Yeni layihə dövlət siyasətinin icrasında gənclərin iştirakını təmin edəcəkdir

 

Martın 12-də BMT-nin Azərbaycandakı ofisində "Qərarların qəbulu və dövlət siyasətinin icrasında gənclərin iştirakı" layihəsinin həyata keçirilməsi ilə bağlı birgə sənədin imzalanması mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov iştirak etmişdir.

Tədbirdə bildirilmişdir ki, 2 il davam edəcək layihənin icrasına 210 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

Sonra Azərbaycan hökuməti adından gənclər və idman naziri Azad Rəhimov və BMT-nin İnkişaf Proqramı (BMTİP) adından bu qurumun ölkəmizdəki rezident-əlaqələndiricisi Fikrət Akçura sənədi imzalamışlar.

Vacib bir sənədə imza atdığını söyləyən nazir A.Rəhimov demişdir ki, layihənin əsas məqsədi dövlət siyasətinin planlaşdırılmasında, qərarların qəbulu prosesində gənclərin daha fəal iştirakını təmin etmək, onların liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır. Nazir vurğulamışdır ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramında irəli sürülən prioritetlərə xidmət edən layihə gənclərin idarəetmədə rolunu artırmaqla yanaşı, onların beynəlxalq forumlarda iştirak bacarıqlarını da inkişaf etdirəcəkdir.

Azərbaycanda BMTİP tərəfindən gənclərin problemləri və ətraf mühitlə bağlı bir çox layihələrin icra edildiyini bildirən F.Akçura demişdir ki, hər bir ölkənin gələcəyi onun gənclərindən asılıdır. Ona görə də bu layihəni reallaşdırmaqda məqsədimiz Azərbaycan gənclərinə kömək etməkdir.

 

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 7.