Daxili Qoşunların yaranmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

Martın 12-də Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Baş İdarəsində bu qurumun yaranmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov iştirak etmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə general-polkovnik Ramil Usubova raport vermişdir.

Dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi tədbirə Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Döyüş Bayrağı gətirilmişdir.

Sonra ümummilli lider  Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Daha sonra DQ-nin iyirmi il ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən general-leytenant Zakir Həsənov ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar Günü elan olunduğunu xatırlatmışdır.

Qeyd olunmuşdur ki, müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə müxtəlif qüvvələrin tez-tez bir-birini əvəzləməsi, səriştəsiz idarəçilik, xalqın mənafeyinin şəxsi maraqlara qurban verilməsi, ölkəmizin zorla cəlb olunduğu müharibə və bu qəbildən olan digər hallar ölkədə xaotik durumun formalaşmasına rəvac vermiş, xarici təhlükələrin miqyası böyümüş, daxili sabitlik ciddi şəkildə pozulmuşdur. Yalnız ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan sabitdinamik inkişaf yoluna çıxmış, ölkəmizdə möhkəm özüllər üzərində qurulan nümunəvi ictimai-siyasi sabitliyin, əmin-amanlığın yaradılmasına nail olunmuşdur.

DQ komandanı xüsusilə vurğulamışdır ki, ötən illər ərzində sözügedən qurum ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olmuş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxmışdır. DQ-nin şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmişdir. Ümumiyyətlə, döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların 496 hərbi qulluqçusu həlak olmuş, 1166-sı yaralanmış, 268 nəfər itkin düşmüş, 9 əməkdaş "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqətindən kənarda qalmamış, bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülmüşdür.

Rəhbərlik etdiyi qurumun yüksək döyüş hazırlığına malik olduğunu deyən general-leytenant Z.Həsənov bildirmişdir ki, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə diqqət və qayğısı nəticəsində DQ-də davamlı inkişaf prosesi gedir. Həyata keçirilən islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti baxımından son illər yeni inkişaf dövrü kimi xarakterizə olunur. Təsadüfi deyil ki, maddi-texniki bazanın möhkəmləndirilməsi, kazarma-yaşayış fondunun daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində hərbi hissələr müasir texnika və rabitə sistemləri ilə təchiz olunmuş, istifadədə olan silah, texnika, xüsusi vasitə və avadanlıq ən yüksək beynəlxalq standartlara cavab verir. Ötən il Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədi ilə Orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb yaradılmışdır.

Sonra daxili işlər naziri general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırmışdır.

Silahlı Qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayan general-polkovnik Ramil Usubov DQ-nin şəxsi heyətinin ərazi bütövlüyümüzsuverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən biri olduğunu xüsusilə qeyd etmişdir.

Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini tədbir iştirakçılarının nəzərinə çatdıran Ramil Usubov müstəqilliyimiz ilə yaşıd olan bu qurumun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan xalqına, dövlətçiliyinə xidmət Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamətdir.

Daxili Qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayan nazir bu gün yüksək nizam-intizama, peşəkar hazırlığa malik olan DQ-də xüsusi bir döyüş ruhu yaşandığını diqqətə çatdırmış və bunun heç də təsadüfi olmadığını bildirmişdir. Azərbaycan Prezidentinin dəfələrlə hərbi hissələrə getməsinin, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olmasının hər bir hərbi qulluqçunun döyüş əzminin daha da yüksəlməsinə böyük stimul verdiyini, dövlət başçısının Silahlı Qüvvələrin tərkib hissəsi kimi Daxili Qoşunların təkmilləşməsinə, peşəkarlığının yüksəldilməsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışdır. Məhz belə diqqət və qayğı nəticəsində Daxili Qoşunların sosial-məişət problemlərinin son illər çox sürətlə öz həllini tapdığını deyən nazir zabitlər üçün xidməti yaşayış komplekslərinin tikilməsinin, müasir standartlara uyğun əsgər yataqxanalarının istifadəyə verilməsinin bunun bariz nümunəsi olduğunu bildirmişdir.

General-polkovnik Ramil Usubov Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələrin öhdəsindən ümumən uğurla gəldiyini diqqətə çatdırmış və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, şəxsi heyət qarşıda qoyulan bütün vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, Vətənə, Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətli xidmətini əzmlə davam etdirəcəkdir.

Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar, daxili işlər nazirininnazir müavini - Daxili Qoşunlar komandanının müvafiq əmrləri elan olunduqdan sonra general-polkovnik Ramil Usubov xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar, bir qrup əməkdaşa isə rütbə və mükafatlar təqdim etmişdir.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 9.