Bakıda "Analığın qorunması minilliyin əsas məqsədidir" adlı beynəlxalq konfrans keçirilir

 

Martın 12-də Bakıda "Analığın qorunması minilliyin əsas məqsədidir" adlı 1-ci konfrans öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuşdur.

Sonra Azərbaycan Tibb Universitetində (ATU) keçirilən konfransda "Lider qadınlar" İctimai Birliyinin sədri Məlahət İbrahimqızı çıxış edərək yeni doğulan uşaqların sağlamlığının ananın səhhəti ilə sıx əlaqəli olduğunu demişdir.

ATU-nun rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov çıxışında görülən tədbirlər nəticəsində hazırda ölkədə demoqrafik təhlükənin olmadığını bildirmişdir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə parlamentdə müzakirəsi davam edən "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanundan danışmışdır. Bildirmişdir ki, bu qanun reproduktiv sağlamlıq sahəsində mövcud problemlərin aradan qaldırılmasına yardım edəcəkdir.

Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Necdet Ünüvar hər il dünyada doğuş zamanı ölən anaların sayının müharibələrdə ölən insanların sayından çox olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Demişdir ki, Dünya Səhiyyə Təşkilatı, BMT və bir çox beynəlxalq təşkilatların səhiyyə problemləri sırasında ana sağlamlığı əsas məsələlərdən biridir.

Tədbirdə Yer üzü Beynəlxalq  Doktorlar Təşkilatının könüllüsü, Türkiyə Qadın Sağlıqçılar Təşkilatı İdarə Heyətinin üzvü Sare Davudoğlunun "Reproduktiv sağlamlıq və bioetika" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi bu sahədə Türkiyə təcrübəsindən danışmışdır.

Mövzu ətrafında müzakirələrlə davam edən konfrans martın 13-də başa çatacaqdır.

 

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 7.