Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyası arasında
2012-2013-cü illər üçün Baş Kollektiv
Sazişin bağlanması haqqında
QƏRAR
¹ 58
Bakı şəhəri, 6 mart 2012-ci il
Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının
Milli Konfederasiyası QƏRARA ALIRLAR:
1. Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə
əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyası arasında
2012-2013-cü illər üçün Baş Kollektiv Saziş
bağlanılsın (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyev
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatlarının
Milli
Konfederasiyasının prezidenti Məmməd Musayev
Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyası arasında
2012-ci il 6 mart tarixli 58 nömrəli qərarla
bağlanmışdır
Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası arasında 2012-2013-cü illər
üçün
BAŞ KOLLEKTİV SAZİŞ
Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası (bundan sonra - Tərəflər)
mövcud beynəlxalq və ölkə qanunvericiliyinə əsaslanaraq,
sosial-iqtisadi siyasət və sosial-əmək münasibətləri
üzrə 2012-2013-cü illər üçün
razılaşdırılmış mövqelərini və
birgə fəaliyyətlərini müəyyən edən
Baş Kollektiv Saziş bağlayırlar.
Tərəflər
hesab edirlər ki, saziş bağlanılan müddətdə
ölkə iqtisadiyyatının
möhkəmləndirilməsinə, onun rəqabət
qabiliyyətinin artırılmasına, əmək məhsuldarlığının
yüksəldilməsinə, stabil məşğulluğa və
əmək bazarının səmərəli infrastrukturunun
inkişafına, iş yerlərinin təhlükəsizliyinə
kömək edəcək şəraitin yaradılmasına,
işçilərin və onların ailələrinin yaşayışının
keyfiyyətinin artırılmasına, yoxsulluq səviyyəsinin
azaldılmasına, sosial sabitliyin qorunub saxlanılmasına və
əhalinin sosial müdafiəsinin təmin edilməsinə
istiqamətlənən sosial-iqtisadi siyasətin həyata
keçirilməsi Sazişin prioritet məqsədini təşkil
edir.
Saziş
sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və
sahə sazişlərinin işlənilməsi və
bağlanılması üçün əsas
götürülür.
Tərəflər
qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq
prinsipləri əsasında inkişaf etdirilməsinə,
sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv
müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə
çalışacaqlarını və Baş Kollektiv
Sazişlə müəyyən edilən öhdəlik və
sövdələşmələrə riayət edəcəklərini
bəyan edirlər.
1. İqtisadi siyasət sahəsində
Tərəflər
hesab edirlər ki, yaxın gələcəkdə dövlətin
sosial-iqtisadi siyasəti iqtisadi inkişafın
dayanıqlığının istehsalatın modernləşdirilməsi
və rəqabət qabiliyyətinin artırılması,
innovasiya fəallığının və insan kapitalına
investisiyaların stimullaşdırılması, vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin
yaradılması, yoxsulluğun azaldılması, əhalinin
rifahının artırılması əsasında təmin
edilməsinə yönəldilməlidir.
Bu məqsədlə Tərəflər
aşağıdakı öhdəlikləri
götürürlər:
1.1. iqtisadiyyatın, o cümlədən xidmət
sahələrinin modernləşdirilməsinə kömək
etmək;
1.2. iqtisadiyyatın innovativ inkişaf modelinə
keçidini sürətləndirmək;
1.3. iqtisadiyyatın yüksək texnoloji və
infrastruktur sahələrinin inkişaf etdirilməsinə diqqəti
artırmaq;
1.4. iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi
üzrə kompleks tədbirləri həyata keçirmək;
1.5. ölkənin Ümumdünya Ticarət Təşkilatına
daxil olması üçün səyləri davam etdirmək,
bu məsələdə Tərəflərin mövqelərini
nəzərə almaq;
1.6. bazar iqtisadiyyatının mühüm
ünsürlərinin, maliyyə institutları daxil olmaqla, təkmilləşdirilməsi
üçün şərait yaratmaq;
1.7.
sosial-iqtisadi inkişafın uzunmüddətli
proqnozlaşdırma sistemini təkmilləşdirmək, onun
keyfiyyətini artırmaq;
1.8. əməyin məhsuldarlığının
artırılmasına yönəldilən tədbirləri
stimullaşdırmaq;
1.9. bazar iqtisadiyyatı şəraitində istehsal
həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas
amil olan kiçik və orta sahibkarlıq subyektləri
üçün dövlət yardımının ayrılmasına diqqəti
artırmaq;
1.10. yerli məhsulun
istehsal həcmini, əməyin səmərəliliyini,
malların keyfiyyətini və rəqabət qabiliyyətini
yüksəltmək məqsədi ilə yerli
istehsalçılara hərtərəfli yardımı
artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları
əsasında daxili və xarici bazarlarda ölkənin yerli
istehsalçılarının mənafelərini müdafiə
etmək, istehsal olunmuş hazır məhsulun dünya
bazarlarına ixracını
stimullaşdıran tədbirlər sistemini gücləndirmək;
1.11. regionların inkişafı, yeni layiqli iş
yerlərinin yaradılması məqsədi ilə hər bir
şəhər (rayon) üzrə əmək və təbii
resursları, iqtisadi potensialı və infrastrukturu əks etdirən
məlumat banklarının yaradılmasını başa
çatdırmaq və bu informasiya mənbələri
haqqında məlumatın yayılması üçün tədbirlər
görmək;
1.12. iqtisadiyyatın bütün sahələrində
müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsinə
dəstək vermək;
1.13.
qeyri-formal iqtisadiyyatın həcminin azaldılması və
real sektora yönəldilməsi istiqamətində tədbirləri
davam etdirmək;
1.14. dövlət məmurları arasında gəlirlər
haqqında bəyannamənin doldurulmasını tətbiq etməklə
və digər təsirli tədbirləri həyata keçirməklə
korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək;
1.15. dövlət büdcəsinin gəlir və xərclərinin
ümumi daxili məhsulda xüsusi çəkisinin
optimallaşdırılması istiqamətində işləri
davam etdirmək;
1.16. ölkənin ərzaq təhlükəsizliyi
baxımından kənd təsərrüfatı
istehsalının inkişafı, onun səmərəliliyinin
artırılması və bu sahədə qeyri-formal əmək
münasibətlərinin aradan qaldırılması
üçün zəruri tədbirlər həyata keçirmək;
1.17. bilavasitə istehsalçıların,
infrastruktur yaradan elmi tədqiqat və təcrübə-konstruktor
işlərini həyata
keçirən sahibkarların investisiya fəaliyyətinin
yüksəldilməsini nəzərə alan vergi
qanunvericiliyinin təkmilləşdirilməsini davam etdirmək;
1.18. ölkə gənclərinin və
qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaları üçün səyləri artırmaq;
1.19. təbii inhisarçıların xidmətlərinə
və məhsullarına qoyulan qiymətlərə (tariflərə)
yenidən baxılması prosesində üçtərəfli
məsləhətləşmələrdən istifadə etmək;
1.20. istehlak bazarında qiymətlərin əsassız
artmasına təsir göstərən
inhisarçılığın, rəqabətin məhdudlaşdırılması,
bazarların bölüşdürülməsi,
razılaşdırılmış qiymətlərin tətbiq
edilməsi hallarının qarşısının
alınması üçün birgə monitorinqlər aparmaq
və onların nəticələrini geniş ictimaiyyətə
çatdırmaq;
1.21. ipoteka kreditlərinin verilməsi şərtlərinin
sadələşdirilməsinə,
kredit məbləğinin əmlak bazarında mövcud
olan qiymətlərə uyğunlaşdırılmasına
nail olmaq və onun üzərində birgə nəzarəti təşkil
etmək;
1.22. transmilli şirkətlərdə, xarici sərmayə
ilə işləyən və müştərək müəssisələrdə
çalışan işçilərin hüquqlarının
qorunması ilə bağlı birgə iş aparmaq;
1.23. ölkəyə gətirilən ərzaq və
qeyri-ərzaq mallarının keyfiyyəti üzərində nəzarət
mexanizmini gücləndirmək;
1.24. institusional, idarəetmə və struktur
islahatlarını davam etdirmək;
1.25. inflyasiyanın məqbul səviyyədə
saxlanılması məqsədi ilə müvafiq tənzimləmə
üsullarından fəal istifadə etmək;
1.26. ölkənin qeyri-neft sektoruna xarici
investisiyaların miqyasını daha da genişləndirmək
məqsədi ilə xarici investorlar üçün
stimullaşdırıcı mexanizmlər üzrə təkliflər
hazırlamaq;
1.27. Azərbaycan
Respublikasının Rəqabət Məcəlləsinin qəbul
olunmasının sürətləndirilməsi
üçün təsirli tədbirlər görmək;
1.28. idxalı əvəz edəcək və
ixracyönlü məhsulların istehsalını və
ixracını stimullaşdıran tədbirləri həyata
keçirmək;
1.29. torpaqların münbitliyinin qorunması və
artırılmasına dair tədbirlər planının
hazırlanması və həyata keçirilməsinə nəzarəti
gücləndirmək, şoranlaşmış və eroziyaya
uğramış torpaqlarda sağlamlaşdırma tədbirlərini
yerinə yetirmək;
1.30. dövlət idarəetməsi sahəsində təkmilləşdirmə
işlərini davam etdirmək, məmurların hərəkətləri
və ya hərəkətsizliyi nəticəsində
sahibkarlara (biznesə) dəyən zərərə görə
məsuliyyət haqqında normativ aktın qəbul edilməsi
imkanını nəzərdən keçirmək.
Tərəflər
iqtisadiyyatın bütün sahələrində ümumi
daxili məhsulun aşağıda qeyd olunan real artım
göstəricilərini təmin etməyi zəruri hesab edirlər:
- 2012-ci ildə
5,7 faiz, 2013-cü ildə 5, 1 faiz, o
cümlədən sənaye istehsalında müvafiq olaraq 1,9
faiz və 1,4 faiz;
- kənd, meşə və
balıqçılıq təsərrüfatında 7,1 faiz və
4,4 faiz, o cümlədən pərakəndə əmtəə
dövriyyəsi 7,7 faiz və 7,8 faiz;
- əhalinin pul gəlirləri 6,8 faiz və
8 faiz.
2. Əməyin ödənilməsi, əhalinin
gəlirləri və həyat səviyyəsi
Tərəflər
qeyd olunan müddətdə işçinin layiqli əmək
hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini
və həyata keçirilməsini, real əməkhaqqının
artırılmasını, əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasını və gəlirlər
siyasətinin təkmilləşdirilməsini zəruri hesab
edirlər.
Bu məqsədlə
Tərəflər əməyin təşkilinin təkmilləşdirilməsi,
işçilərin ixtisas dərəcələrinin
artırılması, əməyin məhsuldarlığının
yüksəldilməsi məqsədi ilə
aşağıdakı öhdəlikləri götürürlər:
2.1. Beynəlxalq
Əmək Təşkilatı ilə əməkdaşlıq
çərçivəsində Layiqli Əmək üzrə
Ölkə Proqramını imzalamaq və onun icrasını təmin
etmək;
2.2.
"Yaşayış minimumu haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq minimum əməkhaqqı
məbləğinin, pensiyaların baza hissəsinin, ehtiyac
meyarının həddinin ölkə üzrə
yaşayış minimumu səviyyəsinə
çatdırılması üzrə işləri davam etdirmək;
2.3. Azərbaycan
Respublikasının Əmək Məcəlləsindəki
"minimum əməkhaqqı" anlayışının
Beynəlxalq Əmək Təşkilatının 131 nömrəli
Konvensiyasında verilən tərifə
uyğunlaşdırılması, bu göstəricinin
inflyasiya nəzərə alınmaqla indeksləşdirilməsi
barədə mülahizənin qanuna daxil edilməsi ilə
bağlı məsləhətləşmələr aparmaq;
2.4. əməyin ödənişinə sərf
olunan vəsaitin ümumi daxili məhsulda xüsusi çəkisinin
əhəmiyyətli dərəcədə
artırılmasına dair işləri davam etdirmək;
2.5. əməkhaqlarının, pensiyaların,
müavinətlərin vaxtında ödənilməsini təmin
etmək;
2.6. əməkhaqqı səviyyələri
arasında qeyri-mütənasibliyin aradan qaldırılması
məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi
prosesini davam etdirmək;
2.7. kişi və qadın işçilər tərəfindən
həyata keçirilən eyni işlər üçün bərabər
həcmdə əməyin ödənilməsini təmin etmək;
2.8. beynəlxalq təcrübəyə əsaslanaraq,
peşə ixtisasları üzrə standartların
hazırlanmasını davam etdirmək;
2.9. iqtisadiyyatın bütün sahələri
üçün ümumi olan və ayrı-ayrı sahələr
üzrə Vahid Tarif İxtisas Sorğu
kitabçalarının tərtib edilməsini başa
çatdırmaq və onların yayılmasını təmin
etmək;
2.10. ölkə üzrə orta əməkhaqqı
miqdarından az maaş alanların sayını əhəmiyyətli
dərəcədə aşağı salmaq məqsədi ilə
təsirli tədbirlər həyata keçirmək;
2.11.
qeyri-formal əmək münasibətlərinin
qarşısını almaq məqsədi ilə
işçiləri əmək müqaviləsi bağlanmadan
işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər
verən işəgötürənlər üzərində
sosial tərəfdaşların birgə nəzarətini
gücləndirmək;
2.12. minimum istehlak səbətinin tərkibinə
yenidən baxmaq;
2.13. işçilərə istifadə
olunmamış əmək məzuniyyəti üçün
kompensasiya ödənilməsinə nəzarəti gücləndirmək;
2.14. müəssisə və təşkilatlarda əməyin
normallaşdırılması istiqamətində aparılan
işlərə diqqəti artırmaq;
2.15. istehsal olunan məhsulun maya dəyərində əməyin
ödənilməsinin payını əks etdirən məlumatlar
ətrafında məsləhətləşmələr
apararaq bu sahədə vahid siyasəti müəyyən etmək.
3. Əmək bazarının
inkişafı və əhalinin məşğulluğunun təminatları
Tərəflər
hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və
innovasiyalı inkişafı ixtisaslı işçilərə
tələbatı formalaşdırmalı, yüksək məhsuldarlıqla,
təhlükəsiz əmək şəraiti və layiqli əməkhaqqı
ilə səciyyələnən səmərəli iş yerlərinin
yaradılması ilə müşayiət olunmalıdır.
Bu proseslər
əhalinin məşğulluğu və insan
resurslarının inkişafı sahəsində məqsədyönlü
dövlət siyasəti ilə və sosial tərəfdaşların
qarşılıqlı əməkdaşlığı şəraitində
aşağıdakı istiqamətlərdə tədbirlər
həyata keçirilməklə dəstəklənməlidir:
- əmək bazarına dair informasiya sisteminin təkmilləşdirilməsi;
- məşğulluq sahəsində dövlət
siyasətinin səmərəliliyinin və dövlət xidmətlərinin
keyfiyyətinin artırılması;
- işçi qüvvəsinin keyfiyyətinin
yaxşılaşdırılması və onun peşəkar
mobilliyinin inkişafı;
- əmək bazarı və məşğulluq
sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi;
- əmək miqrasiyasının səmərəliliyinin
artırılması.
Bununla əlaqədar Tərəflər
aşağıdakı öhdəlikləri
götürürlər:
3.1. "Məşğulluq
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, məşğulluq sahəsində
razılaşdırılmış siyasəti həyata
keçirmək məqsədi ilə sosial tərəfdaşların
və müvafiq qeyri-hökumət təşkilatlarının
nümayəndələrindən ibarət müvafiq respublika əlaqələndirmə
komitəsinin yaradılmasını təmin etmək;
3.2. əmək, məşğulluq və əmək
miqrasiyası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsini
davam etdirmək;
3.3. Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə 2011-2015-ci illər
üçün Dövlət Proqramı"nda nəzərdə
tutulmuş tədbirlərin icrasını təmin etmək;
3.4. gənclərin məşğulluğunun təmin
edilməsinə, onların kənd yerlərində
çalışmasını həvəsləndirən
imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək
şəraitinin yaxşılaşdırılmasına, həyat
səviyyəsinin yüksəldilməsinə, tələbə
və şagirdlərin, gənc işçilərin və
mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə
istiqamətləndirilən tədbirləri dəstəkləmək;
3.5. ordudan tərxis olunmuş gənclərin əvvəlki
iş yerlərinə və vəzifələrinə bərpa
olunmasına nəzarəti gücləndirmək, onların
peşələrinə uyğun müvafiq işlə təmin
olunmasına nail olmaq;
3.6. əmək qanunvericiliyinin tələblərinə
riayət olunması üzərində sosial tərəfdaşların
nəzarətini gücləndirmək;
3.7. işsizliyə görə müavinətin, həmçinin
peşə hazırlığı, əlavə təhsil
vaxtında müəyyən edilmiş təqaüdün
minimum məbləğinin yaşayış minimumu səviyyəsində
müəyyən edilməsi ilə bağlı təkliflər
hazırlamaq;
3.8.
qeyri-formal əmək münasibətlərinin
leqallaşdırılması istiqamətində təsirli tədbirlər
həyata keçirmək;
3.9. inkişaf edən iqtisadiyyatın tələblərinə
uyğun olaraq texniki-peşə və orta ixtisas təhsili
sistemində islahatların həyata keçirilməsi üzrə
dövlətin və sahibkarların (biznesin) birgə təkliflərini
hazırlamaq;
3.10. əmək bazarının tələblərinə
uyğun olaraq kadr hazırlığının
proqnozlaşdırılması sisteminin yaradılmasına dair
zəruri tədbirlər görmək;
3.11. işçilərin əmək
hüquqlarını davamlı surətdə təmin etmək
məqsədi ilə qeyri-qanuni müddətli müqavilələrin
bağlanmasına yol verməmək;
3.12. əhalinin həssas qruplarının məşğulluq
imkanlarının genişləndirilməsi istiqamətində
işləri davam etdirmək;
3.13. valideyn himayəsindən məhrum olub, tərbiyə,
müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində
və digər analoji müəssisələrdə qalan
uşaqların həmin müəssisələrdən
qayıtdıqdan sonra işə düzəlmələrinin qayğısına qalmaq;
3.14. ölkə və regionlar üzrə məşğulluq
proqramlarının tam həcmdə maliyyələşdirilməsini
təmin etmək və bu məqsədlər üçün
ayrılmış vəsaitin səmərəli istifadə
olunmasına nəzarəti gücləndirmək;
3.15. respublika və regionlar üzrə əmək
resursları balansının tərtib edilməsi
üçün tədbirlər görmək;
3.16. mövcud iş yerlərinin
saxlanılmasını və layiqli yeni iş yerlərinin
yaradılmasını təmin edən işəgötürənlər
üçün həvəsləndirici tədbirləri
genişləndirmək;
3.17. əhalinin,
xüsusilə iş axtaran və işsiz vətəndaşların
məlumatlandırılması istiqamətində
reklam-informasiya işini genişləndirmək, yeni
yaradılmış iş yerləri haqqında təfsilatlı
informasiya bazasını yaratmaq və geniş ictimaiyyətə
çatdırmaq;
3.18. əmək bazarının məşğulluq
və işsizlik səviyyəsinin real vəziyyətinin
düzgün qiymətləndirilməsi məqsədi ilə
iqtisadi zonalar üzrə işləri davam etdirmək;
3.19. ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin
tələbə və
şagirdlərinə əmək qanunvericiliyinin əsasları
üzrə maarifləndirmə işlərini həyata
keçirmək;
3.20. məşğulluq məsələləri
üzrə regionlarda yaradılmış əlaqələndirmə
komitələrinə hərtərəfli kömək etmək;
3.21. əmək resurslarının daxili ərazi
mobilliyini həvəsləndirən stimullar sisteminin gücləndirilməsi
sahəsində məsləhətləşmələr
aparmaq;
3.22. Beynəlxalq
Əmək Təşkilatının 1988-ci ildə qəbul
olunmuş "Məşğulluğa köməklik və
işsizlikdən müdafiə haqqında" 168 nömrəli
Konvensiyasının ratifikasiya imkanlarını
araşdırmaq;
3.23. yeni yaradılan iş yerlərinin layiqli əmək
normalarının tələblərinə uyğun gəlməsinə
dair monitorinqlər həyata
keçirmək;
3.24. əməkçi miqrantların
hüquqlarının müdafiəsi üzrə dövlətlərarası
əməkdaşlığı həyata keçirmək,
ölkələrarası sazişlərin
bağlanılması təcrübəsindən istifadə etmək;
3.25.
qeyri-formal məşğulluğun və əmək
miqrasiyasının real vəziyyətinin öyrənilməsinə
və onu yaradan səbəblərin aradan
qaldırılmasına, eyni zamanda, yaratdığı risklərlə
bağlı ictimaiyyətin məlumatlandırılmasına
dair işləri davam etdirmək;
3.26. sosial infrastruktur yönümlü işlərin
inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin
dirçəldilməsi və inkişafı, turizm-istirahət
zonalarının yaradılması və bu sahələrə
investisiyaların artırılması hesabına
qadınların məşğulluq səviyyəsinin
artırılması;
3.27. gənclərə, qadınlara, xüsusilə
də 20-30 yaşlı qadınlara yeni peşələrin
öyrədilməsinə və ixtisaslarının
artırılmasına dair işlərin gücləndirilməsi.
4. Sosial müdafiənin gücləndirilməsi
istiqamətləri
Tərəflər
Azərbaycan Respublikası vətəndaşlarının
sosial müdafiəsi üzrə hüquqlarının təmin
edilməsi üçün aşağıda göstərilən
tədbirlərin həyata keçirilməsini zəruri hesab
edirlər:
4.1. əhalinin sağlamlığının
mühafizəsi üzərində ictimai nəzarətin
gücləndirilməsi;
4.2.
İİV/QİÇS-ə, şəkərli diabet xəstəliyinə
və digər xroniki xəstəliklərə tutulanların
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
tədbirlərin davam etdirilməsi;
4.3. məktəbəqədər təhsil müəssisələrində
uşaq qidasının keyfiyyətinin
yaxşılaşdırılması məqsədi ilə
müvafiq tədbirlərin həyata keçirilməsinin davam
etdirilməsi;
4.4. məktəb tətilləri zamanı
uşaqların istirahətlərinin təşkili işinin
davam etdirilməsi, sağlamlıq uşaq düşərgələrinin
sayının artırılması istiqamətində
lazımi tədbirlərin həyata
keçirilməsi;
4.5. müəssisə
və təşkilatların mənzilə ehtiyacı olan
işçilərinin mənzillə təmin edilməsinin təşkili
və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin
28-ci maddəsinə uyğun
olaraq, qəza vəziyyətində olan yaşayış sahələrinin
(mənzillərin, binaların) mülkiyyətçi
orqanları (nazirlik, komitə, birlik və digər) tərəfindən
tədricən yararlı vəziyyətə gətirilməsi
və burada yaşayanların təhlükəsizliyinin təmin
edilməsi;
4.6. sığortaolunanların sanatoriya-kurort
müalicəsi üzrə xərclərinin Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondunun
büdcəsində nəzərdə tutulan vəsait daxilində
maliyyələşdirilməsinin
təmin edilməsi və ayrılan vəsaitin səmərəli
istifadəsinə nail olunması;
4.7. səhiyyənin dövlət sektorunun prioritet
rolunun saxlanılması və özəl tibb sektoruna dövlət
müəssisələrindən təcrübəli həkim
personalının axınının qarşısının
alınması məqsədi ilə səhiyyə
işçilərinin maddi təminatının
yaxşılaşdırılması, vətəndaşlara
tibbi xidmətin dövlət təminatları əsasında
ödənişsiz göstərilməsinin davam etdirilməsi;
4.8. iş
yerlərində qadınların təbii və reproduktiv
xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə
cavab verə biləcək sanitariya-gigiyena normalarının
işlənib hazırlanması;
4.9. idarə, müəssisə
və təşkilatlar tərəfindən
sığortaolunanlar barədə fərdi uçot
haqqında qanunvericiliklə müəyyən olunmuş məlumatların
vaxtında verilməsinin təmin edilməsi;
4.10. müəssisə, təşkilat və idarələrdə
işçilərin məzuniyyət hüququndan istifadə
etmələrinə nəzarətin gücləndirilməsi;
4.11. təhlükə
mənbəyinə malik olan müəssisələrin işəgötürənləri
tərəfindən işlərin görülməsi ilə əlaqədar
olaraq sığorta risklərinin sığortalanmasının
müəyyən olunmuş qaydada aparılmasına nəzarətin
gücləndirilməsi;
4.12. əhaliyə şəxsi mənzil tikintisi
üçün torpaq sahələrinin ayrılması
prosesinin və mənzil tikintisi üçün kreditlərin
verilməsi sisteminin təkmilləşdirilməsinə,
tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarətin
gücləndirilməsi;
4.13. müəssisə və təşkilatların
vəsaiti hesabına tikilmiş mənzil sahəsinin
işçilər arasında bölüşdürülməsi
(paylanması) haqqında nümunəvi qaydaların
hazırlanıb qəbul olunması;
4.14. uşaq əməyinin, məcburi əməyin
və insan alverinin aradan qaldırılmasını təmin edən,
əmək miqrasiyasını tənzimləyən dövlət
sosial proqramlarının dəstəklənməsi, birgə
monitorinqlərin təşkil edilməsi;
4.15. ölkənin şəhər və
rayonlarında məktəbyaşlı uşaqların təhsildən
yayınması hallarının üzə çıxarılması,
onun səbəblərinin
araşdırılması və uşaqların məktəblərə
qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar
ittifaqı və təhsil orqanlarının nümayəndələrindən
ibarət komissiyaların yaradılması;
4.16. ali, orta ixtisas, ilk peşə-ixtisas və
ümumi təhsil müəssisələrinin proqramlarına
"Gender siyasətinin əsasları"nın tədrisinin
daxil edilməsinə nail olunması;
4.17. ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrində təhsil alan tələbə
və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi
ilə təkliflərin hazırlanması;
4.18. işçilərə verilən ödənişli
əsas məzuniyyətin aşağı həddini 28 təqvim
günü müəyyən edən Avropa Sosial
Xartiyasının 2-ci maddəsinə qoşulmaq
üçün səy göstərilməsi;
4.19. uşağa bilavasitə qulluq edən şəxsin
qismən ödənişli sosial məzuniyyətdən istifadə
etdiyi müddətin əmək stajına görə əlavə
məzuniyyət hüququ verən dövrə daxil edilməsi
üçün birgə müzakirələrin
aparılması;
4.20. əmək məzuniyyəti dövründə
işçi əmək qabiliyyətini müvəqqəti
itirərsə, əmək qabiliyyətinin itirildiyi
bütün günlər üçün müavinətin
verilməsi ilə bərabər işəgötürən tərəfindən
əmək məzuniyyətinin xəstəlik vərəqəsində
göstərilən günlərin sayı qədər
uzadılmasına nail olunması;
4.21. Müstəqillik
Gününün (18 oktyabr) də iş günü hesab edilməyən
bayram günü kimi qeyd edilməsinə və bununla əlaqədar
Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində
dəyişiklik edilməsinə nail olunması;
4.22. səsvermə gününün və
Ümumxalq Hüzn Gününün əmək məzuniyyəti
dövrünə təsadüf
edərkən məzuniyyətin təqvim günlərinə
daxil edilməyən və ödənilməyən günlər
siyahısına əlavə edilməsi üçün Əmək
Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsində
dəyişiklik edilməsinə nail olunması;
4.23.
sığorta-pensiya sisteminin dayanıqlı və dinamik
inkişafına nail olunması məqsədi ilə
islahatların davam etdirilməsi;
4.24. işəgötürənlər tərəfindən
sosial sığorta haqlarının vaxtında və tam həcmdə
köçürülməsi üzərində birgə nəzarəti gücləndirmək;
4.25. sovet dövründən dondurulmuş əmanətlərin
əhaliyə qaytarılması zamanı ilk növbədə
ahıl və yaşlı insanların əmanətlərinin
qaytarılmasının təmin edilməsi;
4.26. Beynəlxalq
Əmək Təşkilatının "Sosial təminat
(minimum normalar) haqqında" 102 nömrəli və "Əlillik,
yaşlılıq və ailə başçısının
ölümü ilə əlaqədar müavinət
haqqında" 128 nömrəli konvensiyalarının
ratifikasiya edilməsi prosesinə başlanılması.
5. Əmək hüquqlarının
müdafiəsi, əməyin mühafizəsi, texniki və
ekoloji təhlükəsizlik
Əmək
hüquqlarının müdafiəsini, əməyin
mühafizəsini, texniki və ekoloji təhlükəsizliyi əməkdaşlığın
əsas istiqamətlərindən biri kimi qiymətləndirərək
Tərəflər aşağıdakı öhdəlikləri
götürürlər:
5.1. aşağıdakı qanun layihələrini
hazırlamaq:
5.1.1. kimyəvi maddələrin istifadəsi
zamanı təhlükəsizlik barədə;
5.1.2. içməli
su və onun təchizatının keyfiyyəti barədə;
5.2. aşağıdakı məsələlər
barədə proqramlar
hazırlayıb qəbul etmək:
5.2.1. əməyin mühafizəsi və əmək
şəraitinin yaxşılaşdırılması;
5.2.2. torpaqların və su hövzələrinin neft
məhsullarından təmizlənməsi və çirklənməyə
qarşı xəbərdarlıq;
5.3. aşağıdakı normativ sənədləri
işləyib hazırlamaq və təsdiq etmək:
5.3.1. tikintidə əməyin mühafizəsi
üzrə norma və qaydaları;
5.3.2. peşə xəstəliklərinin təhqiqi və
uçota alınması qaydalarını;
5.3.3. yeni və yenidən qurulmuş müəssisənin,
obyektin, istehsal vasitələrinin
əməyin mühafizəsi üzrə sertifikat-pasportunun
verilməsi qaydalarını;
5.4. əməyin mühafizəsi üzrə
mütəxəssislərin hazırlanması,
ixtisaslarının artırılması, təcrübə
mübadiləsinin aparılması üçün şərait
yaratmaq;
5.5. əməyin mühafizəsi tələblərinin
gücləndirilməsi məqsədi ilə əmək
qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər
hazırlamaq;
5.6. qanunvericilikdə nəzərdə tutulmuş
hallarda işçilərin ilkin və dövri tibbi müayinədən
keçirilməsini təmin etmək və bu istiqamətdə
nəzarəti gücləndirmək;
5.7. əmək şəraitindən asılı
olaraq işçilərin müalicəvi-profilaktik yeməklərlə
təmin olunmasına nəzarəti gücləndirmək;
5.8. əmək şəraiti zərərli və təhlükəli
olan istehsalatlarda işləyənlər üçün
kollektiv və fərdi mühafizə vasitələrinin
istehsalını təşkil etmək;
5.9. iş
yerlərində, o cümlədən sənaye müəssisələrində
insanların sağlamlığının qorunması məqsədi
ilə ekoloji təhlükəsizliyi təmin etmək;
5.10. Beynəlxalq
Əmək Təşkilatının "Əməyin təhlükəsizliyi
və gigiyenası haqqında" 1981-ci il tarixli 155 nömrəli,
"Kənd təsərrüfatında əməyin təhlükəsizliyi
və gigiyenası haqqında" 2001-ci il tarixli 184 nömrəli,
"Əmək təhlükəsizliyinin və
gigiyenasının təmin edilməsi əsasları
haqqında" 2001-ci il tarixli 187 nömrəli
konvensiyalarına Azərbaycan Respublikasının
qoşulması üçün tədbirlər görmək;
5.11. alternativ enerji (su, külək və günəş
enerjisi) mənbəyindən geniş istifadə etmək məqsədi
ilə "Azərbaycan Respublikasında alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə olunması barədə
Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsini davam etdirmək;
5.12. əməyin təhlükəsizliyi
normaları və standartları üzrə milli informasiya
sistemini yaratmaq;
5.13. işçilərin təhlükəsiz iş
şəraitini təmin etmək məqsədi ilə nazirlik,
komitə və digər icra
strukturlarında əməyin mühafizəsi xidmətinin
yaradılmasını təmin etmək;
5.14. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq, işəgötürən
tərəfindən işçilərin istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığortalanmasını təmin etmək;
5.15. "Bədən
tərbiyəsi və idman haqqında" Azərbaycan
Respublikası Qanununun 20-ci maddəsinə əsasən:
5.15.1. işçilərə bədən tərbiyəsi
və idmanla, o cümlədən iş rejimi şəraitində
və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi
məşqlərlə məşğul ola bilmələri
üçün lazımi şərait yaratmaq;
5.15.2. işçilərə və onların ailə
üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul
olmaq üçün balanslarında olan idman obyektləri və
bazalarını təmənnasız təqdim etmək, bu idman
obyektlərinin və bazaların saxlanılmasını, əsaslı
və cari təmirini həyata keçirmək;
5.15.3. işçilərin idman klublarında birləşməsinə,
bədən tərbiyəsi və idmanın inkişafı
üçün digər struktur bölmələrinin
yaradılmasına dəstək olmaq;
5.16. işçilərə
əmək qabiliyyətlərinin yüksəldilməsi və
sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi
ilə istirahət evləri, turist bazaları və
sanatoriya-kurort müəssisələrinə müvafiq
göndərişlər (yollayışlar) vermək;
5.17. işçilərin məzuniyyət
dövrünün səmərəli keçirilməsi
üçün istirahət evləri (pansionatlar) yaratmaq və
əməkdaşların istifadəsinə vermək;
5.18. asudə vaxtlarının səmərəli təşkili
üçün idarə, müəssisə və təşkilatlarda
çalışan işçilərin mədəni-kütləvi,
sosial, turist-ekskursiya və idman tədbirlərində
davamlı olaraq iştiraklarını təmin etmək;
5.19. işçilərin əmək qanunvericiliyi və
əməyin mühafizəsi norma və qaydaları barədə
mütəmadi məlumatlandırılması, xüsusilə
gənc nəslin bu sahədə maarifləndirilməsi məqsədi
ilə respublikanın müxtəlif bölgələrində
regional xarakterli seminarlar keçirmək;
5.20. bayramlarla (Yeni il, Novruz bayramı və s.) əlaqədar
nazirlik, komitə, idarə, müəssisə və digər
qurumların əməkdaşlarının azyaşlı
övladları üçün şənliklər təşkil
etmək;
5.21. nazirlik,
komitə, idarə, müəssisə və digər qurumlar tərəfindən
əmək hüquqlarının müdafiəsi, əməyin
mühafizəsi, texniki və ekoloji təhlükəsizlik
qaydalarına əməl olunması məqsədi ilə
Baş Kollektiv Sazişin qüvvədə olduğu müddətdə
həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin
də daxil olduğu komissiyalar yaradılmaqla bu sahədə tənzimləməni
həyata keçirmək.
6. Sosial partnyorluq və Tərəflərin
fəaliyyətinin əlaqələndirilməsi
6.1. Tərəflər
hesab edirlər ki, sosial tərəfdaşlığın
inkişaf etdirilməsi, əsas sosial və iqtisadi məsələlər,
əmək münasibətlərinin tənzimlənməsi
üzrə qərarlar qəbul edilərkən sosial
partnyorluğun imkanlarından daha səmərəli istifadə
olunması zəruridir.
6.2. Bu məqsədlə
Tərəflər aşağıdakı öhdəlikləri
götürürlər:
6.2.1.
sosial-iqtisadi siyasətin əsas istiqamətləri üzrə
müntəzəm məsləhətləşmələr
aparmaq;
6.2.2. sosial-əmək
münasibətləri, əhalinin məşğulluğu,
miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun
və digər normativ hüquqi aktların layihələrini
müzakirə etmək;
6.2.3. sosial tərəfdaşlıq sisteminin
müvafiq qanunverici bazasının təkmilləşdirilməsi
üzrə təkliflər verməklə inkişafına nail
olmaq, sosial tərəfdaşlardan ibarət daimi fəaliyyət
göstərən iqtisadi və sosial məsələlər
üzrə üçtərəfli komissiyanın
yaradılmasını təmin etmək;
6.2.4. "Həmkarlar
ittifaqları haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq işçilərin əmək, sosial və
iqtisadi hüquqlarına dair qanun layihələri və normativ
aktlar hazırlanarkən həmkarlar ittifaqlarının
mövqeyini nəzərə almaq;
6.2.5. Beynəlxalq
Əmək Təşkilatının dəstəyini
almış "İşəgötürənlər birlikləri
haqqında" Azərbaycan Respublikası Qanununun qəbul
edilməsinə səy göstərmək;
6.2.6. işəgötürənlər
təşkilatlarının korporativ sosial məsuliyyət sahəsində
təşəbbüslərini hərtərəfli dəstəkləmək,
"İlin ən yaxşı sosial layihəsi", "Ən
yaxşı kollektiv müqavilə", "Ən
yaxşı sosial məsuliyyətli müəssisə"
müsabiqələrinin təşkil olunmasını nəzərdən
keçirmək;
6.2.7. dövlət əmlakının özəlləşdirilməsi
zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə
almaq məqsədi ilə müəssisələrdə
yaradılan komissiyaların tərkibinə həmkarlar
ittifaqları nümayəndələrinin daxil edilməsini təmin
etmək;
6.2.8. MDB
ölkələrinin Parlamentlərarası Assambleyası tərəfindən
qəbul olunmuş model qanunlardan və digər normalardan milli
qanunvericiliyin təkmilləşdirilməsində istifadə
etmək, bu qurum tərəfindən təsdiq edilən "Səhmdar
cəmiyyətləri haqqında" model qanunun mülahizələrinə
əsasən ölkənin səhmdar cəmiyyətlərinin
rəhbər orqanlarında işçilərin nümayəndələrinin
təmsil olunmasını tövsiyə etmək.
6.3. Tərəflər
həmkarlar ittifaqlarının və işəgötürənlərin
fəaliyyətinə müdaxilə olunmaması ilə
bağlı tanınmış beynəlxalq qərar və
normalara riayət edilməsinə təminat verirlər, həmkarlar
ittifaqları və işəgötürənlər təşkilatlarının
yaradılmasına mane olmurlar, həmkarlar ittifaqlarının
nümayəndələrinin qanunvericiliklə nəzərdə
tutulmuş vəzifələrini yerinə yetirmək məqsədi
ilə respublikanın ərazisində fəaliyyət göstərən
bütün müəssisə və təşkilatlara daxil
olmasına yardım edəcəklər.
6.4. Tərəflər
həmkarlar ittifaqına üzvlük haqlarının idarə,
təşkilat və müəssisələrin
mühasibatlığı vasitəsilə köçürmə
yolu ilə ödənilməsinə razılıq verirlər.
Köçürmələr əməkhaqlarının
ödənilməsi ilə eyni vaxtda aparılır.
6.5. Tərəflər
aşağıdakı məsələlərin həllinə
kömək göstərməyi öhdəlik kimi qəbul
edirlər:
6.5.1. mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, respublikanın ərazisində
yerləşən müəssisələrdə sosial-əmək
münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında
tənzimlənməsi;
6.5.2. iqtisadi imkanlar nəzərə alınmaqla, əmək
qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək,
sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri
əhatə edən sahə (tarif) və ərazi (rayon)
kollektiv sazişlərin və kollektiv müqavilələrin
bağlanılması və həyata keçirilməsi;
6.5.3. sahə kollektiv sazişlərinin və kollektiv
müqavilələrin bağlanması üzərində birgə
nəzarətin gücləndirilməsi;
6.5.4. dövlət
qulluqçusu vəzifəsindən həmkarlar ittifaqı
orqanlarına seçilən və ya təyin edilən
işçilər üçün həmin statusun
saxlanılmasına dair təkliflərin hazırlanması.
6.6. Tərəflər
sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərində və
kollektiv müqavilələrdə müəyyən olunmuş
məqsədlər üçün müəssisə və
təşkilatlarda işləyənlərin əməkhaqqı
fondunun ən azı 0,15 faizini həmkarlar
ittifaqına ayırmasını tövsiyə edirlər.
6.7. Tərəflər
nəzərə alırlar ki, Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi sosial tərəfdaşlar
tərəfindən razılaşdırılmış
göstəricilər üzrə əhalinin həyat səviyyəsinin
statistik müşahidəsini daimi həyata keçirir və
Baş Kollektiv Sazişə Əlavədə əks olunan
göstəricilər barədə yarım ildə bir dəfə
(iyul və fevral aylarında) Tərəflərə məlumat
verir.
6.8. Tərəflər
sosial-əmək və iqtisadi münasibətlər sahəsində
yaranan kollektiv əmək mübahisələrinin
(münaqişələrinin) tənzimlənməsi
üçün onlardan asılı olan bütün zəruri
tədbirləri həyata keçirir, bu sahədə
infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı
təşkil edirlər.
6.9. Hər
bir Tərəf qəbul olunmuş öhdəliklərin
icrasını təmin edən tədbirlər
hazırlayır.
6.10. Tərəflər
götürdükləri öhdəlikləri yerinə yetirmədikdə
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
6.11.
Baş Kollektiv Sazişin icrasına nəzarəti Tərəflərin
müvafiq komissiyaları həyata keçirir və nəticələr
hər ilin yekunlarına görə müzakirə edilir.
6.12.
Baş Kollektiv Sazişdə dəyişikliklər Tərəflərin
qarşılıqlı razılığı əsasında
edilir.
6.13. Baş
Kollektiv Saziş 2012-2013-cü illər üçün
bağlanılır və imzalandığı gündən
qüvvəyə minir.
Yeni danışıqlar qüvvədə
olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək
qurtarmadığı təqdirdə bu Baş Kollektiv
Sazişin qüvvədə olma müddəti Tərəflərin
razılığı ilə üç ayadək uzadıla
bilər.
6.14.
Baş Kollektiv Sazişin icrası və sosial-əmək
münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin
fəaliyyətini işıqlandırmaq məqsədi ilə
Tərəflər sosial tərəfdaşlığın
inkişafına həsr edilmiş materialları
respublikanın kütləvi informasiya vasitələri ilə
yayırlar.
6.15.
Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə başqa hal nəzərdə
tutulmayıbsa, mülkiyyət formasından asılı
olmayaraq bütün müəssisə, idarə və təşkilatlara
şamil edilir.
Kollektiv Sazişə Əlavə
Əsas sosial-iqtisadi göstəricilər
Ümumi
daxili məhsul (mln. manatla)
Əsas
kapitala investisiyaların ümumi daxili məhsulda payı (faizlə)
Sosial-mədəni
tədbirlərə ölkə büdcəsindən
ayrılan xərclər
(mln.manatla)
Ümumi
daxili məhsulda faizlə (hər il may
ayının ikinci ongünlüyü)
Daimi əhalinin
sayı (hər il may ayının ikinci
ongünlüyü)
Orta ömür uzunluğu
(hər il may ayının ikinci ongünlüyü)
Doğum əmsalı
Ölüm əmsalı
Əhalinin təbii
artımı (min nəfər 10000 nəfər əhaliyə)
Orta hesabla
adambaşına düşən pul gəlirləri (manatla)
Sərəncamda
qalan real pul gəlirləri (manatla)
Hesablanmış
orta aylıq əməkhaqqı (manatla)
nominal (manatla, faizlə artım)
real (faizlə artım)
iqtisadiyyatın sahələri üzrə (manatla)
Ümumi
daxili məhsulda əməkhaqqının xüsusi çəkisi
Təyin
olunmuş pensiyalar (kompensasiyalar nəzərə alınmaqla):
orta aylıq məbləğ (manatla)
nominal (manatla, faizlə artım)
real (faizlə artım)
İstehlak
mallarının qiymət indeksi
Ailə
büdcəsindən qida üçün sərf olunan orta məbləğ
(manatla)
İqtisadiyyatda
məşğul olanların sayı (min nəfərlə)
İqtisadi fəal
əhalinin sayı (min nəfərlə)
Məşğul
olan işçilərin bölünməsi (min nəfərlə):
status üzrə (hər il may ayının
ikinci ongünlüyü)
sahələr üzrə
Qeydə
alınmış işsizlərin sayı (min nəfərlə)
İşsizlik
statusu olanların sayı (min nəfərlə)
Bir iş
yeri vakansiyasına düşən işsizlərin sayı
İstehsalat
xəsarətləri (zədələri)
o cümlədən:
ölümlə nəticələnən;
ağır və təhlükəli əmək
şəraitində
İşləyənlərin
xüsusi çəkisi (faizlə) (hər il
may ayının ikinci ongünlüyü)
o cümlədən qadınların
Əsas
növlər üzrə peşə xəstəlikləri (hər
il may ayının ikinci
ongünlüyü).
Azərbaycan.- 2012.- 13 mart.- S. 8; 9.