Qəhrəmanlarımız qürurumuzdur

 

Bəşər tarixində heç bir ölkənin dövlət müstəqilliyi, suverenliyi asan başa gəlmədiyi kimi, Azərbaycan xalqı da öz azadlığı və müstəqilliyi uğrunda saysız-hesabsız qurbanlar verdi. Ulu öndərimiz Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışından sonra ölkədəki xaosa  son qoyuldu, cəbhə bölgəsində atəşkəs əldə edildi.

Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrundakı döyüşlərdə rayonumuzun gəncləri də rəşadətlə vuruşdu. Zaqatala rayonundan min nəfərə yaxın gənc Qarabağda döyüşlər gedən zaman əsl şücaət göstərdi. 200-dən artıq gənc şəhidlik zirvəsinə yüksəldi. Faiq İsfəndiyar oğlu Əmirov və Natiq Bəşir oğlu Məmmədova göstərdikləri igidliyə görə (ölümlərindən sonra) Azərbaycan Milli Qəhrəmanı adı verildi. Zəfər Ramazan oğlu Murtuzəliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu.

Yalnız Çobankol kənd inzibati ərazi dairəsindən Azərbaycanın azadlığı uğrunda döyüşən 35 nəfərdən 9-u şəhid olmuş, 13-ü yaralanmış,  2 nəfəri isə itkin düşmüşdür. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə  şəhid ailələrinə, əlillərə mənzillər verilmiş,  yüksək müavinət təyin edilmişdir. Prezident İlham Əliyev bir neçə şəhid ailəsinə mənzillərin açarlarını şəxsən özü təqdim etmişdir.

Şəhidlər abidəsi şəhər infrastrukturuna uyğun olaraq yenidən qurulmuş, müasir memarlıq  kompleksi yaradılmışdır.

Çobankol kənd inzibati ərazi dairəsindən olan şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə bir neçə məktəbə və mədəniyyət evinə onların adları verilmişdir. Kənd mədəniyyət evində keçirdiyimiz "Vətənin keşiyində", "Oğlanlar əsgər gedir", "Biz sizinlə fəxr edirik", "Biz sizdən öyrəndik qəhrəmanlığı" kimi tədbirlərdə rayonumuzdan olan döyüşçülərin göstərdikləri hünərdən açdığımız söhbətləri təkcə yeniyetmə və gənc deyil, yaşlı insanlar da maraqla qarşılayırlar. Niyə də qarşılamasınlar? Axı onlar görür və şahid olurlar ki, Vətən igid oğullarını unutmur, qədirbilən xalqımız belələrini həmişə ehtiramla yad edir. 

 

 

 Şuay XƏLİLOV

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 7.