Bakıda Azərbaycan-Xorvatiya
biznes forumu keçirilmişdir
Azərbaycan Prezidenti
İlham Əliyev və Xorvatiya
Prezidenti İvo Yosipoviç biznes forumda iştirak etmişlər
Martın 12-də "Hilton Baku" otelində Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin iştirakı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilmişdir.
Dövlət başçısı Xorvatiya Prezidenti İvo Yosipoviçi qarşıladı.
Forum iştirakçıları dövlət başçılarını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham ƏLİYEV
biznes forumda çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, dostlar!
Bu
gün burada olmağımdan çox məmnunam. Böyük
məmnunluq hissi ilə Xorvatiya Prezidentini Azərbaycanda
salamlayıram. Prezidentin səfəri çox uğurla
başlayıb. Bu gün səhər-səhər bizim
çox yaxşı müzakirələrimiz baş tutdu.
Çox məhsuldar danışıqlarımız oldu.
Nümayəndə heyətləri fəal şəkildə
işləyiblər. Ümumiyyətlə, əminəm ki, bu
səfər ölkələrimiz arasındakı münasibətləri
möhkəmləndirəcək və bir-birimizlə daha
yaxşı tanış olmağa və daha fəal şəkildə
əməkdaşlıq etməyə imkan yaradacaqdır.
Biz
bir çox məsələləri geniş müzakirə
etdik. Regional və beynəlxalq məsələləri nəzərdən
keçirdik. Təbii ki, müzakirələrimizin müəyyən
bir hissəsi iqtisadi əməkdaşlığa aid idi. Mən
cənab Prezidentə bildirdim və mən çox məmnunam
ki, onu bu səfərdə Xorvatiyanın çoxsaylı
biznesmenləri müşayiət edir. Bu gün keçirilən
biznes forumu əslində biznesi birgə aparmaq
üçün bir çox imkanlar açır.
Əminəm ki, bu gün keçirilən sessiyada artıq iqtisadi inkişafımızla bağlı təqdimatlar edilibdir. Mən iqtisadiyyatın cari təsviri ilə vaxtınızı almaq istəməzdim. Sadəcə onu qeyd etmək istəyirəm ki, müstəqilliyimizin 20 ili ərzində biz demək olar ki, ümumi daxili məhsulun özəl sektordakı payını sıfırdan təxminən 83 faizə çatdırmağa nail olmuşuq. Əslində biz iqtisadi sahədə fundamental xarakterli islahatlar aparmışıq. Bu islahatlar sayəsində iqtisadiyyatımızı şaxələndirmişik.
Əminəm ki, birgə iş aparmaq üçün qarşımızda bir çox imkanlar vardır. Bu sözlər hər iki ölkənin biznes dairələrinə aiddir. Bu gün biz cənab Prezident ilə Azərbaycanın Xorvatiyada sərmayələri haqqında danışdıq. Biz bütün bu məsələləri nəzərdən keçirdik və müəyyən etdik ki, sərmayələrimiz üçün hansı sahələr daha cəlbedici ola bilər. Təbii ki, bu, Xorvatiya hökuməti ilə əməkdaşlıq şəraitində aparılmalıdır və biz məqsədləri vaxtında müəyyən etməliyik. Biz, eyni zamanda, qeyd etdik ki, Xorvatiya şirkətləri də Azərbaycanda işləməkdə, sərmayə qoymaqda maraqlıdırlar. Bizim çox yaxşı sərmayə mühitimiz vardır. Azərbaycan hələ Sovet İttifaqı vaxtlarında iqtisadiyyatını inkişaf etdirmiş, müstəqillikdən sonra məhz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə birinci yeri tutmuşdur. Son bir il ərzində Azərbaycan 20 milyard ABŞ dolları həcmində sərmayə cəlb etmişdir. Onun 7 milyard dollarını xarici sərmayələr təşkil edir. Bu, onu göstərir ki, Azərbaycan sərmayə baxımından hələ də cəlbedici bir məkandır. Son illər ərzində əsas sərmayələr məhz neft və qaz sektoruna yatırılmışdır. Bütün bunlar maliyyə vəsaitlərini toplamaq imkanı yaratdı. İndi isə biz sərmayələri artıq qeyri-neft sektoruna qoymağı planlaşdırırıq. Bir sözlə, bizim bu şaxələndirmə işimiz Azərbaycanda davamlı inkişafın təmin edilməsinə yönəlibdir.
Təbii ki, bizim biznes imkanlarımız sosial problemlərin də həllinə imkan yaradır. Çünki bunun nəticəsində birincisi, maliyyə vəsaitləri formalaşır və ikincisi isə iş yerləri açılır. Təbii ki, işsizliyin və yoxsulluğun azaldılması iqtisadi siyasətimizin əsas hədəflərindən biridir. Biz yoxsulluğu 5 dəfə - 7,6 faizə qədər azaltmağa nail olmuşuq. Hazırda işsizlik səviyyəsi 5,6 faiz səviyyəsindədir. Təbii ki, özəl sektorumuza və biznes strukturumuza gəldikdə, biz onlara imtiyazlı kreditlər ayırırıq. Bütün bunlar iqtisadiyyatımızın şaxələndirilməsi məqsədini daşıyır.
Qeyd etdiyim kimi, müstəqilliyimizin ilk illərində əsas ümidlərimiz məhz enerji sektoru ilə, neft və qazla bağlı idi. Azərbaycan neft və qaz hasil edən ölkə kimi, bu sahədə bir çox səylər göstərdi və bu, bizə iqtisadiyyatımızı şaxələndirmək imkanı yaratdı. Bir neçə il bundan öncə biz iqtisadi siyasətimizdə yeni bir istiqaməti - "qara qızıl"ın insan kapitalına çevrilməsi"ni özümüz üçün strategiya kimi seçdik və hazırda bu sahədə artıq uğurlar müşahidə olunur. İndi biz informasiya texnologiyaları sahəsinin inkişafı üçün sərmayələr qoyuruq. Biz kosmos sənayesi yaradırıq. Ümid edirik ki, biz cari ilin sonuna qədər ilk telekommunikasiya peykimizi buraxacağıq. Biz, eyni zamanda, kənd təsərrüfatı sahəsinə sərmayələrin qoyulmasında maraqlıyıq. Bizim bunun üçün bütün iqlim şəraitimiz və münbit sərmayə mühitimiz vardır. Xarici və yerli sərmayələr qorunur ki, bu da sərmayədarları cəlb edir.
Bütün bunlar bu dəyişikliklərin ilk vaxtlarında ona görə edilirdi ki, biz etimad yaratmalı idik. Biz bu məqsədlə çox çalışmalı idik. Bir səhv addım bütün səylərimizi heçə endirə bilərdi. Çünki etimad səviyyəsi çox əhəmiyyət kəsb edirdi. Mən sizə tam məmnunluq hissi ilə bildirmək istəyirəm: bizim xarici tərəfdaşlarımız və sərmayədarlarımız hiss edirlər ki, onların sərmayələri qorunur, hökumətimizin imzaladığı əsas beynəlxalq müqavilələr parlament tərəfindən ratifikasiya edilir və qanun qüvvəsini alır. Bu da çox vacibdir ki, proqnozlaşdırılan sərmayə mühiti mövcud olsun. Biz belə bir ölkəyik. Həmçinin Azərbaycan hüdudlarından kənarda da sərmayə qoymağa başlayıb. Əslində bu, mühüm məsələlərdən biridir. Çünki əvvəllər elə bir mövqedə idik ki, biz sərmayələri qəbul edirdik. İndi isə biz özümüz sərmayə qoyuruq.
Bu gün biz cənab Prezident və nümayəndə heyəti ilə biznesi necə təşkil etmək və birgə necə səmərəli şəkildə iş aparmaq məsələlərini müzakirə etdik. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Hesab edirəm ki, onlar bir-birini əvəzləyə, tamamlaya bilər və beləliklə, bu tərəfdaşlıq xalqlarımız üçün faydalı ola bilər.
Biz bu gün, həmçinin regional vəziyyəti müzakirə etdik. Balkan regionu ilə bizim region arasında əməkdaşlıq məhz birgə səylərimiz sayəsində baş tuta bilər.
İqtisadiyyatımızın mühüm bir hissəsini hələ ki, neft və qaz təşkil edir və bu, gələn illər ərzində də belə qalacaqdır. Lakin on il əvvəlki vəziyyətlə müqayisədə indi biz bu sektordan daha az asılıyıq. İndi biz neftin qiymətlərinə o qədər bağlı deyilik. İqtisadiyyatımız son 8 il ərzində sürətlə inkişaf edib, 3 dəfədən çox artıb. Biz artıq 3 dəfə artmış ümumi daxili məhsulumuzu 2023-cü ilə qədər - bundan sonrakı 10 il ərzində qeyri-neft sektoru hesabına daha 2 dəfə artırmaq fikrindəyik. Lakin təbii ki, enerji sektoru maliyyə vəsaitlərinin formalaşdırılmasında bizə yardımçı oldu və dünyada özümüzü təqdim etməyə imkan yaratdı. Çünki 20 il bundan öncə çox az sayda insan Azərbaycan haqqında bilirdi və onlar məlumatlı deyildilər ki, burada hansı imkanlar, hansı biznes imkanları və sərmayə mühiti vardır. Buna görə böyük xarici şirkətlərlə apardığımız əməkdaşlıq bunu nümayiş etdirmək imkanı yaratdı və göstərdi ki, biz etibarlı tərəfdaşıq.
Hazırda bizim enerji siyasətimiz yeni mərhələyə qədəm qoyur. Əvvəlki illərdə biz bütün planlaşdırdığımız işlərin icrasına nail olduq. Biz müasir boru kəmərləri infrastrukturunu qurduq və tikdik. Əslində, biz öz enerji resurslarımızı dünyanın bütün istiqamətlərinə çıxarırıq. Bu gün Xorvatiya tərəfi bizə məlumat verdi ki, onların qəbul etdiyi neftin əksər hissəsi məhz Azərbaycan neftidir. Təbii ki, bu məsələ bizim müzakirə mövzumuz olaraq qalacaqdır.
Biz qaz sahəsində də əməkdaşlıq qura bilərik. Hazırda biz yeni sərmayə proqramları ilə bağlı danışıqlar aparırıq. Burada milyardlarla dollar həcmində investisiyalar nəzərdə tutulur - 20 milyarddan artıq. Burada qaz yataqlarının işlənilməsi və boru kəmərlərinin tikintisi nəzərdə tutulur. Belə olan halda biz tərəfdaşlarımızı qarşıdan gələn beş-altı il ərzində böyük həcmdə qaz ilə təchiz edə biləcəyik. Bu gün qazın hasilatı və ixracı bizim üçün kifayət dərəcədə deyildir. Bizim böyük potensialımız vardır. Qeyd etmək istəyirəm ki, qarşıda yüz il ərzində, ən azı yüz il ərzində Azərbaycan Avropa bazarında mühüm qaz təchizatçısı olacaqdır.
Qeyd
etmək istəyirəm ki, bizdə qaz hasilatı həcmləri
artır. Biz bilirik ki, Avropanın da qaza ehtiyacı artır.
Xorvatiyanın gələcəkdə Avropa İttifaqına
üzv olacağını nəzərə alaraq hesab edirik ki,
o da bu təşəbbüsün bir hissəsi ola bilər.
Bilirik ki, hazırda Avropa İttifaqı ümumi enerji
strategiyası üzərində işləyir. Bu da bizim həyatımızı
daha da asanlaşdırardı. Əslində bütün bunlar
bizi tərəfdaşlarımızla daha sıx işləməyə
ruhlandırır. Çox yaxşı olardı ki, ümumiləşdirilmiş
bir strategiya olsun. Bunu nəzərə alaraq Azərbaycan gələn
illər ərzində enerji təhlükəsizliyinə
mühüm töhfə verəcəkdir. Enerji təhlükəsizliyi
ölkələrin milli təhlükəsizliyinin mühüm
amilidir. Bilirik ki, bundan sonra enerjiyə tələbat
artacaqdır. Avropa İttifaqı ölkələrində atom
elektrik stansiyalarının bağlanması ilə
bağlı qərarların qəbul edilməsini nəzərə
alaraq, adi enerji mənbələrinə ehtiyac artacaqdır. Təbii
ki, Xəzər dənizi regionunda yerləşən ölkəmiz
qazın Avropa istehlakçılarına etibarlı təchizatçısı
ola bilər.
Ötən
il biz Avropa İttifaqı ilə "Cənub" qaz dəhlizi
haqqında memorandum imzaladıq. Bu baxımdan Azərbaycan məhz
"Cənub" qaz dəhlizinin mühüm təchizatçısı
və başlanğıcı ola bilər.
Biz
Qara dəniz, Aralıq dənizi regionları ölkələri
ilə əməkdaşlıq edə və beləliklə,
Avropa qaz bazarına çıxış əldə edə
bilərik. Bu, bizim maraqlarımıza uyğundur. Biz bu
yaxınlarda bu barədə artıq danışıqlara
başlaya bilərik. Məhz bu sahədəki əməkdaşlığımız
irəliyə doğru aparıla bilər.
Hesab
edirik ki, bütün bunlar ikitərəfli əməkdaşlığımıza
aid olan məsələlərdir. Mən sadəcə, bu biznes
forumda iştirak etdiyinə görə cənab Prezidentə təşəkkürümü
bildirirəm. Biz çox şadıq ki, Xorvatiyadan bir çox
qonaqlarımız buraya gəliblər.
Əminəm ki, bu görüşlərimizin nəticəsi uğurlu olacaqdır. Hesab edirəm ki, gələcəkdə bizim bütün planlarımızın praktiki surətdə həyata keçirilməsinin şahidi olacağıq. Çox sağ olun.
* * *
Ölkəmizə səfərindən məmnun qaldığını deyən Xorvatiya Prezidenti İvo YOSİPOVİÇ hazırda Azərbaycan ilə Xorvatiya arasında yaxşı siyasi münasibətlərin olduğunu dedi. Bu münasibətlərin iqtisadi əməkdaşlığımıza da şamil olunmasının vacibliyini vurğulayan Xorvatiya Prezidenti məhz iqtisadi əlaqələrin güclənməsinin bütün sahələrdəki əlaqələrə müsbət təsir göstərəcəyinə əminliyini ifadə etdi. Ölkəmizə səfəri çərçivəsində iqtisadi əməkdaşlığa dair üç sazişin imzalandığını önə çəkən Prezident İvo Yosipoviç Xorvatiyanın Azərbaycan sərmayəsinə hər zaman açıq olduğunu bildirərək dedi:
- Xorvatiya sizin enerji daşıyıcılarını, daha doğrusu, neftinizi böyük bir həcmdə idxal edir. Hesab edirəm ki, siz bu baxımdan sərmayələrinizi qoya bilərsiniz. Bu baxımdan Xorvatiya isə həm Azərbaycanda, həm də digər ölkələrdə xidmətlər sahəsində çalışır. Qeyd edirəm ki, burada böyük firmaların təmsilçiləri vardır. Onlar nəinki yerli, hətta beynəlxalq səviyyədə böyük uğurlar əldə ediblər.
Bu gün səhər biz gəmi tikintisi məsələsini nəzərdən keçirdik. Qeyd etmək istəyirəm ki, Puladan gəlmiş nümayəndə Azərbaycan ilə bu sahədə əməkdaşlığı genişləndirmək fikrindədir. Digər bir misal gətirim. Bu da bizim bütün dünyada tanınmış şirkətdir ki, əczaçılıq sənayesi sahəsində öz nəticələrini göstərib. Tikinti, ərzaq məhsulları sahələrində də fəaliyyətlər göstərilir. Lakin istehkam sahəsi də olduqca vacibdir. Əfsuslar olsun ki, bizim bu sahədə də keçmişimizdən irəli gələn məsələlər vardır və onlar öz həllini gözləyir. Bütün adlar xatirimdə deyil, lakin bizim bu sahədə də mütəxəssislərimiz vardır. Onlar da öz işlərində bir çox uğurlar qazanmışlar. Hesab edirəm ki, biz sizə öz yardımımızı göstərə bilərik. Söhbət təkcə mütəxəssislərdən, bunu necə yerinə yetirməkdən getmir. Bizim həmçinin elə sənaye obyektlərimiz var ki, onlar müvafiq avadanlıq da istehsal edir.
Biz Aralıq dənizinə çıxan ölkəyik. Biz çox maraqlı turizm məkanıyıq. Nəinki Avropadan, Asiyadan, dünyanın bütün ölkələrindən Xorvatiyaya turistlər gəlir. Nəyə görə məhz sizin ölkədən də bizə daha çox adam gəlməsin?!
Azərbaycanda olmaqdan məmnun qaldığını vurğulayan Xorvatiya Prezidenti İvo Yosipoviç göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirərək ölkələrimiz arasında bütün sahələrdə mövcud əməkdaşlığın inkişaf etdiriləcəyinə əmin olduğunu dedi.
* * *
Prezident İlham ƏLİYEV biznes foruma yekun
vuraraq dedi:
- Ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə
çox sağ
olun. Mən artıq bu gün
səhərki görüşümüz
çərçivəsində bildirdim ki,biz
ölkənizdə sərmayə
imkanlarını nəzərdən
keçirəcəyik. Qeyd etdiyiniz
kimi, biz ümumi təşəbbüslərlə çıxış edəcəyik.
Bizim məqsədimiz çox aydındır, şəffafdır.
Bizim məqsədimiz nəinki biznes əlaqələri qurmaq, o cümlədən
dostluğu da gücləndirməkdir. Bu,
yalnız o vaxt edilir ki, biznes
dairələri, həmçinin
sosial məsuliyyəti
də dərk edirlər. Bu, əslində bütün
razılaşmaları qəbul
edən ölkənin
hakimiyyət orqanları
ilə əldə olunduğu təqdirdə baş tutur.
Təşkil edilmiş bu tədbirə görə çox sağ
olun. Biznes dairələri əmin ola bilərlər
ki, biz onları hər zaman dəstəkləyəcəyik.
AzərTAc
Azərbaycan.- 2012.- 13 mart.- S. 3.