Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarına

 

Əziz gənclər!

 

Sizi - Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır və xoş arzularımı çatdırıram.

Müstəqil dövlət kimi iyirmi illik yol keçmiş Azərbaycan Respublikası qısa dövr ərzində milli dövlətçiliyini möhkəmləndirmiş, iqtisadi qüdrətini və siyasi nüfuzunu artırmış, dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Yeni ideyaları və quruculuq həvəsi ilə seçilən Azərbaycan gəncliyi qazanılan bütün uğurlara öz töhfəsini vermiş, ölkəmizin ictimai-siyasi, sosial-mədəni inkişafında fəal rol oynamışdır.

Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Respublikamızda gənclərlə bağlı son illərdə mühüm qanunlar, xüsusi dövlət proqramları qəbul olunmuş və hazırda uğurla icra edilir.

Gənclərimizin təhsilə, elmə və müasir informasiya-kommunikasiya texnologiyalarına artan marağı, vətənpərvərliyi və yüksələn ictimai fəallığı gələcəyə daha böyük ümidlərlə baxmağa əsas verir. Sevindirici haldır ki, harada yaşamasından və ictimai statusundan asılı olmayaraq, hər bir azərbaycanlı gənc öz doğma Vətəni ilə qürur duyur, milli maraqların qorunması naminə səyini əsirgəmir.

Düşünürəm ki, Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin mütəşəkkilliyinin artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporun möhkəmləndirilməsi və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini daha yaxşı əlaqələndirməyə imkan verəcəkdir. İnanıram ki, bu mötəbər məclisin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaqdır.

Sizi bir daha təbrik edir, qurultayın işinə uğurlar arzulayıram.

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart  2012-ci il

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 4.