Bakıda Azərbaycan-Xorvatiya
biznes forumu keçirilmişdir
Martın 12-də Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilmişdir.
AzərTAc xəbər verir ki, biznes foruma rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, enerji, tikinti, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, əczaçılıq və digər sahələri təmsil edən 200-dən çox iş adamı qatılmışdır.
Tədbirdə AZPROMO-nun rəhbəri Adil Məmmədov Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər və ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanları, Xorvatiyanın İqtisadiyyat Palatasının sədr müavini Vesna Trnokop Tanta iş adamları arasında əməkdaşlıq perspektivləri, qurumun beynəlxalq əlaqələr departamentinin direktoru Sunçanica Skupnjak Kapiç isə "Xorvatiya sizin biznes tərəfdaşınız kimi" adlı təqdimatlarla çıxış etmişlər. Forumda həmçinin Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və "AzVirt" şirkətinin nümayəndəsi Rauf Yusubov təmsil etdikləri biznes qurumlarının fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat vermişlər.
Biznes forum çərçivəsində AZPROMO ilə Xorvatiyanın İqtisadiyyat Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.
Forum iş adamları arasında ikitərəfli
görüşlərlə başa çatmışdır.
Azərbaycan.- 2012.- 13 mart.- S. 7.