir nüsxə hazırda Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetində saxlanılır. Əlbəttə, mənsub olmadığın iki xalq üçün "Əlifba" kitabı yazmaq qeyri-adi bir işdir. Seyid Rza Əlizadə məhz belə bir hünərə sahib olub. Onun xalq maarifi sahəsindəki fəaliyyəti təkcə orijinal dərsliklərin tərtibi ilə bitmir. O, eyni zamanda, bir sıra dərslikləri - Kiselyovun "Cəbr", Terentyevin "Hesab", İvanovun "Coğrafiya" dərsliklərini tacik dilinə tərcümə edib. Maraqlıdır ki, həmin dərsliklər Seyid Rza Əlizadənin tərcüməsində uzun müddət tacik məktəblərində istifadə olunub. Belə gərgin əməyinə, geniş fəaliyyətinə görə soydaşımıza 1923-cü ildə "Maarif qəhrəmanı" adı verilib. 1933-1937-ci illərdə bu görkəmli pedaqoq və ictimai xadim Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetində müəllim işləyib, ərəb və fars dillərini tədris edib.

Bir sıra bədii əsərlərin də müəllifi olan Seyid Rza Əlizadə zəngin yaradıcılığı ilə seçilirmiş. Mötəbər mənbələrdən məlum olur ki, müəllifin "Əsri səadət" əsəri 1924-cü ildə Pakistanın Lahor şəhərində çap olunub. Eləcə də akademik V.Bartoldun "Türkistan" əsəri fars, əfqan və urdu dillərində Seyid Rzanın tərcüməsi ilə yenə Lahor şəhərində nəşr edilib. Seyid Rza Əlizadənin çoxşaxəli, zəngin yaradıcılığı elmi cəhətdən təəssüf ki, lazımi şəkildə tədqiq olunmayıb. Geniş fəaliyyət dairəsinə malik bu ensiklopedik şəxsiyyətin yaradıcılığında mühüm yer tutan pedaqoji, jurnalistlik, bədii yaradıcılıq, tərcüməçilik, ictimai işlərdə fəaliyyətinin hər biri ayrı-ayrılıqda tədqiqat obyektinə çevrilməlidir. Həm də Seyid Rza Əlizadənin yaradıcılığı tacik, özbək, Azərbaycan elmi-pedaqoji ictimaiyyətinin müştərək obyekti olmalıdır desək, daha düzgün səslənərdi. Çünki belə olduqda bu maarif, mədəniyyət və məslək fədaisinin yaradıcılıq nümunəsində türk xalqlarının, eləcə də müsəlman dünyasının həmrəyliyinin mahiyyətini daha yaxşı izah etmiş olarıq. Seyid Rza Əlizadənin əsərlərinin, xüsusilə də, "Sarfi-nahfi tociki", "Polnıy russkiy tacikskiy slovar" kitablarını yenidən nəşr edib elmi ictimaiyyətin istifadəsinə vermək bir tərəfdən dilçilik elmini daha da zənginləşdirər, digər tərəfdən isə oxucularda müəllif haqqında dolğun fikir yaradar.

Soydaşımızın ədəbi irsi bu gün də Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetində öyrənilir. Türk ellərinin bu böyük xeyirxaha olan məhəbbətinin əks-sədası kimi Səmərqənddə Seyid Rza Əlizadənin adını daşıyan küçə var. Yaşadığı evin divarına mərmərdən xatirə lövhəsi vurulub.

Qocaman jurnalist, ədəbiyyatşünas Qulam Məmmədli yazırdı: "Seyid Rza Əlizadə Orta Asiya xalqlarının mədəniyyətində, maarifində azərbaycanlı ziyalıların göstərdiyi rolun bir nümunəsidir. Belə ki, Əbülqasım Gəncəvi, Fatma xanım Gəncəvi, Əli İsmayılzadə, Qulaməli Kazımzadə, Əliş bəy Əliyev kimi başqaları məhz bu qəbildəndir. Təsadüfi deyildir ki, özbək şairi Qafur Qulam 30-cu illərdə Bakıda olarkən "Kommunist" qəzeti üçün verdiyi müsahibəsində demişdir ki, mən ilk təhsilimi Səmərqənddəki azərbaycanlıların məktəbində almışam. Şeir aləminə isə Cavidin, Sabirin yolu ilə gəlmişəm". Əlbəttə, bunlar adi sözlər deyildi. Məhz bu sözlərin izinə düşüb soydaşlarımızın elmi, mədəni fəaliyyəti ilə bağlı böyük işlər aşkar etmək olar.

Seyid Rza Əlizadənin dil öyrənmək sahəsində xüsusi istedadı olub. Özbək və tacik dillərinin qrammatikasından elmi əsər yazmaq, lüğət tərtib etmək, rus dilində yazılmış əsərləri başqa dillərə çevirmək, ərəb və fars dillərinin bilicisi olmaq, bundan başqa, tatar, Osmanlı (türk), rus, ingilis, erməni, fransız, hind, urdu, ivrid dillərini da yaxşı bilmək - bu, ancaq qeyri-adi istedada malik olmaq deməkdir. Məhz belə bir səadət Seyid Rza Əlizadəyə nəsib olub. Bu səbəbdən də yaşadığı dövrdə istedadlı dilçi kimi məşhurlaşıb. Ümumiyyətlə, bu unudulmaz şəxsin dilçilik elmi üzrə mütaliyə dairəsi də çox geniş olub.

Araşdırmalar təsdiqləyir ki, Seyid Rza Əlizadə təkcə kamil dilçi, istedadlı jurnalist, yazıçı, publisist deyildi. Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq həmişə öz istedadı, qeyri-adi qabiliyyəti, böyük məharəti və hünəri ilə seçilirdi. Seyid Rza Əlizadənin "İslam mədəniyyəti", "İslam tarixi", "Din vacibləri", "Əsabeye-İkram", "Məhəmməd peyğəmbərin yaxın əqrəbaları haqqında", "Səadət əsəri" və başqa əsərlər böyük maraq doğurmuş, bu günə kimi elmi ədəbi aləmin nəzər-diqqətində dayanmışdı. Əsərlərinin nüsxələri dünyanın bir çox kitabxanasında saxlanılan milli ruha, bəşəri duyğulara, böyük arzulara sahib olan bu istedad sahibinin necə kommunist olması, bu ideyalara sədaqətlə xidmət etməsi bir qədər şübhəli görünür. Əlbəttə, türk ellərinin maariflənməsi, azadlığa çıxması, tərəqqiyə qovuşması naminə yeni quruluşa inana bilərdi. Bu mənada onun ön sıralarında addımlaması da mümkündür. Amma dünya tarixini, elmin bir çox sahələrini dərindən bilən, qeyri-adi istedada malik, son dərəcə həssas və dəyanətli olan Seyid Rza Əlizadəni aldatmaq mümkün deyildi. O, səhv edə bilərdi, amma qəlbi həmişə xeyirxahlıqla döyündüyündən, millətinə, xalqına çox sədaqətli olduğundan günah edə bilməzdi. Ömrü boyu kasıblara əl tutan, onları oxutmaq üçün məktəblər açan, kitablar yazan, hətta uşaqların qələmini, dəftərini, kitabını pulsuz paylayan bu böyük ürəkli, təpərli insan başdan-ayağa milli hisslərə malik bir şəxsiyyət idi. Hətta bəzi yazılı mənbələrdən bəlli olur ki, o, Hindistanda müsəlmanlar üçün qəzet çap etmək istəyəndə Bakıya - Hacı Zeynalabdin Tağıyevə müraciət edib, ondan kömək istəyib. Bu barədə məlumat da var ki, Hacı da özü kimi xeyirxah, vətənpərvər, dinpərəst əqidə qardaşının sorğusuna biganə yanaşmayıb. Ona iki min qızıl pul göndərib ki, Hindistanda mətbəəsini çalışdıra bilsin.

Seyid Rza Əlizadənin tərcüməçilik fəaliyyəti də çox genişdir. Türk elləri onu kamil tərcüməçi kimi də tanıyırdı. Puşkinin, Tolstoyun, Ostrovskinin, Qladkovun, Karamzinin, Bartolun, Qoqolun, Şoloxovun, Voyniçin əsərlərini tacik, Nizami, Füzuli, Sabir, Nəvai və Firdovsinin əsərlərini isə rus dilinə çevirərək oxuculara çatdırırdı.

Ötən əsrin repressiyaları bu istedadlı şəxsi də öz caynaqlarına aldı. Doğrudur, onu hansı məsələdə suçladıqları, bu, o qədər də açılmayıb. Amma Seyid Rza Əlizadənin yaradıcılığını araşdırarkən istər-istəməz bir sıra həqiqətlər özü bu "səhvləri"in nədən ibarət olduğunu söyləyir. Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Bəkir Çobanzadə, Abbas Mirzə Şərifzadə və onlarca başqaları hansı günahın sahibi idilər ki?! Onların bir ümumi "eybi" var idi - istedad. Millətin, xalqın maariflənməsi yolunda hər cür fədakarlığı bacarırdılar. Bir milləti və xalqı məhv etmək üçün öncə onun ziyalılarını aradan götürmək prinsipini həyata keçirən sovet repressiya maşını məhz ermənilərin əli ilə türk ellərinin görkəmli şəxsiyyətlərini həbs edərək qətlə yetirirdilər, Sibirin çöllərində dondururdular. Qollarına qandallar vurularaq həbs edilən Seyid Rza Əlizadə 1945-ci ilin dekabrında məhkum ikən dünyasını dəyişib. Uzun illər qəbrinin yeri də məlum olmayıb. Yalnız 1987-ci ildə nəvəsi Fərhad Əlizadənin uzun axtarışları öz nəticəsini verib. Azərbaycanın bu görkəmli oğlunun nəşini doğulduğu Səmərqənd şəhərinə gətirərək "Pəncab" qəbiristanlığında dəfn ediblər.

1982-ci ilin fevralında Bakıda bu görkəmli pedaqoq və ictimai xadimin anadan olmasının 95 illiyi ilə bağlı elmi-praktik konfrans keçirildi. Bu mərasimdə iştirak edən Fərhad Əlizadənin sözləri hələ də yaddaşlardadır: "Seyid Rza Əlizadənin repressiya zamanı sönmüş ulduzu qədirbilən xalqı tərəfindən Azərbaycan torpağında yenidən parladı. Bu ulduzun nuru elə bol, parıltısı elə güclü və işıqlıdır ki, bir də sönəcəyinə inanmıram. Seyid Rza təkcə mənim yox, bütün türk dünyasının, eləcə də azərbaycanlıların babasıdır".

O, bu dünyaya həqiqətən də, bir ulduz kimi doğuldu, ziyası çox ellərə nur gətirdi. Seyid Rza Əlizadə həm də bütün varlığı ilə xalqına, millətinə bağlı bir insan kimi fəaliyyət göstərdi. Onun istedadı müxtəlif sahələrdə öz bəhrəsini verdi. Bu gün də türk elləri bu mötəbər Azərbaycan oğlunu minnətdarlıq duyğusu ilə xatırlayırlar. Səmərqənddə onun adına məktəb, küçə, mikrorayon var, ev-muzeyi yaradılıb, adını daşıyan məktəbin qarşısında büstü qoyulub. Hətta Rusiyanın özündə də bu azərbaycanlı oğulun elmi, ədəbi, bədii irsinə böyük maraq göstərilir. Müəllifin "Dünya tarixi" əsəri tədqiqatçılar tərəfindən araşdırılır. Seyid Rza Əlizadə bu əsəri yazarkən ingilis, alman, fransız və italyanların tarixini dərindən araşdıraraq onu iki cildə sığışdıra bilmişdi. Bu unudulmuş unudulmazı yad etmək bizim vətəndaşlıq borcumuzdur. Onlar çox ağır və çətin dövrlərdə yaşayaraq millətin işıqlı sabahı üçün böyük işlər görürlər. Bütün türk dünyasının çiçəklənməsinə, tərəqqiyə qovuşmasına, bəşər mədəniyyətində öz halal yerini tutmaq üçün çarpışıblar. Zamanın ağır ittihamları, dəyişən quruluşların repressiyaları onların ömrünü yarıda qırsa da, yazdıqları, yaratdıqları əbədi qaldı. Əbədiyyətə qovuşanların bu əbədiyaşar əməlləri isə millətin fəxarət ünvanıdır!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 6.