Xorvatiya Prezidenti
İvo Yosipoviç Azərbaycan Televiziyasına müsahibə
vermişdir
Ölkəmizə rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç martın 12-də Azərbaycan Televiziyasına müsahibə vermişdir. AzərTAc müsahibəni təqdim edir.
- Cənab Prezident, Siz bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb müzakirələr apardınız. Görüşünüz necə keçdi?
- Bu, çox maraqlı və səmərəli görüş oldu. Xüsusilə də iqtisadi sahədə müzakirə apardıq. Bu müzakirələrdə hər iki tərəfdən iqtisadi sahənin mütəxəssisləri də iştirak edirdilər. Bu gün axşam hər iki ölkəni təmsil edən şirkət nümayəndələrinin iştirakı ilə biznes forum keçiriləcəkdir. Demək olar ki, bu, bizim razı qala biləcəyimiz görüşlərdən biridir.
- Cənab Prezident, Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında, sözün əsl mənasında, gözəl münasibətlər mövcuddur. Biz bütün mühüm məsələlərdə qarşılıqlı anlaşma əldə etmişik. Biz gənc ölkələrik və düşünürəm ki, bir-birimizin mövqelərini çox gözəl anlayırıq.
- Hansı sahələrə qarşılıqlı sərmayələr yatırmaq mümkündür?
- Çox gözəl siyasi əlaqələrlə yanaşı, biz iqtisadi münasibətlərə investisiya yatırmalıyıq. Enerji, neft, qaz, turizm, gəmiqayırma və digər sahələr kimi iqtisadi əlaqələrin bir neçə istiqamətində əməkdaşlığı artırmaq üçün hər iki tərəf maraqlıdır. Artıq həm Azərbaycanda, həm də Xorvatiyada hər iki ölkədən olan şirkətlər fəaliyyət göstərir. Məsələn, Azərbaycan üçün 5-6 gəmi hazırlanır, digər tərəfdən ölkənizdən neft idxal edirik.
- Konkret olaraq turizm sahəsində hansı əməkdaşlıq formalarına üstünlük verilə bilər?
- Xorvatiya turizm ölkəsidir. Bizim ölkəyə təkcə Avropadan deyil, Yaponiya, Çin, Avstraliya və Cənubi Amerikadan da çox sayda turist gəlir. Axı nəyə görə sizin ölkədən də olmasın?! Digər tərəfdən, sizin gözəl, olduqca əhəmiyyətli mədəni irsə malik ölkəniz vardır. İkinci dəfədir ki, buradayam. Lakin prezident kimi ilk rəsmi səfərimi həyata keçirirəm. Ölkənizi bəyənirəm və düşünürəm ki, bu zəngin mədəniyyəti öyrənmək üçün hər kəs buraya gəlib bu zəngin mədəniyyətdən bəhrələnə bilər.
- Xorvatiya dost ölkə olaraq Azərbaycan şirkətlərinin sərmayələri üçün xüsusi, əlverişli şərait yarada bilərmi?
- Bizim
bütün investorlarla bağlı problemlərimiz olur. Biz başa düşürük ki, qanunvericiliyimiz
heç də həmişə investorlar üçün əlverişli
olmur. Biz hazırda qanunvericiliyə bir
sıra dəyişikliklər edirik. Biz yeni hökumətik
və yeni hökumət də ölkəmizin, ilk növbədə,
müxtəlif imicini formalaşdırır. Bu səbəbdən
Baş nazirin birinci müavini, iqtisadiyyat naziri cənab
Çaçiç bu səfərdə məni müşayiət
edir. O, olduqca mühüm təmaslar quracaqdır. Mən həmçinin
Prezident İlham Əliyevin bəyanatından çox məmnun
oldum ki, azərbaycanlı investorlar sosial cavabdehliyə
xüsusi önəm verirlər. Bu da mühüm əhəmiyyət
kəsb edir. Biz bu məsələyə çox həssas
yanaşırıq. Fikrimcə, bu, gələcək əməkdaşlıq
üçün çox gözəl bir zəmindir.
- Azərbaycanın
kənd təsərrüfatı məhsullarının
Xorvatiyaya ixracı perspektivlərinə necə
baxırsınız?
- Mən
artıq burada çox gözəl meyvə-tərəvəz
məhsullarını tapdım. Bizdə də müxtəlif
çeşidli, çox dadlı məhsullar vardır. Əlbəttə,
düşünürəm ki, sizin məhsullarınıza
maraq olacaqdır. Eyni zamanda, ümid edirəm ki, sizdə də
bizim təkcə kənd təsərrüfatı məhsullarına
deyil, kənd təsərrüfatı infrastrukturuna maraq
oyanacaqdır. Bizim bu sahədə kifayət qədər təcrübəyə
malik mütəxəssislərimiz vardır. Hesab edirəm ki,
bu sahədə əməkdaşlıq edə bilərik.
-
Xorvatiyanın Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllinə və Azərbaycanın
ərazilərinin işğal olunması faktına münasibəti
necədir?
- Biz sizin
mövqeyinizi başa düşürük. Cənub-Şərqi
Avropada, Xorvatiyadakı müharibə zamanı ölkəmizin
ərazisinin üçdəbiri işğal olunmuşdur. Əfsuslar
ki, biz savaşmalı olduq və sonuncu həlledici
döyüşdə qalib gəldik. Amma digər tərəfdən
bu, itkilərə səbəb oldu. Danışıqlar aparmaq
hər zaman daha yaxşıdır. Buna görə də biz
sizin mövqeyinizi dəstəkləyirik. Danışıqlar
yolu daha yaxşıdır. Xüsusilə ona görə ki,
bizim təcrübəmizin digər bir tərəfi də
vardır. Müharibə bitdikdən sonra belə
Xorvatiyanın şərqi torpaqlarının bir hissəsi hələ
də işğal altında idi. Həmin ərazilərin
Xorvatiya dövlətinə təkrar inteqrasiyası ilə
bağlı BMT-nin dəstəklədiyi xüsusi bir proqram
hazırlanmışdır. Bu, çox uğurlu oldu. Artıq
ölkəmiz sülh şəraitində yaşayır. Burada
inteqrasiya olunmuş milli azlıqlar da vardır. Bu, doğrudan
da, uğurlu bir proqram idi. Əgər müharibə ilə
danışıqlar arasında seçim etməli olsanız, əlbəttə
ki, imkan daxilində danışıqlar yolunu seçmək
lazımdır.
- Sağ
olun, cənab Prezident.
- Sağ
olun.
AzərTAc
Azərbaycan.- 2012.- 13 mart.- S. 4.