Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondunda olmuşlar

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç martın 12-də Heydər Əliyev Fondunda olmuşlar.

Xorvatiya dövlətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.

Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Prezident İvo Yosipoviç və xanımı ulu öndər Heydər Əliyevin arxivindən götürülmüşonun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.

Fondla tanışlıq zamanı qonaqlara məlumat verildi ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.

Prezident İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdılar.

Qonaqlara  fondun xatirə hədiyyəsi təqdim olundu.

Sonda Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər.

Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 3.