Azərbaycan qısa müddətdə çox sürətli inkişaf yolu keçmişdir

 

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti İvo Yosipoviç  martın 12-də Milli Məclisə gəlmişdir.

Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.

Prezident İvo Yosipoviç əvvəlcə Azərbaycan parlamentinin iclas zalı ilə tanış olmuş, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraiti, burada tətbiq edilən müasir texnologiya ilə maraqlanmışdır.  Ali qonaq parlamentdəki Heydər Əliyev xatirə zalına da baxmışdır.

Xorvatiya Prezidentinə Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndər Heydər Əliyevin xidmətləri, Milli Məclisin qəbul etdiyi mühüm hüquqi sənədlər barədə məlumat verilmişdir.

Qonaq Xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra Xorvatiya Prezidenti İvo Yosipoviç Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.

Oqtay Əsədov demişdir ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avratlantik məkana inteqrasiyadır. Bu baxımdan Azərbaycan Xorvatiya ilə əlaqələrin inkişafında maraqlıdır.

Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində  dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulayan Milli Məclisin Sədri demişdir ki, prezidentlərin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər münasibətlərimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. İnanırıq ki, Sizin bu səfəriniz əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaqdır.

O.Əsədov qanunverici orqanların fəaliyyətindən də danışmış və demişdir ki, parlamentlərarası dostluq qruplarının əlaqələrinin genişləndirilməsi deputatlarımızın  beynəlxalq qurumlarda səmərəli əməkdaşlığına dəstək olacaqdır.

Milli Məclisin Sədri Azərbaycanın bölgədə həyata keçirdiyi iri layihələrdən, Avropanın enerji təhlükəsizliyindəki mühüm rolundan danışmış, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri qərar və qətnamələrə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini bu gün də davam etdirməsi Avropada  təhlükəsizliyə ciddi təhdiddir.

O.Əsədov problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacağına və Xorvatiyanın münaqişənin ədalətli həllində bundan sonra da dəstəyini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirmişdir.

Prezident kimi Bakıya ilk dəfə gəldiyini vurğulayan İvo Yosipoviç demişdir: "Mən əvvəllər də Azərbaycanda olmuşam. Ötən qısa müddət ərzində Azərbaycan çox sürətli inkişaf yolu keçmişdir. Mən müxtəlif sahələrdə qazandığınız böyük uğurlara görə sizi təbrik edirəm".

Xorvatiya Prezidenti ölkələrimiz arasındakı mövcud dostluq münasibətlərini yüksək qiymətləndirmiş, bunun böyük nailiyyət olduğunu, iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığın inkişafına yaxşı zəmin yaratdığını qeyd etmişdir.

Dağlıq Qarabağ münaqişəsindən danışan İvo Yosipoviç  demişdir ki, Xorvatiya bu məsələdə Azərbaycanın mövqeyini və səylərini dəstəkləyir. Rəsmi Bakının bütün səyləri Azərbaycanın  ərazi bütövlüyünün təmin olunmasına yönəlmişdir. Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 4.