İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsi başqa ölkələr üçün örnəkdir

 

Martın 12-də Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsində (İAQMİ) polis zabitləri üçün insan alveri cinayətlərinin istintaqı mövzusunda seminar keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, seminarda ekspert qismində ABŞ-ın Ədliyyə Departamentinin, Azərbaycandakı səfirliyinin və Amerika Hüquqşünaslar Assosiyasiyasının əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda bir çox hüquqi islahatlar keçirilmiş, beynəlxalq təşkilatlar qarşısında mühüm öhdəliklər götürülmüşdür. 2000-ci ildə ölkəmizin Avropa Şurasının İnsan alverinə qarşı Konvensiyasına qoşulduğunu vurğulayan Ə.Hüseynli həyata keçirilən tədbirlərin, mütərəqqi hüquqi təcrübədən yararlanmanın insan hüquqlarının müdafiəsində və qorunmasında dönüş yaradacağını bildirmiş, qarşıya çıxan problemlərin həllində vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirmişdir.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev insan alveri cinayətinin bu gün dünyada narkotiklə mübarizə, silah qaçaqmalçılığı, insan orqan və toxumalarının tarnsplantasiyasından daha təhlükəli olduğunu, Prezident İlham Əliyevin sərəncamı ilə 2006-ci ildə İAQMİ-nin yaranmasından sonra cinayətkarlığın bu növü ilə mübarizənin gücləndiyini, hətta region ölkələrində rast gəlinməyən bir çox tədbirlərin həyata keçirildiyini, buna misal olaraq, insan alveri qurbanları üçün sığınacaqların yaradıldığını, onlara birdəfəlik pul müavinətlərinin ayrıldığını nəzərə çatdırmışdır.

Ekspert Robert Stir dünyada insan alverinin hər il təxminən 9 milyard dollar gəlir gətirdiyini və qurbanlar sırasında iqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrin vətəndaşlarının çoxluq təşkil etdiyini bildirmişdir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə hazırda dünyada 12,3 milyon şəxsin məcburi əməyin qurbanı olduğunu, 270 milyon uşağın məcburi əməkdən əziyyət çəkdiyini diqqətə çatdırmışdır.

Ekspertlər tərəfindən tərtib olunmuş və insan alveri cinayətinin müxtəlif formalarını özündə əks etdirən testlərin, məntiqi sualların qarşılıqlı şəkildə cavablandırılmasının nəticələrini müsbət qiymətləndirən ekspert Erik Peterson demişdir ki, bu istiqamətdə Azərbaycanın hüquq-mühafizə orqanlarının təcrübəsi örnəkdir.

Seminarın sonunda iştirakçılara sertifikatlar verilmişdir.

 

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 7.