Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıq xorvatiyalı qonaqda xoş təəssürat yaratmışdır

 

Xorvatiya Prezidenti İvo Yosipoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində onun xanımı Tatyana Yosipoviç martın 12-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.

Qonağa muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, muzeyin yerləşdiyi Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır.

Burada nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

Hazırda 150-dən çox işçinin çalışdığı muzey həm də Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.

Xüsusi olaraq qonağın diqqətinə çatdırılmışdır ki, muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuşdur.

Qonaq Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyinin eksponatlarına da maraqla tamaşa etmişdir. Buradakı məişət əşyaları və tarixi sənədlər onda böyük təəssürat yaratmışdır.

Muzeylə tanışlıqdan xoş təəssürat alan xanım Tatyana Yosipoviç Xatirə kitabına ürək sözlərini yazmışdır.

Hörmətli qonağa muzeylə bağlı kitablar hədiyyə olunmuşdur.

Xanım Tatyana Yosipoviçöz növbəsində muzeyə xatirə hədiyyəsi təqdim etmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 5.