Azərbaycan ilə
Qazaxıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
Martın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Qazaxıstanın xarici işlər nazirinin müavini Amangəldi Jumabayev ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə A.Jumabayev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdırmışdır. Qazaxıstanın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyən nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında müxtəlif məsələlərə dair qarşılıqlı dəstəyin olduğunu və bu sahədə işbirliyinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. A.Jumabayev ölkəsinin bu regionun sabitliyində və inkişafında maraqlı olduğunu qeyd edərək Azərbaycan tərəfinin Qazaxıstan məhsullarının dünya bazarına çıxarılması istiqamətində dəstəyini yüksək qiymətləndirmişdir.
Görüşdə tərəflər ölkələrimiz
arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsindən
məmnunluq ifadə edərək bu istiqamətdə
işin davam etdirilməsinin
vacibliyini vurğulamışlar.
Azərbaycan.- 2012.- 13 mart.- S. 9.