İçəribazar qala kompleksi yolunuzu gözləyir

 

Son dövrlərdə bizim rayonda da tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb. Qax şəhəri tanınmaz dərəcədə dəyişib, müasirləşib. XVI əsrdən mövcud olan maddi-mədəniyyət abidəsinin - "İçəribazar" qala qapılarının və divarlarının yenidən qurulması şəhərin gözəlliyini daha da artırıb.

Burada nümayiş etdirilən qədim eksponatlar, vaxtilə qadınların istifadə etdikləri müxtəlif əşyalar, xalçalar və digər məhsullar göz oxşayır. Küçə boyunca qədimliyin rəmzi olan qala divarları, drenaj sistemi, təbii daşlar da turistlərin hədsiz marağına səbəb olur. Açıq səma altında 300 yerlik teatr, tətbiqi sənət ustaları üçün 10 emalatxana inşa edilib və İçəribazar küçəsində 225 metr uzunluğunda su arxı tamamilə yenidən qurulub.

Maraqlıdır ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib.

Qalanın giriş və çıxış qapılarının yenidən qurulmasında milli memarlıq ənənələri əhəmiyyətli şəkildə nəzərə alınıb. Kompleksdə yerli əhalinin, qonaqların, həmçinin turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Yenidən qurulan Nəsimi parkı da bu əraziyə xüsusi yaraşıq verir. Bir sözlə, əsaslı tikinti və yenidənqurmadan sonra "İçəribazar" qala kompleksi ölkəmizin ən gözəl istirahət məkanlarından birinə çevrilib.

Hər bir qaxlı qürur duyur ki, 2011-ci il noyabrın 18-də  möhtərəm Prezident İlham Əliyev rayonumuza səfəri zamanı "İçəribazar" qala kompleksində fəaliyyət göstərən tətbiqi sənət, ağacoyma, toxuculuq, Şərq şirniyyatı və təndirxana bölmələri ilə tanış olmuş, ümumilikdə bütün kompleks haqqında xoş sözlər söyləmişdir.

Yazın gəlişi ilə Qaxı, eyni zamanda "İçəribazar"ı görmək istəyənlərin  də sayı artmışdır.  Gələnlərin də hamısı buradan xoş əhval-ruhiyyə ilə, təəssüratlarla ayrılır. Bu füsunkar gözəllikləri görmək isə hər kəsin öz əlindədir. Yolunuzu bu yerlərdən salın!

 

 

 Məhərrəm MƏHƏRRƏMOV

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 7.