ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın narkotik maddələrin qeyri qanuni dövriyyəsinə qarşı uğurlu mübarizəsi yüksək qiymətləndirilmişdir

 

ABŞ Dövlət Departamenti "Beynəlxalq narkotiklərə nəzarət Strategiyası 2012" adlı son hesabatını yaymışdır. Hesabatda Azərbaycanda narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı uğurlu mübarizədə Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin rolu yüksək qiymətləndirilmişdir.

Hesabatda bildirilir ki, Azərbaycan BMT-nin narkotik və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyasına qoşulan ilk Cənubi Qafqaz dövlətlərindən biridir. Məhz Azərbaycanda ilk dəfə olaraq regionda narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması üçün xüsusi polis bölüyü yaradılmışdır.

Hesabatda Azərbaycan hökumətinin Mərkəzi Asiya üzrə Regional İnformasiya və Koordinasiya Mərkəzində və Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və həyata keçirilən "Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsində fəal iştirakı xüsusi vurğulanır.

Hesabatda, həmçinin 2011-ci ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə narkotiklərlə mübarizə üzrə beynəlxalq konfransın keçirilməsinin Azərbaycan hökumətinin narkotiklərlə mübarizəyə göstərdiyi xüsusi diqqətin bariz nümunəsi olduğu qeyd edilir.

Bundan əlavə, Azərbaycanın BMT-nin Korrupsiyaya Qarşı Mübarizə və "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" konvensiyalarında fəal iştirakı yüksək dəyərləndirilir.

Baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov mətbuata bildirmişdir ki, 2010-cu ildə Azərbaycan hökuməti tərəfindən 1.859 kiloqram qeyri-qanuni narkotik vasitə müsadirə edilmişdir ki, bunun 1.200 kiloqramı Milli Təhlükəsizlik Nazirliyinin, 359 kiloqramı Dövlət Sərhəd Xidmətinin və 300 kiloqramı Dövlət Gömrük Komitəsinin payına düşür.

Hesabatda Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə istinadən bildirilir ki, son illərdə narkotiklərin qeyri-qanuni daşınması cəhdlərinin artmasına baxmayaraq, bunların qarşısı uğurla alınır. Azərbaycan sərhədlərinin müdafiəsi üzrə infrastruktur hökumətin səyləri sayəsində inkişaf etdirilmişdir.

Hesabatda Azərbaycan hökumətinin istər quru, istərsə də su sərhədlərini daha yaxşı müdafiə etməsi, sərhədçilərin daha yaxşı öyrədilməsi və ən yüksək texnologiyalarla təmin edilməsi üçün bir çox ölkələrin, xüsusilə ABŞ-ın aidiyyəti qurumları ilə yaxından əməkdaşlıq etməsi də qeyd olunur.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 9.